ZƏFƏR QƏHRƏMANLARI
Sosial həyat

ZƏFƏR QƏHRƏMANLARI

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdə bacarığı, silahlı qüvvələrimizin vətənpərvərliyi, peşəkarlığı, xalq-ordu vəhdətinin gücü parlaq qələbəmizi təmin etdi. Bu zəfər bizə işğal olunmuş doğma, müqəddəs Qarabağı qaytardı, öz vətənində qaçqına, köçkünə çevrilən bir milyondan çox soydaşımızın həsrətinə son qoydu və xalqımızı doğma yurd yerlərinə qovuşdurdu.

Sinəsini düşmən gülləsinə sipər edən vətənpərvər, qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı bu qələbə… Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Bu gün şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində böyük qayğı göstərilir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallar ilə birgə Qazanbulaq qəsəbə qəbiristanlığında Qazanbulaq qəsəbəsi, Borsunlu və Nadirkənd kəndlərindən olan Vətən müharibəsi şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə tər güllər qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla anılıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan tarixi qələbədən, Vətənimizin igid oğullarının göstərdikləri vətənpərvərlikdən, qəhrəmanlıqlardan ətraflı söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsindən, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun yaradılmasından qürurla danışıb. İştirakçılar xalqımızın "dəmir yumruq" ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, xalq-ordu birliyi sayəsində tarixi ədalətin bərpa olunduğunu vurğulayıblar. Bildirilib ki, bütün dövlət qurumlarının birmənalı şəkildə şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir. Sonda ənənəvi olaraq rayon rəhbəri şəhid ailələrinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.

Zabit XƏLİLOV,

"Respublika".