Ağdam-Xankəndi yolu: qısa, keyfiyyətli, rahat, sərfəli
Region

Ağdam-Xankəndi yolu: qısa, keyfiyyətli, rahat, sərfəli

Reinteqrasiyanın başlanğıc nöqtəsi mütləq bu yolda qoyulacaq

Ermənistan siyasi şoular, böhtan və əsassız iddialar, xam xəyallar, rəvayətlər ölkəsinə çevrilib. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan, mənəvi-psixoloji zərbələr alan rəsmi İrəvan, eləcə də erməni cəmiyyəti, müxalifəti, kilsələri, diasporu, ermənipərəst qüvvələr iki il yeddi aydır ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, bölgədə yaranan reallığı qəbul etmək istəmirlər.

Erməni təbliğat maşını qara rəngdən başqa rəng tanımır, sülh danışıqlarını hər vasitə ilə ləngidirlər. Ermənilər birdəfəlik anlamalıdır ki, Xankəndidə yaşayan haylar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Bölgədə sülhün, əmin-amanlığın yaranmasına, kommunikasiyaların açılmasına, ermənilərlə birgəyaşayışa, milliyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlığının qorunmasına çalışan dövlətimizin başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq.

Xankəndi isə bir qrup separatçının, Moskvanın əl oyuncağı Ruben Vardanyanın, qatı daşnakların, Ermənistanın gizli, yaxud da aşkar müdaxiləsinin girovluğunda çırpınır.

Təxminən 30 il bundan əvvəlki vəziyyət yaranıb. 1988-90-cı illərdə Xankəndidə "miatsum" qışqırmayan ermənilər dərhal zərərsizləşdirilir, onlara təzyiq göstərilir, hətta bəziləri öldürülür, yaşadığı evdən çıxarılırdı. İndi də Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə Azərbaycan sözünü işlətmək, reinteqrasiya həvəsinə düşmək qadağan edilib, daha doğrusu onlar ciddi təzyiq altında saxlanılırlar. Hər halda, görünən budur. Separatçılar, Rusiyanın, Fransanın, İranın "agentləri" Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin guya "blokada"da qalmasını, "aclıq" çəkmələrini süni şəkildə şişirdir və hiyləgərliklə Azərbaycana qarşı əks-təbliğat aparır, Laçın sərhəd-keçid məntəqəsinin aradan götürülməsinə çalışırlar. Şovinistlər və onların əlaltısı olan Qarabağ erməniləri hazırda ərzaq çatışmazlığı yaşadıqlarını deyir və Laçın yolunun açılmasını istəyirlər. Azərbaycan hökumətinin reinteqrasiya çağırışlarına cavab olaraq böyük əksəriyyəti təzyiq və qorxu altında qaldıqları üçün ermənilər deyirlər ki, Azərbaycan vətəndaşı olmağı qəbul etməyəcəklər. Xankəndidəki qurama və saxta rejimin "rəhbəri" Araik Arutyunyan aparılan danışıqların üzərinə kölgə salmağa çalışaraq bildirib ki, buna dialoq demək olmaz. Bu, bizim üçün qəti qəbuledilməzdir, çünki hər bir dialoq, görüş, bərabərlik, ləyaqət və hüquq çərçivəsində olmalıdır. Bu üç prinsip pozulursa, heç bir görüş dialoq ola bilməz.

Bax burada deyiblər ki, bu özündən razı və yekəxana Araiki yıxıb yerə ağzına-ağzına döyəsən, bəlkə, ağlı başına qayıda. Ermənilər niyə Laçın sərhəd-keçid məntəqəsinin işindən narazıdırlar. Artıq xeyli müddətdir ki, Laçın sərhəd-keçid məntəqəsindən sadə erməni ailələri, gənclər, xəstələr rahat şəkildə keçib gedirlər. Ermənilərin "humanitar böhran" iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını əsas gətirərək bu bölgəyə humanitar təminat üçün Ağdam-Xankəndi yolunu təklif edir. Erməni tərəfi isə bundan imtina edir. Bəzi siyasi şərhçilərin qənaətinə görə rəsmi Bakı, həmçinin son aylar ərzində Ermənistanla sərhəd rayonlarda bir neçə hərbçisinin, eləcə də mülki əhalinin minaya düşdüyünü, Ermənistandan humanitar yardım adı altında Qarabağa silah-sursat daşındığını əsas gətirərək, Laçın yolu ilə yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus maşınların hərəkətinə icazə verib və humanitar yardımların isə Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib.

