ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Yolları təmir edən robot hazırlanıb

"Robotiz3d" şirkəti və Liverpul Universitetinin alimləri dünyada bir ilkə imza ataraq yollarda çuxurları tapa və təmir edə bilən avtonom robot hazırlayıblar. Süni intellektin dəstəyi ilə işləyən yeni sistemin yaxın günlərdə yollarda test  edilməsi nəzərdə tutulur.

"ARRES Prevent" adlı robot avtonom şəkildə yollara nəzarət edir və çuxurları aşkar edərək doldurur. Bu proaktiv yanaşma çuxurların əmələ gəlməsinin qarşısını almaqla bərabər, eyni zamanda təmir ehtiyacını da əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, robot  həm  vaxta və xərclərə qənaət, həm də  yollarda qəza hallarının baş verməsinin qarşısını almaqla təhlükəsizlik baxımından da çox sərfəlidir.   

Hesablamalara görə yeni sistem  təmir xərclərini 90 faiz azalda, sürətini isə 70 faiz  artıra bilər. Bundan əlavə, avtonom robot batareya enerjisi ilə işlədiyi üçün ətraf mühitə təsirini minimuma endirir. Şirkət hesab edir ki, bu texnologiya ənənəvi üsullarla müqayisədə karbon emissiyalarını üç dəfə azaldacaq. Ciddi laboratoriya sınaqlarından sonra "ARRES Prevent"in ilk dəfə İngiltərənin Hartfordşir şəhərinin yollarında istifadəyə verilməsi planlaşdırılır. Müvəffəqiyyətli olarsa, daha geniş istifadəsi həyata keçiriləcək.

Wi-Fi siqnalının ötürülməsində rekord

Son zamanlar istifadəçilərin çoxu Wi-Fi şəbəkələrinin məhdud əhatə dairəsinə malik olmasından şikayət edir. Hərdən bu əhatə dairəsi o qədər kiçik olur ki, evin daxilində belə bəzi yerlərdə internetin sürəti zəifləyir. Lakin Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən "Morse Micro" şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsində rekorda imza ataraq bu problemin aradan qaldırılmasına kömək edə bilər.

Şirkət apardığı təcrübə çərçivəsində Wi-Fi siqnalını 3 kilometr məsafəyə qədər ötürə bilib. Şəbəkə bağlantısının sürəti saniyədə 1 Mbit təşkil edib. Bu cür rekord göstərici aşağı enerji sərfiyyatına sahib MM6108 Wi-Fi HaLow çipi və kommersiya standartlı rabitə texnologiyasının sayəsində mümkün olub. Qeyd edək ki, sözügedən çip gələcəkdə kommersiya məqsədli məhsullara da inteqrasiya  edilə  bilər.

Çipin  əsas cəhətlərindən biri  Wi-Fi siqnalının yalnız uzaq məsafəyə çatması deyil, həm də şəhər ərazisində bütün simsiz müdaxilələrə, yəni parazitlərə baxmayaraq, işləməsidir. Maraqlısı budur ki, 3 kilometr məsafədə belə əldə edilən bu sürət videozəng üçün kifayət edir.

Süni zəka onları da gəlirlərindən məhrum edə bilər

Son dövrlər musiqiçilərin çoxu süni zəka texnologiyalarının sürətlə inkişaf etməsindən olduqca narahatdır. Musiqiçilər düşünürlər ki, bu texnologiya gələcəkdə onları gəlirlərindən məhrum edə bilər.

Fransa Müəlliflər, Bəstəkarlar və Musiqi Naşirləri Cəmiyyəti (Sacem) ilə onun Almaniyadakı analoqu olan GEMA-nın bu mövzuda aparmış olduqları sorğuda 15 000 nəfər musiqiçi  iştirak edib. Sorğuda iştirak edənlərin  71 faizi gələcəkdə süni zəka səbəbilə gəlir əldə etmək imkanından məhrum ola biləcəklərindən qorxur. Aparılmış tədqiqata əsasən musiqiçilərin gəlirləri 2028-ci ilə qədər 27 faiz  aşağı düşə bilər. Bu isə ümumilikdə 2.9 milyard dollara bərabərdir. Bununla belə sorğuda iştirak edənlərin 35 faizi yeni musiqilərin yaradılması prosesi çərçivəsində artıq süni zəka texnologiyasından istifadə edir. Sorğu iştirakçılarının 95 faizi isə süni zəka texnologiyalarının tərtibatçılarından şəffaflığın daha yaxşı şəkildə təmin olunmasını istəyib.

"Xiaomi" elektromobil istehsalına hazırlaşır

Məlumata görə, Çinin nəhəng avtomobil şirkəti "Xiaomi" "Xiaomi SU7" adlı ilk elektromobilinin kütləvi istehsalına start verməyi planlaşdırır.

Şirkətdən bildirilib ki, əgər hər şey plan üzrə gedərsə, elektromobilin istehsalına bu ayın  sonunda start veriləcək. İlkin mərhələdə 2000 ədəd elektromobil istehsalı nəzərdə tutulur. Daha sonra isə şirkətin qarşısına qoyduğu əsas məqsədlərdən biri elektromobil istehsalında tempi tədricən yüksəltməkdir. Qeyd edək ki, "Xiaomi" bu ilin iyul ayına kimi 10 000 ədəd elektromobil istehsal etməyi və daha sonra bu tempi qoruyub saxlamağı düşünür. "Xiaomi SU7"nin nə zaman satışa çıxacağına gəldikdə isə satışlara artıq yaz fəslində start verilə bilər. Qeyd etmək lazımdır ki, elektromobilin satış qiyməti barəsində hələ rəsmi bir məlumat verilməyib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".