Ermənistan himayədarının üzünə ağ olur
Digər xəbərlər

Ermənistan himayədarının üzünə ağ olur

Rusiya rəsmiləri işğalçı dövlətə sərt mesajlar göndərir

Ermənistanın reallaşmayan arzuları siyahısında Rusiyaya bağladığı ümidlər xüsusi yer tutur. Paşinyan öz ərazi iddialarını ortaya ataraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Azərbaycana qarşı çıxmasına cəhd edirdi. Lakin KTMT-yə üzv dövlətlər bundan imtina etmişdi. Bunun ardınca, Rusiya mediasında ermənilərin bu hərəkətlərini təhlil edən yazı yayımlandı. Orada belə qeyd edilir: "Ermənistanın siyasi elitasının nümayəndələri son zamanlar öz ifadələrindən çəkinmirlər. Hakim elitadan getdikcə daha açıq şəkildə anti-Rusiya xarakteri daşıyan bəyanatlar eşidilir. Bu gün başlamayıb, amma bu, gözlənilən idi. 2018-ci ilin "məxməri inqilab"ından əvvəl Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT və Avrasiya Birliyindən çıxmasını fəal şəkildə müdafiə edən "Yelk" parlament fraksiyasının rəhbəri olub".

Xarici İşlər naziri Sergey Lavrov da müsahibələrinin birində Ermənistanın uzun illər Azərbaycanın Qarabağ ətrafında yerləşən 7 rayonunu işğal etdiyini deyib. "Qarabağ müharibəsinin tarixi onilliklərlə ölçülür. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan həmin əraziləri geri qaytarıb. Rusiya çoxsaylı həll variantları təklif etsə də, Ermənistanın hələ keçmiş rəhbərliyi bu variantları müsbət qəbul etmirdi və heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamağa çalışırdı", - deyə nazir bildirib.

Politoloq Aleksandr Duqin yazırdı ki, Rusiya rəsmiləri İkinci Qarabağ müharibəsindən qabaq da Ermənistana razılaşma ilə bağlı xəbərdarlıq edirdi, lakin Ermənistan tərəfi bunu vecinə almırdı: "Ya Paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, növbəti dəfə səhv ediblər. Buna görə də yenidən inqilab edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar nəhəng gücdür. Ermənistan onu qəzəbləndirməməlidir", - deyə qeyd edirdi.

Ermənistan tərəfinin illər boyu törətdiyi vəhşi əməllər indi üzə çıxır. Rusiya rəsmiləri isə əlbəttə ki, artıq buna göz yummurlar. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev hələ müharibə zamanı qeyd edirdi ki, dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir: "Son vaxtlar Ermənistanın rəsmi orqanlarının yalnız bir şeyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Səmimi, istiqanlı insanların yaşadığı gözəl Gəncə şəhərinin atəşə tutulması, bu zaman 9 nəfərin həlak olması, daha 34 nəfərin yaralanması rəsmi Ermənistanın günahı kimi qalacaq. Şəhərin atəşə tutulmasından sonra sosial şəbəkələrdə yerləşdirilmiş kadrlarda dağıdılmış evləri görəndə insanın ürəyi sıxılır". O, müharibə zamanı daima Ermənistan tərəfindən işğal edilmiş rayonların mərhələli şəkildə Azərbaycana qaytarılmasını tələb edirdi. Bununla yanaşı, o, azərbaycanlı qaçqınların qayıtması və Dağlıq Qarabağın taleyinin müəyyən olunmasının vacibliyini vurğulayırdı.

Həmçinin D.Savelyev bildirir ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı və bilavasitə qonşusudur. Azərbaycanın Cənubi Qafqazda böyük və iqtisadi cəhətdən inkişaf etmiş dövlət olduğunu da qeyd edən Dmitri Savelyev anti-Rusiya aksiyalarına da öz münasibətini bildirib: "Ermənistan Rusiyanın sayəsində birtəhər mövcud olduğu indiki vəziyyətdə Qərbə doğru yolverilməz meyl edir. Nəzərinizə çatdırım ki, Ermənistan indi nəinki monoetnik dövlət kimi yaşayır, həm də hər hansı bir yolla rus dilinin yayılmasının qarşısını alır. Məsələn, öz ərazisində cəmi üç rus məktəbinin fəaliyyət göstərməsinə imkan yaradır". Danılmaz faktdır ki, Ermənistan tarix boyu həmişə öz ikili siyasətindən əl çəkməyib. Gah Qərbə, gah da Rusiyaya yönəlməsi isə buna əyani nümunədir. Ermənistanın gözü həmişə yüksəklərdə olub, lakin Puşkinin məşhur nağılında  deyildiyi kimi: Ermənistan çoxu istəyib, azdan da oldu. Bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko mətbuat konfransında deyib. O, rəsmi Bakının tamamilə qanuni və beynəlxalq hüquq normalarına uyğun addımlar atdığını, həmçinin Azərbaycanın çox effektiv və dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb. Bu sözlərdən sonra erməni lobbisi Korotçenkoya hədə-qorxu gələrək onu öldürməklə təhdid etmişdilər. Onlar düşünürdülər ki, bizi və ölkəmizi haqq mübarizəsində dəstəkləyən tərəfdaşlarımızı qorxuda bilərlər. Lakin Ermənistan və tərəfdaşları unutmamalıdır ki, Azərbaycan heç zaman haqsızlığa boyun əymir, öz haqq mübarizəsindən dönmür, heç vaxt da dönməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".