Ömrü uzadan giləmeyvə
Bəşəriyyətin yaranışından bəri insanlar daim ömrü uzadan qidaların axtarışındadır. Təkcə sadə insanlar deyil, elm adamları da bu istiqamətdə dayanmadan araşdırmalar aparırlar. Bu yaxınlarda alimlər qara qarağatın insan ömrünü nə az, nə çox - düz 10 il uzatdığını müəyyən ediblər.
Mütəxəssislər bu meyvənin qan dövranını heyrətamiz dərəcədə, 45 faiz artırdığını və beləliklə də ömrün uzadılmasına töhfə verdiyini deyirlər.
Tədqiqatçılar qara qarağatın mühüm keyfiyyətlərini və onların arterial sağlamlığa təsirlərini aşkar ediblər. Hətta bir həftəlik qəbul belə ümumi qan dövranı üçün effektiv nəticələr verə və bədənin saatını 10 il geriyə çevirməyə kömək edə bilər.
Araşdırmanın nəticələrinə görə, qara qarağat sağlam qan dövranının həyati orqanların optimal funksiyasını saxlamaqda uzunömürlülük üçün əsas olduğunu sübut edir. Qarağatın ürək-damar sağlamlığı üçün faydaları ilə bağlı böyük bir irəliləyiş əldə edilib. Belə ki, qara qarağat ekstraktından istifadə əzələ daralması zamanı əsas arteriyaya qan axınını 45 faizə qədər artırır.
Tədqiqatçılardan professor Willems klinik əhəmiyyətli dəyişikliklərin yalnız dörddən yeddi günə qədər müşahidə edildiyini, qan axınına təşviq edən təsirlərin arteriyaları genişləndirən, bununla da əzələlərə, toxumalara və digər həyati orqanlara qan dövranını artıran antosiyaninlərə qədər azaldığını qeyd edib: "Biz sadəcə olaraq antosiyaninin sağlamlığa təsir etmək üçün əhəmiyyətli potensialının səthini cızırıq. Qarağatın tərkibindəki birləşmələr qan damarlarını daha sağlam və gənc edir". Qara qarağat ekstraktının qan damarlarımıza faydalı təsir göstərmək üçün profilaktik bir dərman kimi çıxış edə biləcəyi mühüm tapıntıdır", - deyə o, əlavə edib. Professorun sözlərinə görə, bu birləşmələr yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər. Yüksək qan təzyiqi tez-tez "səssiz qatil" adlandırılır, çünki bu, bütün dünyada əsas ölüm səbəblərindən biridir. O, ürək çatışmazlığı, koronar arteriya xəstəliyi, insult, periferik arteriya xəstəliyi kimi saysız-hesabsız halların arxasındadır.
Gözlərinizin nurunu qorumaq istəyirsinizsə...
Yay mövsümündə üstünlük verdiyimiz qidalardan biri də qarğıdalıdır. Orqanizmimiz üçün vacib minerallarla zəngin olan bu qida tərkibindəki kalium sayəsində qan təzyiqini aşağı salmağa, sümükləri möhkəm tutmağa və böyrək daşlarının qarşısını almağa kömək edir. Qarğıdalıda olan lutein və zeaksantin kimi tanınan iki ümumi birləşmə isə gözlərin sağlamlığı üçün olduqca faydalıdır.
"Nutrients" jurnalında dərc olunan hesabata görə, bu iki birləşmə torlu qişada olan əsas piqmentlərdir ki, gözləri mavi işıqdan qorumaq üçün çox vacibdir. Onlar yalnız mavi işıq tərəfindən zədələnməkdən qorunmur, həm də katarakt və makula degenerasiyası kimi yaşla bağlı problemlərə kömək edir.
Bu səbəbdən də mütəxəssislər hər gün qida rasionunda qarğıdalı istehlakını tövsiyə edirlər. Bundan əlavə, faydalı antioksidantlarla zəngin olan qarğıdalı yüksək lif tərkibi və aşağı kalorisinə görə toxluq hissi yaradır ki, bu da çəkini normada saxlamağa kömək edir. Qarğıdalı çoxlu B vitamini ehtiva edir.
Belə ki, bu qida həmçinin bədəndə enerji mübadiləsində və digər vacib funksiyalarda rol oynayan iki əsas vitamin olan B6 və B9 vitaminləri baxımından zəngindir. Odur ki, bir porsiya qarğıdalı istehlakı ilə B vitaminlərinin gündəlik tövsiyə olunan dəyərini qarşılaya bilərsiniz.
Hansı əlamətlər gizli infarktdan xəbər verir?
Elm adamları müəyyən ediblər ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir. Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Bu isə daha çox orta yaşlı kişilərdə rast gəlinir. Bəs nədir gizli infarktın səbəb və əlamətləri?
Gizli infarkt kəskin infarktdan fərqli olaraq özünü o qədər zəif göstərir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir. Məsələn, gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, nəfəs çatışmazlığı, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bir çoxları isə artıq qocalığın əlaməti kimi düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar. Adətən insan ürək tutmasını soldan gözləyir, amma bəzən infarkt ürəyin sağa doğru hissəsində baş verərsə ağrı sağa və ya bütünlükdə döş qəfəsinin mərkəzinə yayıla bilər. Hansı əlamətlər gizli infarktdan xəbər verir?
Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq - bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır; ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq - boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s. dərindən tənəffüz zamanı sanki sinədə sıxılma; qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara-sıra ürəkbulanma.
Ən maraqlısı isə odur ki, bəzən xəstə heç bunları da hiss etmir. Alimlər 45-84 yaş arası 2000 kişi və qadını müayinə ediblər. 10 il sonra təkrar olaraq bu pasiyentlər müayinə olunub. Onların 8 faizinin ürəyində infarkt izi olan çapıq aşkarlanıb. Halbuki, bu şəxslər infarkt olduqlarını heç bilməyiblər.
Təzyiqi olanlar, bu içkidən uzaq durun!
Jiao Tong Universitetinin alimləri qəhvənin hipertoniyalı insanlarda infarkt keçirmək ehtimalını artırdığını iddia edirlər.
Çin tədqiqatçıları aşkar ediblər ki, qəhvə içən hipertoniyalı insanlarda kalsium duzlarının intensiv şəkildə yığıldığı qarın aortasının kalsifikasiyası riski yüksəkdir. Belə ki, kalsifikasiya aortanı elastiklikdən məhrum edir, daha kövrək və zədələnməyə meyilli olur. Onun həssaslığı insult və infarkt meylinə təsir göstərir.
Araşdırmalar zamanı alimlər 2500-dən çox insanı müayinə ediblər. Mütəxəssislər çoxlu qəhvə içən insanlarda hipertoniya ilə yanaşı, qarın aortasının kalsifikasiyaya meyilli olduğunu müəyyən ediblər.
Şiddətli kalsifikasiya riski hipertaniya mövcudluğunda yüzdə 70-ə qədər artım qeydə alınmışdır. Tədqiqatçılar, həmçinin qəhvənin qan təzyiqinin kəskin sıçrayışına səbəb ola biləcəyini, endotel funksiyasını zəiflədə biləcəyini, yuxu pozğunluğuna səbəb ola biləcəyini də irəli sürüblər.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".