Qubada yaşayan dağ yəhudiləri Roş Ha-Şana bayramını qeyd edirlər
Region

Qubada yaşayan dağ yəhudiləri Roş Ha-Şana bayramını qeyd edirlər

Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş Ha-Şana bayramını qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbə sakinləri yəhudi təqviminə görə 5784-cü ilin gəlişini qarşılayırlar. Roş Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir. Bu ilin təqviminə əsasən 15-17 sentyabr bayram günləridir.

Roş Ha-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir.

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxaylov deyib ki, bayram günlərində qəsəbədə hər kəs öz ailəsi, doğmaları ilə bu bayramı qeyd edir. Yeni ilin ilk 10 günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs "Tövrat"ı oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur" gününü qeyd edirlər.

Qırmızı qəsəbə sakinləri yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram günündə dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi" adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması, milli mədəniyyət mərkəzi və Dağ Yəhudiləri muzeyi fəaliyyət göstərir.