Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Uzunömürlülərin ortaq xüsusiyyətləri

İspaniyalı elm adamları uzunömürlülərə xas olan xüsusiyyətləri araşdırıblar. Belə ki, Madridin Komplutense Universitetinin psixoloqları uzunömürlülərin 19 ortaq xüsusiyyətinin olduğunu müəyyən ediblər. Bunlara dürüstlükdən tutmuş hər şeyi öyrənmək həvəsi daxildir.

Araşdırmaya 100 yaşdan 107 yaşa qədər 14 mindən çox insan cəlb edilib. Yaşlıların xasiyyətlərini təhlil edən tədqiqatçılar onların oxşar cəhətlərini tapmağa çalışıblar. Nəticədə bütün uzunömürlülərin 19 ortaq xüsusiyyətinin olduğu məlum olub. Tədqiqatçılar bunların ən vacibinin hər şeyi öyrənmək həvəsi olduğunu bildiriblər. Belə insanlar daim bilik əldə etməyə və müxtəlif bacarıqları mənimsəməyə çalışırlar.

Əhəmiyyət baxımından ikinci yerdə isə həyat eşqi durur. Bütün uzunömürlülərə xas olan ortaq xüsusiyyətlərdən biri də pozitiv düşüncədir. Bundan əlavə, məlum olub ki, belə insanlar yüksək intellektə və yumor hissinə malik olurlar. Digər ümumi xüsusiyyətlərə minnətdarlıq, dürüstlük, aktivlik və cəsarət daxildir. İspan alimləri hesab edirlər ki, uzunömürlülərin həyatını və xasiyyətini təhlil etmək sağlam qocalmaq üçün bir addım ola bilər. Araşdırmanın nəticələri "Journal of Happiness Studies" jurnalında dərc olunub.

Görün onların neçə sifəti var imiş...

Amerikalı elm adamları pişiklərlə bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, alimlər onların bir-biri ilə əlaqə qurarkən 276 fərqli mimikadan istifadə etdiyini müəyyənləşdiriblər.

Tədqiqat zamanı pişiklər üçün hazırlanmış "Üz Hərəkətini Kodlaşdırma Sistemi"ndən istifadə edilib. Pişiklərin üz əzələlərindəki hərəkətlərin sayına və növlərinə nəzər salınıb, onların bir-biri ilə qarşılıqlı əlaqə zamanı yaranan "üz siqnalları" araşdırılıb. Onu da qeyd edək ki, araşdırma 2021-ci ilin avqustundan 2022-ci ilin iyununa qədər ABŞ-ın Kaliforniya Universitetində "British Shorthair" adlı pişik cinsi üzərində aparılıb.

413 erkək və 275 dişi pişik üzərində aparılan araşdırmada cəmi 688 üz siqnalı kodlaşdırılıb. Nəticədə onların ünsiyyət qurarkən 276 fərqli üz ifadəsindən istifadə etdiyi müəyyən edilib. Bu üz ifadələrinin 45,7 faizinin dostluq, 37 faizinin isə aqressiv xarakter daşıdığı müəyyənləşdirilib. Tədqiqatçılar, qulaqları və bığları irəliyə doğru hərəkət edən, gözləri bağlı olan pişiklərin dost, göz bəbəyi kiçik, qulaqları başlarına əyilmiş pişiklərin isə aqressiv olduğunu bildiriblər. Araşdırmanın həmmüəllifi Brittany Florkiewicz "CNN"ə müsahibəsində: "Bizim tədqiqat göstərir ki, pişiklər arasında ünsiyyət əvvəllər güman ediləndən daha mürəkkəbdir", - deyə bildirib. O, əlavə edib ki, nəfəsalma və əsnəmə kimi bioloji proseslərlə əlaqəli əzələ hərəkətləri tədqiqata daxil edilməyib.

Bürclərə inanmaq nə dərəcədə düzgündür?

