Sabirabadda toxum sərgi-satış yarmarkası
Region

Sabirabadda toxum sərgi-satış yarmarkası

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirildi. Yarmarkada Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Salyan rayonlarının fermerləri iştirak etdilər. Toxum sərgi-satış yarmarkasında kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirdi ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, toxumçuluğun inkişafına da mühüm diqqət yetirilir. Bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkası rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd etdi ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən birinin toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Tədbir çərçivəsində "Toxumçuların Milli Forumu" da keçirildi.

T.YADULLAOĞLU,

"Respublika".