Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə, körpənin beyni ilə...

Yeni bir araşdırma, qadınların  şübhələrini təsdiqləyib. Belə ki, Deakin Universitetinin  alimləri  hamiləlik müddətində ananın beyni ilə  körpənin beyninin əlaqədə olduğunu ortaya çıxarıblar.

Adətən bəzi qadınlar hamiləlik dövrlərində ətraf mühitdə baş verənləri izləməkdə çətinlik çəkirlər. Nizamlı yadda saxlamaq üçün davamlı olaraq qeydlər aparmaq məcburiyyətində olduqlarından, hətta iş həyatına geri dönməkdən qorxduqlarından bəhs edirlər. Araşdırmaların nəticələri göstərib ki, bu cür problemlər körpənin beyninin  inkişafı ilə əlaqəli ola bilər.

Təcrübəyə 1230 qadın cəlb edilib. Onların 709 nəfəri hamilə, 521-i isə hamilə olmayan fərdlər olub. 20 fərqli tədqiqatın nəticələrini araşdıran tədqiqatçılar hamiləlik dövrünün son mərhələlərində anaların beynindəki boz maddənin azaldığını ortaya çıxarıblar. Alimlər belə qənaətə gəliblər ki, hamilə qadınların beyinlərindəki bu azalmanın təməl səbəbini gün keçdikcə körpənin beyninin inkişafı ilə əlaqələndiriblər. Ana beynindən körpə beyninə edilən  qatqı sayəsində körpə inkişaf edir. Bu səbəbdən də gənc analar ictimai və əqli sahələrdən məsul olan beyin bölgələrində itkilər yaşayırlar. Kompleks işlərdə qabiliyyətlərin azalması, iş keyfiyyətinin düşməsi, unutqanlıq və ictimai əlaqələrdə yaşanan çətinlik anaların uşaqları üçün etdikləri bioloji fədakarlıqdan qaynaqlanır.

 

Çantalar bu günümüzə necə gəlib?

Qadınların əvəzolunmaz aksesuarlarından birinə  çevrilən  ilk çantalar  sözün əsl mənasında təbiət tərəfindən bəxş edilmişdir. Onlar əsasən yarpaqlardan və heyvanların dərisindən hazırlanırdı. Başlanğıcda yalnız gözəllik elementi kimi istifadə edilsə də, sonralar qadınların ən vacib aksesuarına çevrilmişdir. Saç  düzümləri, geyimlər və s. dəb dəyişikliyi kimi çantalar da forma etibarilə dəyişilməyə başlamışdır. Bəs onlar bu günümüzə necə gəlib çatıb?

Çantalar rəsmi olaraq  XIV əsrdən bu günümüzə gəlib çatmışdır.  XV əsrdən isə ondan nəinki qadınlar, hətta kişilər də istifadə edirdilər. Kişilər həmin çantaları kəmərlərinə bərkidirdilər ki, bu da əlavə cib mənasını ifadə edirdi. Qadınlar isə çantaların  yalnız iplərindən tutaraq istifadə edirdilər. Zaman irəlilədikcə qadınlar çantalardan daha çox istifadə etməyə başladılar. Bu çantalar da sahibinin hansı statusa malik olmasından xəbər verirdi.

XVII əsrdə çantalar  dəri  kisəni  xatırladırdı. Bu isə   qadınların çantalarına təkcə özlərinə məxsus ləvazimatları deyil, digər lazımlı əşyaları da qoymaq üçün nəzərdə tutulmuşdur.  XVIII əsrdə çantalar əsasən məxmərdən hazırlanırdı. Bu çantalar XV Lüdovikin sevimlisinin şərəfinə "pompadur" adlandırılırdı. Bu tip çantalar gündəlik istifadəsi mümkün olmasa da tələbatı ödəyəcək ən böyük kəşf idi. 1790-cı il çantaların əldə tutularaq istifadə olunması ili kimi qeyd olunmuşdur. Bu yenilik əsasən fransız inqilabı ilə əlaqədar idi. 1804-cü ildə yerdəyişmə prosesi baş verdi. Bu prosesin əsas məğzi onda idi ki, kişilər əllərini ciblərində saxlamalı, qadınların isə ciblərini çantaları əvəz etməli idi. XIX əsrdə isə  çantalar daha yeni görkəm alaraq dünyanın bir çox ölkələrində yayılmağa başladı. XX əsr çanta tarixinin çiçəklənmə dövrü hesab olunur.