Ətrafımızda elə insanlar var ki, bürclərə çox inanır, hətta kiminləsə tanış olanda ona verdikləri ilk suallardan biri "bürcün nədir?" olur. Hələ bu, harasıdır, hətta belələri ailə quranda da xarakterlərinin bürcə görə uyğun olub-olmadığına önəm verirlər. Boşanmalarının səbəbini bürclə əlaqələndirənlər də az deyil. Onu da qeyd edək ki, tarixdə bir çox məşhur insanlar belə bürclərə inanıb. Buna misal kimi ABŞ prezidentlərindən olan Teoder Ruzvelt, Con Kennedi və dünya şöhrətli alim Albert Eynşteyni göstərmək olar. Bəs doğrudanmı bu, belədir, xarakterimizi bürclər müəyyən edə bilərmi?

Məşhur amerikan astrofizik Karl Saqanın da dediyi kimi: "Ulduzlara iki şəkildə baxıla bilər: ya olduqları şəkildə, ya da olmaları istənilən şəkildə". Bəzi elm adamlarının fikrincə, astrologiya heç bir əsası olmayan saxta elmdir. Əgər astrologiyanın heç bir elmi əsası yoxdursa, insanlar niyə ona inanır? Böyük ehtimalla, bürclərin xüsusiyyətlərinin onlara tam uyğun olduğunu düşünürlər.

Əslində, astrologiya çox dərin elmdir. Çoxlarımız elə düşünürük ki, astroloqun işi yalnız ulduz falı tərtib etmək, ilin başlanğıcında və sonunda yeni təqvimlə bağlı proqnozlar verməkdən ibarətdir. Biz bununla astroloqun fəaliyyətini məhdudlaşdırırıq. Əslində isə, astroloqların işi müxtəlif planetlərin, səma cisimlərinin yer sakinlərinə göstərdiyi təsiri, onların həyatında oynadığı rolu və s. araşdırmaqdan ibarətdir. Söhbət bu məsələlərə elmi yanaşmadan gedir. Amma astroloqların bu fikirlərinin yalan olduğunu təsdiqləyən, bürclərin xarakteristikasını, yaşam tərzinin iki insan arasında heç də eyni olmadığını göstərən kifayət qədər faktlar da var. Bürcə inanıb-inanmamaq, əlinə qəzet, jurnal keçən kimi axtarıb zodiak bürcünü tapıb oxumaq, gününü, ayını, ilini orada yazılanlara uyğun qurmaq bəzilərinə görə normal, bəzilərinə görə isə anormaldır. Hər halda bir şeyi yaddan çıxarmamalıyıq ki, gələcəyi yeri, göyü yaradan ulu Tanrıdan başqa heç kəs bilə bilməz!

Dünyanın ən böyük və sirli mağarası

Mərkəzi Vyetnamda yerləşən "Şondonq" (Hang Son Doong) mağarası dünyanın ən böyük və sirli mağarası hesab olunur. Vyetnam dilində tərcüməsi "dağ çayı mağarası" mənasını verən bu məkan o qədər böyük və genişdir ki, içərisinə böyük bir şəhər belə sığışdırmaq olar. Sirlə dolu olan bu müəmmalı yer hələ də tam olaraq tədqiq edilməyib.

2,3 milyon il yaşı olan mağara 1991-ci ildə Vyetnam cəngəlliyində yerli sakinlərdən biri Ho Khan tərəfindən kəşf edilmişdir. Mağaradan gələn tükürpərdici səslər səbəbindən yerli sakinlər uzun müddət ora yaxınlaşa bilməyiblər. 2009-cu ildə detallı araşdırmalardan sonra bu məkanın dünyanın ən böyük mağarası olduğu müəyyən edilib. Çox böyük ərazisi olan mağaranın içərisində özünəməxsus meşə, yüksək sürətlə axan çay, kiçik dağlar və heyvanlar var. Buranı "mağaralar toplusu" da adlandırırlar. İçəridə, yerin dərinliklərində bir-biri ilə birləşən kiçik mağaralar da mövcuddur. Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 200, eninin isə 150 metrə çatdığı müəyyən olunub. Unikal mağaranın ümumi həcmi isə 38.5 milyon kubmetr təşkil edir. Orada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşərat, ilanlardan əlavə quşlar və meymunlar da enir. Mağaranın öz iqlimi və bitki örtüyünün olması onu dünya üzərindəki gizli dünyaya bənzədir. Hətta buranı yer üzündəki cənnət də adlandırırlar.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".