SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Ona bəzən "Varlı xəstəliyi" də deyirlər...

Son dövrlər bir çox insanın sosial mediada maraqlandığı xəstəliklərdən biri də Gut xəstəliyidir. Həddindən çox qida istehlakının səbəb olduğu bu xəstəliyə keçmişdə  yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi. Məhz bu səbəbdən, ona  "Varlı", "Padşah xəstəliyi" də deyilir. Bəs bu xəstəliyin əlamətləri nədir, müalicəsi varmı?

Gut xəstəliyi oynaqlarda şişlik, qızartı, şiddətli ağrı ilə müşayiət edilən oynaq iltihabıdır. Oynaqlarda anidən yaranan bu xəstəlik, ağrı, qızartı, şişlik əlamətləri ilə özünü büruzə verir. Ayağın baş barmağından, başlayan ağrılar diz, ayaq biləyi, dirsək, əl barmağı oynaqlarına da təsir göstərir. Ağrının gücü o qədər çox olur ki, ayaq üzərinə basmaq çətinləşir, hətta imkansız hala  gəlir.

Mütəxəssislər qırmızı ət, qabıqlı dəniz məhsulları, şəkərli qidalar və spirtli içkilərdən istifadə edənlərin bu problemdən daha çox əziyyət çəkdiyini bildirirlər. Elm adamları  xəstəlikdən qorunmaq üçün insanların çəkilərinə, xolesterin səviyyəsinə diqqət etmələrinin vacib olduğunu xəbərdar edirlər.

Qeyd edək ki,  xəstəliyin müalicəsi iki mərhələdə aparılır. Müalicənin məqsədi ağrı krizlərinin qarşısının alınmasıdır.  Ağrı və iltihabın qarşısını almaq üçün verilən dərmanlar mədə qoruyucuları ilə birlikdə qəbul edilməlidir. Xəstəlik müalicə olunmazsa, tutmalar daha tez-tez təkrarlanmağa başlayır, oynaq öz normal formasını dəyişir, vaxt keçdikcə oynaq və sümük qismən dağılır.

Hansı rəng kartof daha faydalıdır?

Kartof elə bir tərəvəzdir ki, milli mətbəximizdəki yeməklərin demək olar çoxunun tərkib hissəsini təşkil edir. Məhz bu səbəbdən bazarlıq edərkən soğanla bərabər, kartof almaq da ön planda olur. Lakin son dövrlər bazar piştaxtalarında bu tərəvəzin fərqli ölkələrdən gətirilən müxtəlif  cür rəng çalarına  və sortuna rast gəlirik. Bəs görəsən onların rəngi sağlamlıq baxımından xüsusi bir əhəmiyyət kəsb edirmi?

Alimlərin fikrincə, hər gün aldığımız və yediyimiz kartofun heç də hamısı faydalı deyil. Onlar rəngi ağa çalan  kartofun zərərli,  bənövşəyi çalarlı kartofun isə faydalı olduğunu deyirlər. Əslində kartofun rəngi onun növünün göstəricisidir, praktiki olaraq məhsulun keyfiyyətinə təsir etmir. Onun içinin, özünün rəngi isə tərkibindən asılıdır. Ağ kartofda daha çox nişasta mövcuddur. Sarıda isə  A vitamini - karotin çoxluq təşkil edir. Onun qırmızıya çalan  sortunda isə antosianlar var. Hesab edilir ki, antosianlar immuniteti möhkəmləndirir, onkoloji xəstəliklərə müsbət təsir edir. Amma mədə-bağırsaq, böyrək, qaraciyər xəstəlikləri  və allergiyası olanlar qırmızı kartof istehlak edərkən ehtiyatlı olmalıdırlar. Onu da qeyd edək ki, yaşıla çalan və üzəri ləkəli kartof solanin adlı toksinlə zəngin olduğundan sağlamlıq baxımından çox təhlükəlidir.

Xərçəngdən qorunmaq istəyirsinizsə...

Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, hər gün beş  dəqiqəlik aktiv fəaliyyət bəzi xərçəng növlərinə tutulma riskini 32 faizə qədər azalda bilər.

"Fasiləli fiziki fəaliyyət, xərçəng xəstəliyinin hər hansı bir növünün inkişaf risklərini 18 faiz, aktivlik çatışmazlığı ilə birbaşa əlaqəli xərçəng xəstəliklərində isə 32 faiz azaltmaq qabiliyyətini nümayiş etdirdi", - deyə Sidney Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Emmanuel Stamatakis qeyd edib.

Yeddi il müddətində aparılan tədqiqatda 22 min nəfərin fiziki fəaliyyəti izlənilib. Nəticədə elm adamları belə qənaətə gəliblər ki, gün ərzində yemək bişirmək, qabları yumaq və mənzili təmizləmək kimi müxtəlif ev işləri belə fiziki fəaliyyəti əhatə edir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında da  fiziki fəaliyyət 13 xərçəng növü riskinin azalması ilə əlaqələndirilir. Araşdırmanın nəticələri "JAMA Oncology" jurnalında dərc edilib.

Kimlərə badımcan yemək olmaz?

Sevilən tərəvəzlərdən olan badımcanın sağlamlıq baxımından bir çox faydaları var.  Onun tərkibi liflər, pektin və digər faydalı  maddələrlə zəngin olsa da, bəzi insanlara bu tərəvəzi yemək tövsiyə edilmir. Bəs badımcandan hansı  hallarda imtina edilməlidir?

Badımcan ilk növbədə öd daşı xəstəliyi riskini artıra bilər. Belə ki, onun tərkibində çox miqdarda oksalat maddəsi var, bu da  həm böyrək, həm öd kisəsi daşlarının tərkib hissəsidir. Məhz bu səbəbdən, sadalanan problemləri olanlara badımcan yemək məsləhət görülmür. Bundan  əlavə, badımcan digər xəstəliklərdə də əks-göstərişdir. Bunlara psoriaz, böyrək xəstəlikləri, artrit, podaqra daxildir. Həddindən ziyadə  badımcan istehlakı qalxanvari vəzinin funksiyasına da təsir edir. Belə ki, əgər insanda zob xəstəliyi varsa, həkimlə məsləhətləşməli, kəskin mərhələdə badımcandan imtina edilməlidir. Həmçinin təzyiq dərmanları içənlər üçün də bu tərəvəz təhlükəli hesab edilir.

Onu da qeyd edək ki, badımcanın tərkibində olan bəzi maddələr orqanizmin xərçəng xəstəliklərinə olan davamlılığını xeyli artırır. Belə ki, tərəvəzin tərkibində olan xlorogen turşusu sərbəst radikalların hüceyrələrə olan mənfi təsirini azaldır və bununla da hüceyrələri mutasiyalardan qoruyur, xərçəng hüceyrələrin böyüməsinin qarşısını alır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".