Vətənpərvərlik nümunəsi
Sosial həyat

Vətənpərvərlik nümunəsi

44 günlük haqq savaşında Vətən, millət sevgisi ilə şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Nurlan Fərrux oğlu Əbilovdur. Vətənpərvərliyin ən ali məqamına yetişməklə ölümsüzlük qazanan bu igidimiz Masallı rayonunun Ağakişibəyli kəndində dünyaya göz açıb. Vətənpərvər ruhda böyüyən Nurlanı tale lap uşaq yaşlarında ağır sınaqlar qarşısında qoyub. Həyatı dərk etməmiş atasını, 23 yaşında isə anasını itirib.

Nurlan Əbilov Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub. Gələcəyi parlaq olsun deyə yaxşı da oxuyub. Amma anası xəstə yatdığına görə təhsilini dondurmaq məcburiyyətində qalıb. Təəssüf ki, nə qədər çalışsa da anasını zalım xəstəliyin əlindən ala bilmir. Əvəzində ana qədər əziz bildiyi Vətənin qisasını düşməndən almaqdan ötrü ordu sıralarına gedib. Cəbhə bölgəsində əsgəri borcunu yerinə yetirən Nurlan Əbilov ilk gündən nümunəvi xidməti ilə seçilib, mərd, cəsur, həyatın ağır üzünü görmüş ağıllı bir gənc kimi əsgər yoldaşlarının, komandirlərin sevimlisi olub.

Bitib-tükənməyən Vətən sevgisi Nurlan Əbilovu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində odlu-alovlu səngərə aparıb. Neçə-neçə çətin döyüşün qəhrəmanı olub Nurlan. Füzulinin azad edilməsi uğrunda isə yüksək şəxsi rəşadət və şücaət nümayiş etdirib. 8 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ömrünün bahar çağında - 26 yaşında əbədiyyət adlı dünyasına qovuşub.

Masallının Şərəfə kəndində əbədi məkan tapan Nurlan Əbilov Vətən sevgisi ilə bərabər iki övlad bizlərə əmanət qoyub. Layiq olduğu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları onun müharibə zamanı göstərdiyi qəhrəmanlığa verilən layiqli qiymətdir.

Zəfər ORUCOĞLU.