DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ENTONİ BLİNKEN VƏ HAKAN FİDAN GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ MƏLUM OLUB

ABŞ-ın dövlət katibi Entoni Blinkenin noyabrın 6-da Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü baş tutub. “CNN Türk” telekanalının məlumatına görə, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Bnunla yanaşı, diplomatik mənbələrdən verilən məlumata görə, Qəzza zolağı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə hər iki tərəf mülki şəxslərə dəyən zərərin qarşısının alınması və humanitar yardımların davamlı, eləcə də fasiləsiz çatdırılmasının təmin edilməsinin zəruriliyi mövzusunda həmfikir olduqlarını təsdiqləyiblər.

Entoni Blinken bildirib ki, Vaşinqton Qəzzada humanitar atəşkəsin təmin olunması üzrə səylərini davam etdirir. “Biz həmçinin İordan çayının qərb sahilində zorakılığın şiddətlənməsindən narahatıq”, - deyə dövlət katibi əlavə edib.

Məlumata əsasən, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarına İsrailin Qəzza zolağında insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün noyabrın 5-də gecə saatlarında Ankaraya gəlib. Blinkenlə Fidanın görüşü təqribən 3 saata yaxın davam edib.

İSRAİL KƏŞFİYYATINDAN HƏMAS RƏHBƏRLİYİ İLƏ BAĞLI AÇIQLAMA

Fələstinin HƏMAS hərəkatının əsas rəhbərliyi İran, Qətər, Livan və Türkiyə ərazisindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrail kəşfiyyatının açıqlamasında bildirilir. Qeyd olunub ki, onlar döyüşlərdən uzaqda büdcəni idarə etməklə yanaşı, silahlılara rəhbərlik edir, hətta, qlobal miqyasda ictimai rəyi qızışdırırlar.

Açıqlamaya görə, HƏMAS Qəzza zolağından dinc sakinlərin müdafiə məqsədi ilə təxliyə edilməsinə mane olsa da, təşkilatın rəhbərləri bölgədə deyillər.

Verilən xəbərə əsasən, qruplaşma başçısı Xalid Maşal, müavini Musa Əbu Marzuk, qurumun siyasi bürosunun sədri İsmayıl Haniyə, onun müavini Yəhya Sinuar xaricdədirlər. Həmçinin Qəzza zolağının başçısı Saleh əl-Aruri isə hazırda Livanda fəaliyyət göstərir.

Xatırladaq ki, bir neçə gün öncə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei İsmayıl Haniyəni qəbul edib.

YUNANISTANDA NADİR TƏBIƏT HADİSƏSİ MÜŞAHİDƏ OLUNUB

Yunanıstanın şimalına noyabrın 4-də Avropada mövsümün ilk qarı yağıb. Ayın ən yüksək temperaturu isə ölkənin cənubundakı Krit adasında müşahidə olunub. Bu barədə “TRT” telekanalı Yunanıstan Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.

İdarənin açıqlamasına əsasən, noyabrın 4-də gün ərzində ölkənin müxtəlif bölgələrində fərqli iqlim şəraiti hökm sürüb. Belə ki, Yunanıstanın şimal-qərbindəki Pindus dağının yüksək hissələrinə mövsümün ilk qarı yağıb, ölkənin şimal-şərqi isə güclü yağış və küləyin təsiri altına düşüb. Hətta İpiros və Tesaliya bölgələrində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Bununla yanaşı, ölkənin Xanthi rayonunda tornado baş verib. Saatda 120 kilometrə çatan küləyin üstünlük təşkil etdiyi Evbeya adasında meşə yanğını baş verib.

Qeyd edilir ki, Peloponnes yarımadası və Krit adasında havanın temperaturu mövsümi normaları keçib. Avropanın noyabr ayının ən yüksək temperaturu da (35,1 dərəcə” məhz Kritdə müşahidə olunub.

TÜRKİYƏ LOGİSTİKA BAZALARINI GENİŞLƏNDİRİR

Türkiyə qlobal bazarlarda  ixrac göstəricilərini yaxşılaşdırmaq üçün ABŞ və Avropada altı logistik baza yaradacaq. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Türkiyədə həm malların, həm də xidmətlərin ixracını yaxşılaşdırmaq üçün yaradılan xarici logistik paylama şəbəkələri yaradılır. Həmçinin ölkənin mühüm bazarlarda ixrac göstəricilərini sabitləşdirmək üçün infrastruktur obyektləri təsis ediləcək.

Məlumata əsasən, altı bazanın dördü Avropada, ikisi isə ABŞ-da mövcud olacaq. Bazadan kənarda olan bu cür obyektlər ölkələrə və şirkətlərə gömrük rəsmiləşdirilməsi də daxil olmaqla, anbar və nəqliyyat xidmətlərindən yararlanmağa imkan verəcək.

Bundan başqa, ixracatçılar əlavə logistik xərclərə və komissiyalara, o cümlədən broker xidmətlərinin ödənişinə qənaət edə biləcəklər.

BORREL: YAXIN ŞƏRQ FACİƏSİ QƏRB DİPLOMATİYASININ UĞURSUZLUĞUDUR

Yaxın Şərqdəki faciə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üçün yetərincə səy göstərməyən beynəlxalq diplomatiyanın mənəvi və siyasi uğursuzluğudur. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel bəyan edib.

“Yaxın Şərqdə baş verən faciə kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Həm İsrail, həm də Fələstin xalqları bu uğursuzluğun bədəlini ağır ödəyir”, - deyə diplomat vurğulayıb.

Eyni zamanda, Cozep Borrel bu uğursuzluğu İsrail-Fələstin problemini həll etmək üçün real istəyin kifayət qədər olmaması ilə əlaqələndirib.

“Bəli, biz rəsmi olaraq məsələnin hər iki dövlətə əsaslanan həllinin tərəfdarı idik, lakin nəticə əldə etmək üçün real yol xəritəsi yox idi”, - deyə C.Borrel qeyd edib.

ALMANİYA MİQRASİYA PROBLEMİNİN HƏLLİNƏ 18 MİLYARD AVRO AYIRACAQ

Almaniya hökuməti miqrasiya ilə bağlı problemlərin həlli üçün federal vilayətlərə və bələdiyyələrə milyardlarla avro  vəsait ayıracaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts “Mannheimer Morgen” qəzetinə müsahibəsində bildirib.

Kanslerin sözlərinə görə, miqrant yerləşdirilməsi və inteqrasiyası bütün dövlətlərin problemidir. Onun sözlərinə görə, təkcə bu il federal hökumət miqrasiya siyasəti problemlərini həll etmək üçün federal vilayətlərə və bələdiyyələrə təxminən 18 milyard avro yardım ayıracaq.

Olaf Şolts bildirib ki, hazırda Almaniyaya qeyri-qanuni yollarla çox sayda insan gəlir. Bununla əlaqədar olaraq, Almaniya hakimiyyəti ilkin mərhələdə sığınacaq verilməsi prosesini sürətləndirmək niyyətindədir ki, bu proses yarım il ərzində başa çatsın.

Xatırladaq ki, Almaniya əhalisi Ukraynadan miqrant və qaçqın axınına görə 2022-ci ildə kəskin artıb. Məlumata əsasən, Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanmasından sonra 6,7 milyon ukraynalı Avropaya gedib. Onların əksəriyyəti hazırda Polşa və Almaniyadadır.

ALİMLƏR: GÜNƏŞIN AKTİVLİYİNİN PİK HƏDDİ DAHA TEZ BAŞ VERƏCƏK

Günəş tsiklinin pik aktivliyi ilə bağlı 2019-cu ildə verilən proqnoz qeyri-dəqiq olub və hadisənin özü daha tez baş verməklə yanaşı, əvvəllər düşünüldüyündən daha güclü olacaq. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu ABŞ-ın Kosmik Hava Proqnozları Mərkəzinin alimləri bildiriblər.

Belə ki, Günəş dövrü təxminən 11 ildir və ulduzun müxtəlif dövrlərində fərqli fəaliyyəti ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, Günəş aktivliyinin hazırkı pik nöqtəsi 2024-cü ilin yanvar-oktyabr aylarında baş verəcək.

Alimlər xəbərdarlıq ediblər ki, Günəş aktivliyinin pik dövründə nəinki hava şəraitindən asılı olan insanların rifahı pisləşə bilər, həm də yüksək texnologiyalı avadanlıq və elektronika sıradan çıxa bilər.

Xatırladaq ki, yüksək Günəş aktivliyinin Yerdəki avadanlıqlara təsirinin ən parlaq nümunələrindən biri 1989-cu ildə Kanadada baş verib. Həmin vaxt planetin maqnit sahəsindəki pozuntu nəticəsində bütün Kvebek əyalətində elektrik enerjisi tam 12 saat ərzində kəsilmişdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.