İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Naxçıvanda beynəlxalq yarış başa çatıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turnirə yekun vurulub.

Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən turnirə paytaxt və bölgələri (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar qatılıblar. Kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edən gimnastlar müxtəlif alətlərlə və alətsiz hərəkətlərin icrasında qalibləri müəyyənləşdiriblər. Fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.

“İdman hamı üçün” layihəsi

Sentyabrın 23-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş təşkil edilib. "Dədə Qorqud" parkı ərazisindən start verilən yürüşdə peşəkar və həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər. Velosipedçilər park ərazisindən saat 10:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.

“Böyük dəbilqə” turniri davam edir

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" turniri davam edir.

Turnirin ikinci günündə 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda moldovalı Petru Pelikana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".