 

Tənhalıq görün nəyə səbəb olurmuş...

Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yaşlı insanların sosial təcridi onların  beyin həcminin azalmasına səbəb ola bilər.

Təcrübə zamanı yaşı 65-dən yuxarı 8896 nəfərin MRT görüntüləri araşdırılıb. Tədqiqatda iştirak edən könüllülərdən onlarla yaşamayan qohumları və dostları ilə nə qədər tez-tez   görüşdükləri və ya telefonla  ünsiyyət qurduqları barədə soruşulub. Məlum olub ki, ən aşağı səviyyədə sosial təmasda olan insanlar digərlərinə nisbətən əhəmiyyətli dərəcədə kiçik  beyin həcminə sahibdirlər. Belə ki, ən az ünsiyyətdə olan insanların beynindəki ağ və boz maddənin  həcmi 67,3 faiz, ən yüksək təmas qrupunun üzvlərində isə 67,8 faiz təşkil edib. Bundan əlavə, ən az ünsiyyət quran insanlarda, həmçinin yaddaşın inkişafında böyük  rol oynayan, demensiya ilə əlaqəli olan hipokampus və amigdala kimi beyin bölgələri daha aşağı həcmə malikdir.

Məlumat üçün qeyd edək ki, hipokampus Alzheimer xəstəliyinin ilkin olaraq  təsir etdiyi bölgələrdən biri hesab edilir.  Alimlər düşünürlər ki, yaşlı insanlarda sosial təmasın olmaması tədricən onların beyninin  kiçilməsini sürətləndirir, bu isə  demansiyanın inkişafına zəmin yaradır. Onu da qeyd edək ki, əvvəlki araşdırmalarda da dəfələrlə  bu nəticəyə gəlinmişdir.

"Sosial təcrid yaşlılar üçün getdikcə böyüyən problemdir. Bütün bu nəticələr göstərir ki, belə insanlarda beyin atrofiyası və demensiyanın inkişafının qarşısını almaq üçün onların  başqaları ilə ünsiyyət qurmasına kömək etmək  faydalı ola bilər", - deyə tədqiqat rəhbəri dr. Toşiharu Ninomiya  qeyd edib.

 

Maqnit qasırğası nədir və ondan necə qorunaq?

Maqnit qasırğaları Günəşdəki partlayışlar zamanı Yerin maqnit sahəsində pozuntuların əmələ gəlməsi nəticəsində baş verir. Belə dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər. Maqnit dalğasında kiçik bir artım belə insan  sağlamlığına təsirsiz qalmır. Bəs özümüzü bu problemdən necə qoruya bilərik?

Maqnit qasırğası ən çox yaşlılar və hava şəraitindən asılı - meteoshəssas insanlar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar üçün təhlükəlidir. Günəş aktivliyinin yüksək olduğu günlərdə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, bel ağrısı, yüksək qan təzyiqi, yuxusuzluq, zəiflik, xroniki xəstəliklərin kəskinləşməsi və s. simptomlar baş verə bilər.

Mütəxəssislər belə bir problemlə qarşı-qarşıya qalmamaq üçün gündəlik qida rejimində yağlı, qızardılmış, ədviyyatlı, turş və nişastalı qidaların istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.  Daha çox göyərti, meyvə və tərəvəz yeməyə üstünlük vermək düzgün hesab edilir. Bundan əlavə,  açıq havada daha çox olmaq, yatmazdan qabaq duş qəbul etmək, zərərli vərdişlərdən uzaq durmaq, normal yuxu rejiminə riayət etmək və evi tez-tez havalandırmaq tövsiyə olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".