Böyük Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Elşad Musayevin SEÇKİ PLATFORMASI
Siyasət

Böyük Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Elşad Musayevin SEÇKİ PLATFORMASI

Əziz seçicilər!

7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşları Prezident seçkisində iştirak edəcək və öz konstitusion hüquqlarından istifadə edərək ölkənin gələcək rəhbərini müəyyənləşdirəcəklər.

Bu seçki ilk dəfə Xalq-Ordu birliyi nəticəsində ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizin bütün ərazisini əhatə edəcəkdir. Uşaqdan-böyüyə şanlı Vətən müharibəsi Zəfərində payı olan qalib vətəndaşlarımız bu seçkidə yeni qalibiyyət dastanı yazacaqlar.

Azərbaycanın sərhədlərinin tamlığı, suverenliyi, dünya birliyində layiqli yerini tutması, ölkədə demokratiyanın daha da inkişaf etməsi və vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin olunması üçün siyasi proseslərdə təmsil olunan Böyük Azərbaycan Partiyası bu seçkilərdə mənim namizədliyimi irəli sürmüşdür.

Bu böyük məsuliyyət və vəzifəni dərk edərək Prezident seçkilərində iştirak edirəm. Namizədliyim üçün mənə dəstək göstərmiş minlərlə partiya üzvümüz və vətəndaşlarımızın etimadını doğrultmaq ən böyük amalımdır. Seçki Platforması ilə tanış olduqdan sonra bu seçkilərdə mənə etimad göstərəcəyinizə inanıram.

Sizləri seçkilərdə fəal iştirak etməyə dəvət edirəm.

Böyük və Güclü Azərbaycan Naminə!

Dövlətçilik və qanunçuluq

  • Dövlətin vətəndaşlar qarşısında vəzifə qoymaqla yanaşı, həm də vətəndaşın hüquqlarının layiqli təminatçısına çevrilməsi;
  • Demokratik-hüquqi bazanın təkmilləşdirilməsi, daha demokratik və qanuni prinsiplər əsasında idarəçiliyin həyata keçirilməsi;
  • Dövlətin bütün vətəndaşlar qarşısında bərabər imkanlar yaratması və hər kəsin savadı, qabiliyyəti müqabilində cəmiyyətdə mövqe qazanmasına nail olunması;
  • Qanunların icra mexanizmlərinin təkmilləşdirilməsi;
  • Tutduğu vəzifədən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyinin ədalətli təmin olunması;
  • Məhkəmələrdə və digər hüquq-mühafizə orqanlarında yalnız qanunlara əsaslanan qərarların verilməsinə nail olunması.

Azərbaycanın milli təhlükəsizliyi və ordu quruculuğu

  • Ölkənin milli təhlükəsizliyinin bütün sferalarda layiqli təminatı;
  • Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının uğurla həyata keçirilməsi;
  • Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin milli ideya kimi gündəmdə saxlanması;
  • Qazax rayonuna aid 7 kəndin və Kərki kəndinin işğaldan azad olunması;
  • Ermənistanın sülhə məcbur edilməsi, delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi;
  • Zəngəzur dəhlizinin açılması, tarixi torpaqlarımızla, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın pozulmuş hüquqları ilə bağlı məsələlərin gündəmdə saxlanılaraq həll olunması;
  • İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması;
  • Böyük Qayıdışın təmin olunması;
  • Azərbaycanda güclü ordu quruculuğunun davam etdirilməsi, müasir silahlı qüvvələrin formalaşdırılması, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları siyahısında mövqeyinin möhkəmləndirilməsi;
  • Silahlı Qüvvələrin maddi-texniki təminatının ən müasir silahlarla daha da gücləndirilməsi;
  • Azərbaycanın silah-sursat istehsalının təkmilləşdirilməsi və genişləndirilməsi.

Sosial-iqtisadi inkişaf

  • İşsizliyin aradan qaldırılması, yüksək əmək haqqı, pensiya, müavinətlər, uşaq pulu vermək üçün ölkənin daha güclü iqtisadi inkişafına nail olunması;
  • Neft-qaz strategiyasının uğurla davam etdirilməsi;
  • Qeyri-neft sektorunun inkişaf etdirilməsi, xırda və orta biznesin stimullaşdırılması;
  • Alternativ enerji resurslarının inkişaf etdirilməsi, yaşıl enerji strategiyasının reallaşdırılması;
  • İnvestisiyaların təşviqi, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin təmin edilməsi;
  • Xüsusi mülkiyyətin toxunulmazlığına təminat verilməsi;
  • Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün dövlətin maliyyə dəstəyinin təmin edilməsi, kənd təsərrüfatı infrastrukturunun yenidən yaradılması;
  • Turizmin inkişaf etdirilməsi;
  • Regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün infrastrukturun yenilənməsi, yeni xidmətlər və istehsal sahələrinin, yeni iş yerlərinin yaradılması, yerli səviyyədə büdcələrin formalaşdırılması;
  • Yoxsulluğun aradan qaldırılması üçün dövlət siyasətinin dərinləşdirilməsi;
  • Dövlətin sosial müdafiə və sosial təminat xərclərinin artırılması, əmək haqlarının və sosial ödənişlərin artım dinamikasına nail olunması;
  • Şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, uşaqlara, tələbələrə güclü dövlət dəstəyinin təmin edilməsi;
  • Uşaqların daha yaxşı qidalanması, maddi və tibbi ehtiyaclarının təmin edilməsi, anaların sosial hüquqlarının genişləndirilməsi, çoxuşaqlı ailələrə dövlət dəstəyinin artırılmasına nail olunması.

