Qələmim diqqətlə yaz
Şeiri məhəbbətlə yaz.
Şeir ürəkdir ürək
Ürək döyünsün gərək.
Bu misralar Mirvarid Dilbaziyə məxsusdur. Bu il Əməkdar mədəniyyət işçisi, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunmuş müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə Cəbrayıl Rayon Mərkəzi Kitabxanasında tədbir keçirildi.
Tədbirdə çıxış edənlər görkəmli şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək diqqətə çatdırdılar ki, ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edən Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin mayasından qidalanmış, el məhəbbəti qazanmışdır.
Sonda rayonun Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şairin şeirləri səsləndi.
Tofiq HÜSEYN,
“Respublika”.