Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anılıb
Sosial həyat

Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anılıb

Masallıda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərli doğum günündə keçirilib.

Şəhidin adını daşıyan Masallı şəhər 3 saylı tam orta məktəbində baş tutan  tədbirdə  rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, “Təbəssüm yarat” ictimai birliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər. Əvvəlcə Dövlət himni oxunub, Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Respublika” xəbər verir ki, tədbirdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərə daim ehtiram göstərildiyini bildirən rayon rəhbəri A.Əhmədov həyat yolları   gələcək nəsillərə örnək olduğunu söyləyib.

 Çıxış edənlər Vətən yolunda şərəfli ölümü bütün Azərbaycan xalqına baş ucalığı gətirən şəhid İntiqam Əsgərlinin əbədiyaşar  həyatı və döyüş yolundan danışıblar. İntiqam  Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünya göz açıb. Vətəninə, yurduna sonsuz məhəbbətlə  boya-başa çatan elin sevimli oğlu orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirib Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu mükəmməl  başa vurub.  Aprel döyüşlərində hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. İntiqam Əsgərli onu özü döyüş meydanından çıxardıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına  əbədiyyətə qovuşub.

Vətənini canından əziz tutan  ölməz igidimiz İntiqam  Əsgərli  ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına  görə medalları ilə təltif olunub. Şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri onun adını daşıyır. Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.

Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etməklə bərabər, həm də deyiblər ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər səhifəsi kimi yazılın Vətən müharibəsi müqəddəs Qarabağı bizə qaytardı. Bu haqq savaşımızda iki oğlumuz şəhid oldu.  Torpaq  uğrunda ölən varsa, Vətəndir. Bütün qəhrəmanlar xalqın fəxridir. Bizim oğullar da belə...

Mərasim iştirakçıları Masallı şəhər Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə kompleksini, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin  uyuduğu müqəddəs yeri ziyarət edib, dərin ehtiram əlaməti olaraq məzarı üstə gül dəstələrini  düzüblər.  

Zəfər ORUCOĞLU,

"Respublika".