Ağdam-Xankəndi yolu keçmiş sovet dönəmində ermənilər üçün qonşuluq, sülh, həyat yolu idi. Həmin illərdə Ağdamda yaşadığım üçün ermənilərin bu yoldan necə sərbəst və rahat istifadə etdiklərinin şahidi olmuşam. Xankəndidən, Hadrutdan, Ağdərədən, hətta erməni kəndlərindən Bakı şəhərinə avtobuslar işləyirdi. Qeyd edək ki, ötən əsrdə də, indi də Ağdam-Xankəndi yolu ermənilər üçün ən münasib yoldur. Ağdam şəhərindən ermənilər yaşayan Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Göründüyü kimi, humanitar yüklərin çatdırılması üçün cəmi 29 kilometr yoldan istifadə ediləcək. Halbuki, Gorus-Laçın-Xankəndi yolunun məsafəsi bundan iki-üç dəfə çoxdur. Ermənistan isə Laçınla sərhəddə nəqliyyat vasitələrini toplamaqla dövlət sərhədimizdə qurulan keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərir. Əbəs yerə, Azərbaycanın icazəsi olmadan dövlət sərhədimizdən heç quş da səkə bilməyəcək.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə danışarkən bildirib ki, müxtəlif səviyyələrdə Azərbaycan Respublikası tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri başadüşülən deyil. Analitiklərin təbirincə desək, bu yolun istifadəsinə icazə verilməməsi, yerli ermənilərin girov kimi istismar edilməsi, eləcə də ərzaq göndərilməsi prosesinin imitasiyalı formada təşkil olunması spekulyasiya, manipulyasiya və qarayaxmadan başqa bir şey deyil. Rəsmi Bakının təklif etdiyi və Brüsselin də dəstəklədiyi bu təşəbbüs, şübhəsiz ki, Qarabağın və onun əhalisinin reinteqrasiyası prosesində mühüm mərhələdir.

Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin rahatlığı, yüklərin daşınması üçün avtomobil yolundan başqa Ağdam-Xankəndi dəmir yolu da çəkilmişdi. 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 27 kilometrlik bu yol inşa olunub. Keçmiş Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev bölgədə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi, mədəni inkişafı daha da sürətləndi. Keçmiş statistikaya nəzər salanda aydın olur ki, ötən əsrin 80-ci illərində Ağdam-Xankəndi dəmir yolu vasitəsilə yük daşımaları illik 1 milyon ton olub. Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi, respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub. Texnika ilə birlikdə Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qalıb, Yevlax-Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edilib, dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Kor tutduğunu buraxmayan kimi, Laçın yolu deyib şou düzəldən separatçılara və onların havadarlarına xatırladırıq ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq Bərdə-Ağdam, uzunluğu 44,5 kilometr və Ağdam-Füzuli, uzunluğu 65,7 kilometr olan birinci texniki dərəcəli, 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam edir. Hər iki avtomobil yolu sutka ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malik olacaq.

Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Ermənilər üçün çox sərfəli olan Ağdam-Xankəndi yolu ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub. Çünki bu, nəqliyyat xərclərini də çox aşağı salacaq yoldur, Qarabağ erməniləri üçün nə lazım olacaqsa, bu yolla çox rahat çatdırmaq mümkündür. Eyni zamanda onlar da bu yoldan istifadə edərək öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Lakin onlar bu yoldan istifadə etmək əvəzinə yolda maneələr yaratmaqla məşğuldurlar. Bunu siyasi təbliğat məqsədi üçün istifadə edirlər. Azərbaycanın təklifi odur ki, bu yol Qarabağda yaşayan erməni sakinlərin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə reinteqrasiyasının başlanğıc nöqtəsi olsun.

Salman ALIOĞLU,

"Respublika".