DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

POLŞA PREZİDENTİ: UKRAYNA TAXILINA EHTİYACIMIZ YOXDUR

“Polşanın Ukrayna taxılına ehtiyacı yoxdur. Embarqonun məqsədi respublikanın ərzaq təhlükəsizliyi olub”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Ukraynadan taxıl idxalına qadağa qoyan Polşa prezidenti Anjey Duda bu barədə ölkə radiostansiyasında çıxış edib və qərarını düzgün adlandırıb.

“Fermerlərimizin əməyi sayəsində özümüzü təmin edirik. Bizə Ukraynadan taxıl lazım deyil. Müharibə zamanı əldə edilmiş əla məhsullar, demək olar ki, həqiqətən ehtiyacı olan ölkələrə çatmadı”, - deyə prezident bildirib.

Məlumata əsasən, Polşanın Ukrayna taxılından imtina etməsinə baxmayaraq, Ukrayna kənd təsərrüfatı məhsullarının Polşa ərazisindən daşınması və daha sonra ixraca çıxarılması üçün tranzit dəhlizlərinin hazırlanması qərara alınıb.

“Düşünürəm ki, Polşa hökumətinin Ukrayna taxılının Polşa bazarında satışına qoyulan qadağanı saxlaması düzgün qərar idi. Bununla belə, tranzit həcminin mümkün qədər yüksək olmasını təmin etmək üçün imkan daxilində olanı etmək lazımdır”, - deyə A.Duda vurğulayıb.

VİKTOR ORBAN: İSVEÇİN NATO ÜZVLÜYÜNÜ TƏSDİQLƏMƏYƏ TƏLƏSMİRİK

“İsveçin Alyansa üzvlüyünü təsdiqləməyə tələsmirik”. “Trend” agentliyinin məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

“İsveçin təhlükəsizliyini təhdid edən heç bir vəziyyət yoxdur. Buna görə də NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur”, - deyə Viktor Orban bildirib.

Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iyunun 14-də bəyan etmişdi ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur. “Bu cür tənqidlər İsveçin NATO üzvlüyünü təsdiqləməmək üçün əsaslı səbəbdir”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Budapeşt hökuməti iyunun 28-də İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi sessiyasının payıza qədər təxirə salındığını elan edib.

ÇİN HƏRBİ BLOKLARIN GENİŞLƏNMƏSİNIN ƏLEYHİNƏDİR

Pekin başqa dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərən hərbi blokların genişlənməsi əleyhinədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.

“Biz hər bir tərəfin təhlükəsizliyi üçün əlverişli mühit yaratmalıyıq. Ümumi, hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasını müdafiə etməli, ölkələr arasında fikir ayrılıqlarının və mübahisələrin dialoq və məsləhətləşmələr yolu ilə həllində israrlı olmalıyıq. Qanuni təhlükəsizlik narahatlıqlarına qarşılıqlı hörmət etməli və özbaşına hərbi genişlənmə bloklarına və digər dövlətlərin ətrafında təhlükəsizlik məkanını sıxışdırmağa qarşı çıxmalıyıq”, - deyə nazir brifinq zamanı bildirib.

Bununla yanaşı, Van İ hesab edir ki, beynəlxalq ictimaiyyət biotəhlükəsizlik, internet təhlükəsizliyi, məlumat və süni intellekt və digər sahələrdə əməkdaşlığı gücləndirməlidir.

XİN başçısı həmçinin qeyd edib ki, qlobal iqtisadi inkişaf məsələləri yenidən beynəlxalq gündəmin əsas mövzusuna çevrilməlidir.

RUSİYA MƏRKƏZİ BANKI YENİ ƏSKİNASLAR TƏQDİM EDƏCƏK

Rusiya Bankı 2023-cü ilin oktyabrında 1000 və 5000 rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır. “Report” agentliyinin məlumatına görə, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov bildirib.

“Biz yeni əskinasları oktyabrda təqdim etməyi planlaşdırırıq. Ənənəyə uyğun olaraq, “Qoznak”la birgə mətbuat konfransı keçirəcəyik. Əskinaslar olduqca müasirdir”, - sədr müavini vurğulayıb.

Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə 1000 və 5000 rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq.

“Bu, ümumi prinsipdir - nominal nə qədər yüksək olsa, təhlükəsizlik kompleksi bir o qədər mürəkkəbdir”, - deyə Sergey Belov əlavə edib.

ABŞ PREZIDENTİ SAKİT OKEAN ÖLKƏLƏRİNİN LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

ABŞ prezidenti Cozef Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb. “TRT” telekanalının verdiyi xəbərə görə, Cozef Bayden ABŞ-Sakit okean ölkələri sammiti çərçivəsində Ağ Evdə Sakit okean ölkələrinin liderlərini qəbul edib.

Sakit okean ölkələri ilə daha güclü tərəfdaşlıq qurmaq istədiklərini bildirən Cozef Bayden bu kontekstdə atdıqları addımlardan danışıb.

ABŞ prezidenti iqlim dəyişikliyinə görə artan dəniz səviyyəsinin  Sakit Okean ölkələri üçün təhlükə yarada biləcəyinə dair xəbərdarlıqlardan məlumatlı olduqlarını ifadə edərək, böhrana hazırlıq üçün bu bölgəyə 20 milyon dollardan çox əlavə yardım edəcəklərini açıqlayıb.

Eyni zamanda, dövlət başçısı bildirib ki, onun administrasiyası Konqreslə birlikdə Sakit Okean Adaları İnfrastruktur Təşəbbüsü çərçivəsində bu ölkələrin infrastrukturuna 40 milyard dollar sərmayə yatırmaq üçün işləyir.

ABŞ-ın Hind-Sakit okean regionunun azad, açıq, firavan və təhlükəsiz olmasını təmin etməkdə qərarlı olduğunu bildirən Cozef Bayden bu məqsəd istiqamətində təhlükəsizlik sahəsində region ölkələri ilə birlikdə çalışacaqlarını qeyd edib.

TÜRKİYƏ BU İL REKORD SAYDA TURİST QƏBUL EDİB

Türkiyə turizm statistikasında yeni rekordlara imza atmaqda davam edir. İlin sonuna qədər ölkənin 60 milyondan çox turist qəbul edəcəyi proqnozlaşdırılır ki, bu da Türkiyəni dünyanın ən populyar turizm yerləri sıralamasında üçüncü yerə yüksəldəcək. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bu gün 2022-ci ilin yekunlarına görə, Avropa ölkələri arasında 82 milyon turist ilə Fransa birinci, 74 milyon turistlə İspaniya ikinci yeri tutur. Üçüncü yerdə adətən İtaliya dayanır. Belə ki, bu Aralıq dənizi ölkəsini bir ildə orta hesabla 50 milyondan çox insan ziyarət edib. Əgər Türkiyə illik planını yerinə yetirsə, İtaliyanı çox geridə qoyacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin səkkiz ayında ölkəyə artıq 33,4 milyona yaxın xarici turist gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur. Bu rəqəmə xaricdə yaşayan və doğma ölkənin kurortlarına gələn 3,3 milyondan çox türkü də əlavə etmək də doğru olardı. Beləliklə, Türkiyəyə gələnlərin ümumi sayı təxminən 37 milyona çatıb. İlin sonuna qədər Türkiyə turizmdən 56 milyard dollar gəlir əldə etmək niyyətindədir.

GÜRCÜSTANDAN RUSİYAYA AVTOMOBİL İXRACI ILƏ BAĞLI QADAĞA

Gürcüstan hakimiyyəti Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına qadağa qoyub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, reeksportuna və ya tranzitinə qadağa tətbiq olunacaq”, - deyə mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, söhbət mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərdən gedir. Həmçinin qadağa hibrid avtomobillərə və elektromobillərə də şamil edilir.

Gəlirlər Xidmətinin açıqlamasına əsasən, məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.

Hazırladı:

Vamiq Abbasov,

“Respublika”.