İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Millimiz komanda hesabında dünya çempionu olub

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. Millimiz həm medalların əyarına, həm də toplanan xallara görə dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsini göstərib.

İki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Bu növ üzrə ən uğurlu nəticələr 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında yığmalar komanda hesabında ikinci yeri tutub. Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kiloqram) ilə Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olub. Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kiloqramda olimpiadaya lisenziya əldə edib. Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə üçüncü yeri tutublar

Yeniyetmə badmintonçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "10th LI-NING Zagreb Youth Open" turnirində bürünc medal qazanıb.

15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Əli Gözəlov - Aysu Kərimzadə tandemi yarımfinala kimi irəliləyib. Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək ən güclü "dördlüyə" yüksəlib.

Sablya üzrə milllimiz iki medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən "Satellite" turnirində qılıncoynatmanın sablya növü üzrə milli komandamızın lideri Anna Başta qızıl medal qazanıb.

O, yarımfinalda bu mərhələyə kimi irəliləyən komanda yoldaşı Palina Kaspiaroviçə 15:11 hesabı ilə qalib gəlib. Həlledici görüşdə bolqar təmsilçisini 15:13 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Yarımfinalda çıxışını başa vuran digər təmsilçimiz Palina Kaspiaroviç isə bürünc medal qazanıb.

"SFA Federasiya Kuboku 2023" yarışları

Bakıda 22-24 sentyabr tarixləri arasında Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.

Yarışlar "Optimist, ILCA və Windsurf sinifləri üzrə yerləşən SFA yelkən mərkəzində baş tutub. Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə Avropa çempionatına qatılmış millimizin üzvlərinə, cari il üzrə yay məktəbinin iştirakçılarına, komandaya yeni seçilən idmançılara və "SFA Federasiya Kuboku 2023"-ün qaliblərinə kubok, diplom və sertifikatlar təqdim olunub.

Nərgiz İSMAYILOVA,

"Respublika".