İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Lisenziya xarakterli atletika yarışı

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək. Yarışlar 2-3 fevral tarixlərində Respublika Olimpiya Mərkəzində baş tutacaq.

Turnirin təşkilatçılığı Gənclər və İdman Nazirliyi, AAF və "Atletika" klubuna məxsusdur və "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib. Qeyd edək ki, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından idmançıların çıxışı gözlənilir.

Yığmamızın turnirdə iştirak edəcək heyəti məlum olub

Fevralın 8-dən 11-dək badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək "Azerbaijan International 2024" beynəlxalq turniri üçün heyəti müəyyənləşib.

"Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir Bakı İdman Sarayında təşkil olunacaq. Yarışda yığmanın 18 üzvü mübarizə aparacaq. Ölkəmizi  Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu təmsil edəcəklər. Yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu mübarizə aparacaq.

"Böyük Dəbilqə"nin rəsmi posteri təqdim edilib

Azərbaycan Cüdo Federasiyası (ACF) Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Yarışlar fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq. "Dünya Cüdo Turu" seriyasına daxil olan yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

Nərgiz İSMAYILOVA,

"Respublika".