DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SAAKAŞVİLİNİN TƏXRIBAT PLANLARI AÇIQLANIB

“Gürcüstan hakimiyyəti aclıq aksiyası keçirən eks-prezident Mixeil Saakaşvilini həbsxanadan özəl klinikaya köçürməkdən imtina edir, çünki bunun tibb müəssisəsi ətrafında iğtişaşlara səbəb olacağından narahatdır”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində bəyan edib.

Baş nazir iddia edib ki, təhlükəsizliyi olmayan mülki sektor sayılan xəstəxanaya yerləşmə Saakaşvilinin planının bir hissəsidir. “Onun planına görə, biz onu özəl klinikaya köçürməliyik. Bundan sonra onun planı xəstəxananın yerləşdiyi əraziyə 4-5 və ya 10 min nəfəri səfərbər etməkdir. Biz bununla ora polis və xüsusi vasitələri göndərməliyik, nəticədə xaos və iğtişaşların içinə düşməliyik”, - deyə İrakli Qaribaşvili bildirib.

Bununla yanaşı, baş nazir eks-prezidentin aclıq aksiyasına da münasibət bildirib. O deyib: “Hər insanın intihar etmək hüququ var və dövlət buna görə məsuliyyət daşımır. Qanunda bildirilir ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, lakin təbii ki, dövlət bunun üçün məsuliyyət daşımayacaq”.

Gürcüstan hökumətinin başçısı Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiya edilməsini və ya vaxtından əvvəl azadlığa buraxılmasını da istisna edib. Onun fikrincə, bu, hökumətin ölkə qanunlarına hörmət etməməsi anlamına gələ bilər.

 

ÜST-ÜN BAŞ DİREKTORU VƏZİFƏSİNƏ CƏMI BIR NAMİZƏD VAR

Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni baş direktoru vəzifəsinə yeganə namizəd olub. “APA”nın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tedros Adhanom Qebreyesus 2022-ci ilin mayında təşkilatın baş direktoru vəzifəsinə seçkilərdə yeganə namizəd kimi qeydə alınıb.

Xatırladaq ki, namizədlərin ərizələrinin qəbulu sentyabrın 23-də başa çatıb. ÜST-ün hazırkı baş direktoru Tedros Adhanom Qebreyesusun namizədliyi təşkilata üzv 28 ölkə tərəfindən irəli sürülüb.

Məlumat üçün qeyd edək ki, ÜST-ün növbəti baş direktoru 2022-ci ilin mayında 75-ci Ümumdünya Səhiyyə Assambleyası zamanı seçiləcək.

 

ABŞ-IN HİPERSƏSLİ SİLAHIN SINAĞINI TƏXIRƏ SALMASININ SƏBƏBI MƏLUM OLUB

Bu ilin iyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən də az vaxt qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr etdiyi məlum olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir Putinlə çətin danışıqlara hazırlaşırdı və Amerika administrasiyası sammit öncəsi bu cür təxribat xarakterli sınaqların Moskvaya yanlış siqnal verə biləcəyindən, hətta danışıqların pozulmasına səbəb ola biləcəyindən narahat idi.

Eyni zamanda, verilən xəbərə əsasən, Pentaqon hələlik bu mövzuya rəsmi münasibət bildirməyib.

 

106 İL ƏVVƏL HƏLAK OLMUŞ BRITANIYA ƏSGƏRI DƏFN OLUNDU

1914-1918-ci illərdə Birinci Dünya müharibəsi zamanı həlak olmuş ingilis əsgəri 106 il sonra dəfn edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, 1915-ci il mayın 2-də həlak olduğu elan edilən əsgər Robert Kukun cəsədinin kimliyi qardaşı oğlundan DNT nümunələri götürüldükdən sonra müəyyən olunub.

Robert Kukun kimliyi “Müharibə detektivləri” adlandırılan ekspertlər tərəfindən müəyyən olunduğu və Belçikada keçirilən mərasimdə döş nişanı verildiyi bildirilib.

