Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

"Respublika" xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə milli komandanın iki üzvü rinqə çıxıb.

57 kiloqramda Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 finalda baş tutan döyüş Ə. Bəbirovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pirs Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.

63,5 kiloqramda çıxış edən Cəlal Qurbanov da Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). C. Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 7 boksçusu mübarizəyə qoşulacaq.