Şamaxı: Biçin mövsümündə yanğınla mübarizə tədbirləri gücləndirilməlidir
Region

Şamaxı: Biçin mövsümündə yanğınla mübarizə tədbirləri gücləndirilməlidir

Rayon icra hakimiyyətinin FHN-in DYNX  Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı əsasında yanğın hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbiri RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov açaraq biçin mövsümünün yaxınlaşması ilə əlaqədar müəssisə təşkilat rəhbərlərinə, torpaq istifadəçilərinə yanğın təhlükəsizliyi normaları, standartları qaydalarının tələblərinə riayət olunmasının, əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişləri digər qanuni tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Çıxış edən FHN-in DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin rəisi, daxili xidmət polkovniki Natiq Mirzəyev hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayıb. Həmçinin məişət tullantılarının, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu, belə halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə təbliğat işlərinin aparılmalı olduğunu bildirib.

Toplantıda ərazilərin daim təmiz saxlanılması, obyektlərin normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların köçürülməsi (təxliyə) planlarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər) qayğı ilə yanaşılmasının vacibliyi barədə geniş danışılıb.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

M.NƏRİMANOĞLU,

"Respublika".