Təhsil, səhiyyə və mədəniyyət

  • Azərbaycanda müasir təhsil infrastrukturunun formalaşdırılması, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin əmək haqqının artırılması;
  • Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin kəskin artırılması;
  • Gənclərin xaricdə təhsil almaları üçün dövlət proqramlarının genişləndirilməsi;
  • Rəqəmsal transformasiya, süni intellekt, müasir texnologiyalar kimi dövrün çağırışlarına gəncliyin cəlb olunması;
  • Müasir texnologiyaların tətbiq olunmasında gəncliyin rolunun artırılması və stimullaşdırılması;
  • Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi;
  • Əhalinin bütün tibbi xidmətlərə və dərmanlara əlverişli şərtlərlə çıxışının təmin edilməsi;
  • Səhiyyə infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması;
  • Əhalinin ödənişsiz dispanserizasiyasının davamlı təşkil edilməsi;
  • İcbari tibbi sığorta sisteminin inkişafı və əhatə dairəsinin, xidmətlər zərfinin genişləndirilməsi;
  • Azərbaycan mədəni irsinin qorunması üçün yeni proqramların başladılması;
  • Ölkəmizin mədəniyyət infrastrukturunun davamlı inkişaf etdirilməsi;
  • Kino və teatr sənətinin inkişafı üçün dövlət proqramlarının hazırlanması və tətbiqi;
  • İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin bərpasının davam etdirilməsi və bu irsin dünyada tanıdılması.

Gənclər və idman

  • Gənclərin cəmiyyətdə rolunun artırılması, milli ruhda tərbiyə alması, intellektual inkişafı, cəmiyyət həyatına inteqrasiyası, dövlət idarəçiliyinə cəlb olunması üçün dövlət dəstəyinin artırılması;
  • Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili, karyera quruculuğu üçün dövlətin diqqəti və dəstəyinin artırılması;
  • Vətən müharibəsindəki şanlı Zəfərin əldə edilməsində Azərbaycan gənclərinin möhtəşəm rolu nəzərə alınmaqla vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi üçün xüsusi proqramlar həyata keçirilməsi;
  • Gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların zərərli vərdişlərdən, kənar təsir və ideologiyalardan qorunması üçün proqramlar həyata keçirilməsi;
  • Azərbaycan idmanına dövlət dəstəyinin daha da artırılması.

Dövlət və ictimai münasibətlər

  • Ölkədə mövcud siyasi dialoqun daha da dərinləşdirilməsi;
  • Ölkənin taleyi və milli maraqlarla bağlı məsələlərdə ölkədaxili siyasi qüvvələrlə məsləhətləşmələrin aparılması;
  • Kənar qüvvələrin hakimiyyətlə müxalifət, siyasi qüvvələr arasındakı münasibətlərə müdaxilə etmə cəhdlərinin qarşısının alınması;
  • Ölkəmizə qarşı aparılan qərəzli və çirkin kampaniyalara qarşı iqtidar və müxalifətin birgə fəaliyyətinin təmin edilməsi.

Xarici siyasət

  • Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparması;
  • Vətən müharibəsindən sonra ölkəmizin xeyrinə yaranmış yeni reallığın beynəlxalq müstəvidə qəbul etdirilməsi;
  • Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımağa, eyni zamanda, sülh müqaviləsi bağlamağa məcbur edilməsi;
  • Vətən müharibəsi dövründə və sonra Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin davam etdirilməsi;
  • Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qərəzli və çirkin kampaniyanın qarşısının alınması üçün tədbirlər görülməsi;
  • Azərbaycanın dünyanın aparıcı təşkilatlarında və tədbirlərində təmsil olunmasının, beynəlxalq təşkilatlara rəhbərlik etməsinin təmin olunması;
  • Qardaş Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşməsinin təmin olunması;
  • Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün ölkəmizin səylərinin daha da artırılması;
  • Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsi;
  • Azərbaycanın İslam həmrəyliyi prinsipinə və müsəlman ölkələrinin legitim maraqlarına dəstək verməsi;
  • Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi dəstəyin davam etdirilməsi.

Əziz seçici, Böyük və Güclü Azərbaycan Naminə ELŞAD MUSAYEVƏ səs ver!

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır