Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Şamaxı

Şəhid uşaqlarına bayram sovqatı verilib

Rayon İncəsənət Təhsili Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başcısı Tahir Məmmədov çıxış edərək mərkəzin müəllim və şagird kollektivini, Vətən müharibəsi şəhidləri və əlillərinin övladlarını, eləcə də tədbirdə iştirak edən uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Tədbirin sonunda uşaqlara bayram sovqatı təqdim olunub.

İsmayıllı

Kreativ şam ağacı

N.Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Ülkər Süleymanovanın təşəbbüsü və şagirdlərin dəstəyi ilə fərqli, kreativ şam ağacı hazırlanıb. Belə ki, məktəblilər il ərzində oxuduqları kitabları bir araya gətirərək həmrəylik nümayiş etdirib və fərqli şam ağacı hazırlayıblar.

"İl ərzində oxuduğumuz kitablar" adlı layihə çərçivəsində şagirdlər 3000-ə yaxın kitab mütaliə ediblər. Layihənin məqsədi gənclərdə kitab oxumaq vərdişini aşılamaqdır.

Qəbələ

Dalanlar asfaltlanır

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları" çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət alır. Şəhərin daxili küçə və dalanlarının asfaltlaşdırılması istiqamətində Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Heydər Əliyev prospektində, Nizami, Elçin Kərimov, Hacıbaba Hüseynov, Maqsud İbrahimbəyov, Şaiq Qəribov, Surə Kərimova küçələrinə və dalanlarına asfalt örtüyü çəkilir. 

Zəngilan

Şagirdlər arasında rəsm müsabiqəsi

Rayon icra hakimiyyəti və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektorunun təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri və məsul əməkdaşlar iştirak etdi.

Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı sərgiyə baxış keçirildikdən sonra qaliblər mükafatlandırıldı.

M.NƏRİMANOĞLU,

"Respublika".