İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Badminton üzrə lisenziya turniri keçiriləcək

Bakı bu il badminton üzrə "Azerbaijan International 2024" beynəlxalq turnirinə ev sahibliyi edəcək. Fevralın 8-də start götürəcək yarışa fevralın 11-də yekun vurulacaq. "Paris-2024" Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnir Bakı İdman Sarayında keçiriləcək.

Həndbol üzrə növbəti oyunlar

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib.

Kişilərin yarışında tura "Dinamo"-"Azəryol" görüşü ilə start verilib. "Azəryol"un üstünlüyü ilə yaddaqalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. Digər qarşılaşma "Təhsil" və "İdman Akademiyası" komandaları arasında olub. "Təhsil" komandası 30:28 hesabı ilə üstün olub. "Bakı"-"Kür" görüşü Mingəçevir həndbolçularının qələbəsi ilə sona çatıb - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur "Bakı"-"Gənclər Birliyi" matçı ilə başlanıb. Görüş Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 35:25. Turun sonuncu görüşü yanvarın 21-də "Azəryol" - "Qarabağ" komandaları arasında baş tutacaq.

Ölkə birinciliyinə start verilir

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürəcək. Yarış fərdi və komandalar arasında keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qadınlar və kişilər arasında altı çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İlk gündə oğlanlar arasında 46, 60 və 81 kiloqram çəki dərəcələrində, qızlar arasında isə 36, 48 və 63 kiloqram çəki dərəcələrində qaliblər bəlli olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".