“Şərəf” ordeni alan əsgər müharibənin Qərb Cəbhəsində İpre yaxınlığındakı cəbhə xəttinə gəldikdən iki gün sonra - 1915-ci il mayın 2-də 38 yaşında həlak olub.

 

FLORİDA ŞTATI ABŞ PREZIDENTINI MƏHKƏMƏYƏ VERİR

Florida ştatının qubernatoru Ron Desantis bir sıra vətəndaşlar üçün məcburi koronavirus peyvəndi tələblərinin tətbiqi ilə əlaqədar ABŞ administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu qubernator keçirdiyi mətbuat konfransında açıqlayıb.

Məlumata görə, ştatın qubernatoru və baş prokuroru tərəfindən qaldırılan iddia prezident Cozef Bayden, NASA və onun direktoru Bill Nelson, eləcə də ABŞ administrasiyasının digər rəsmi şəxslərinə qarşı yönəlib.

Bununla yanaşı, Florida rəsmiləri federal hökumət işçiləri üçün koronavirus peyvəndi mandatlarının verilməsini qanunsuz hesab edirlər.

Qubernator qeyd edib ki, analoji iddialar ölkənin digər bölgələrində də qaldırılacaq. Onun sözlərinə görə, iddia qarşıdan gələn ixtisarların qarşısını almağa çalışmaq üçün verilib.

 

ABŞ VƏ ÇIN ARASINDA GƏRGINLIK GÜNBƏGÜN ARTIR

Tayvanda ABŞ və Çin arasında gərginliyin günbəgün artması bütün dünyanın diqqətini bu iki supergücə yönəldib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ-ın baş qərargah rəisi general Mark Millidən sonra ikinci ən yüksək rütbəli generalı Con Hayten də Amerikanın Çinlə bağlı narahatlığını dilə gətirib.

General Çin ordusunun inkişaf sürətinin heyrət doğurduğunu dilə gətirib. Gələn ay təqaüdə çıxmağa hazırlaşan general Con Hayten müdafiə naziri Lloyd Ostinin Çini “sürətli təhdid” kimi xarakterizə etməsi ilə razılaşdığını bildirib, özü isə Rusiyanı “yaxınlaşan təhlükə” adlandırıb.

Bununla yanaşı, general Con Hayton Çinin hipersəsli raket sınaqlarının narahatlıq yaratdığını vurğulayıb.

“Çinin inkişaf tempi başgicəlləndiricidir. Əgər onların getdiyi tempi və izlədikləri trayektoriyanı dəyişmək üçün nəsə etməsək, Rusiya və ABŞ-ı keçəcək. Ona görə də düşünürəm ki, təcili nəsə etməliyik”, - deyə general əlavə edib.

Con Haytenin fikrincə, təkcə ABŞ yox, onun müttəfiqləri də bu məsələdə ayıq-sayıq olmalıdırlar.

 

MASK VƏ BEZOS "MİLYARDERLƏR VERGİ"SINƏ ETİRAZ EDİBLƏR

“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan sahibkar İlon Mask ABŞ-da “milyarderlər üçün vergi” təklifini yenidən tənqid edərək öz pullarını insanların Marsa göndərilməsi üçün xərcləməyi planlaşdırdığını bildirib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“The Washington Post” qəzetinin jurnalisti Kristian Devenport “Twitter” hesabında qeyd edib ki, ABŞ Konqresində demokratlar tərəfindən təklif olunan “milyarderlər üçün vergi”yə İlon Maskın və “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun ödəyəcəyi vəsait insanları Marsa göndərmək missiyasını maliyyələşdirməyə kifayət edəcək qədərdir.

“Mənim planım puldan insanları Marsa göndərmək və zehni parlaq saxlamaq üçün istifadə etməkdir”, - deyə İlon Mask “Twitter”də sözügedən məsələyə münasibətində bildirib.

“Forbes”in məlumatına görə, bu həftə İlon Maskın sərvəti 300 milyard dollara yaxınlaşıb. O, sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin artımına görə dünyanın ən varlı insanı olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.