DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN AVROPA İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞA HAZIR OLDUĞUNU BİLDİRİB

Çin azad ticarəti dəstəkləmək, çoxqütblü dünyanı və inklüziv iqtisadi qloballaşmanı təşviq etmək üçün Avropa İttifaqı (Aİ) ilə işləməyə hazırdır. “Röyters” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin xarici işlər naziri Van İ İspaniyaya səfəri zamanı bəyan edib.

XİN başçısının sözlərinə görə, Çin Aİ-ni “çoxqütblü modeldə mühüm qüvvə” hesab edir və Avropaya inteqrasiyanı, Aİ-nin inkişafı və böyüməsini, eləcə də strateji muxtariyyət siyasətini dəstəkləyir.

Baş diplomat bildirib ki, Çin ilə Aİ həmrəylik və əməkdaşlığı gücləndirdikcə, blok qarşıdurması yaranmayacaq.

Eyni zamanda, Van İ qeyd edib ki, Çin İspaniya ilə yüksək səviyyəli mübadilələri davam etdirməyə, inkişaf strategiyalarında sinerjini gücləndirməyə və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Agentlik xatırladıb ki, Aİ Çinlə iqtisadi asılılığı azaltmaq siyasəti aparır, blok Rusiya ilə sıx əlaqələri səbəbindən Çinə şübhə ilə yanaşır.

ALEKSANDR LUKAŞENKO XALQI MÜHARİBƏYƏ HAZIR OLMAĞA ÇAĞIRIB

Belarus prezidenti Aleksandr Lukaşenko xalqı müharibəyə hazır olmağa çağırıb. “Teleqraf.com”un xəbərinə görə, dövlət başçısı bu barədə ölkəsinin təhlükəsizlik qurumlarının rəhbərləri ilə iclasında bildirib.

“Belarus müharibənin əleyhinədir, lakin biz buna həm əqli, həm də strateji cəhətdən hazır olmalıyıq”, - deyə Lukaşenko vurğulayıb.

Bununla yanaşı, Belarus lideri qeyd edib ki, qlobal münaqişənin diplomatiya yolu ilə həllinin mümkünlüyü ilə bağlı illüziyalardan imtina edilməlidir.

“Qərbin münasibəti belədir ki, onlarla olmayanlar zorla aradan götürülməlidir. Beynəlxalq təşkilatlar da tamamilə gözdən salınıb. Bu gün vəziyyəti real qiymətləndirmək və fəal hərəkət etmək son dərəcə vacibdir, səhvlər yolverilməzdir”, - deyə prezident əlavə edib.

Lukaşenkonun iddiasına görə, Qərb Belarusu müharibəyə sürükləməyə çalışır: “Bizi bir hiylə ilə bu savaşa sürükləmək istəyirlər. Əlimizdə məxfi məlumatlar var. NATO-nun aparıcı üzv ölkələrindən birinin baş qərargah rəisinin bu barədə nə düşündüyünü dəqiq bilirik”.

İSVEÇ UKRAYNAYA BÖYÜK YARDIM PAKETİ AÇIQLAYIB

İsveç Ukraynaya 1,1 milyard kron dəyərində yeni hərbi yardım paketi elan edib. “Report” agentliyinin “RBC-Ukraina”ya istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin müdafiə naziri Pol Conson məlumat verib.

“Ukraynanı dəstəkləməklə biz həm də öz təhlükəsizliyimizə sərmayə qoyuruq. Əgər Rusiya bu dəhşətli müharibədə qalib gələrsə, bizim indiki ilə müqayisədə təhlükəsizliklə bağlı daha böyük problemlərimiz ola bilər”, - deyə müdafiə naziri bildirib.

Eyni zamanda, nazirin sözlərinə görə, 15-ci yardım paketinə 10 döyüş kateri və digər növ 20 kater, həmçinin İsveçin əvvəllər göndərdiyi “Archer” sisteminə uyğun gələn sualtı silahlar - minalar, torpedalar, artilleriya sursatları daxildir.

Bununla yanaşı, İsveç Ukraynaya “Robot 70” hava hücumundan müdafiə sistemi, tank əleyhinə raketlər, “Carl Gustaf” qumbaraatanları və əl qumbaraları, tibbi avadanlıqlar və s. göndərəcək.

BEYNİNƏ ÇİP YERLƏŞDİRİLƏN İNSANLA BAĞLI AÇIQLAMA

Amerikalı biznesmen İlon Maskın sahibi olduğu “Neuralink” şirkətinin beyninə çip yerləşdirdiyi ilk insan tam sağalıb. “Trend” agentliyinin xəbərinə görə, İlon Mask bu barədə sahib olduğu “X” sosial şəbəkəsində qeyd edib.

İş adamının sözlərinə görə, pasiyent özünü yaxşı hiss edir və artıq düşüncə yolu ilə kompüterin kursorunu idarə edə bilir.

Bununla yanaşı, biznesmen bildirib ki, hazırda “Neuralink” pasiyentin mümkün qədər çox düyməyə basa bilməsi üçün çalışır.

Qeyd edək ki, şirkətin “Telepathy” adını verdiyi çip ötən ay könüllü pasiyentin beyninə implantasiya olunub.

Məlumata görə, çip baş beyin xəstəliklərindən əziyyət çəkən və motor funksiyaları ciddi şəkildə pozulmuş insanlar üçün nəzərdə tutulub. Belə ki, bu çip sayəsində pasiyentlər öz telefon, kompüter və digər cihazlarını düşüncə yolu ilə idarə edə biləcəklər.

TÜRKİYƏDƏ FRANSA CASUS ŞƏBƏKƏSİNƏ QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı üç şübhəli saxlanılıb. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onların suriyaəsilli olduqları qeyd edilib.

Məlumata əsasən, MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.

Açıqlamaya görə, üç nəfərlik qrupa Ahmet Katie adlı şəxs rəhbərlik edib. Onların Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta informasiyalar toplayıb Fransa kəşfiyyatına ötürməsi üzə çıxıb.

Bununla yanaşı, xəbər verilir ki, onlar Fransa kəşfiyyatına bir il müddətində casusluq ediblər.

BMT-NIN BAŞ KATİBİ: ƏFQANISTANLA BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB

Beynəlxalq nümayəndələr Qətərin paytaxtı Dohada keçirilən iki günlük görüşdən sonra  fevralın 20-də Əfqanıstanla bağlı bəzi əsas məsələlər üzrə konsensus əldə ediblər. Bildirilir ki, Əfqanıstan üzrə xüsusi elçilər fəaliyyət planı üzrə razılığa gəliblər. “Trend” agentliyinin məlumatına görə, bu barədə mətbuat konfransı zamanı BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

“Biz istəyirik ki, Əfqanıstan sülh, ölkə daxilində və qonşu dövlətlərlə sülh şəraitində yaşasın və beynəlxalq ictimaiyyət, qonşuları və öz xalqının hüquqları ilə bağlı suveren dövlətin öhdəliklərini öz üzərinə götürə bilsin”, - deyə baş katib vurğulayıb.

Bununla yanaşı, Antonio Quterreş əlavə edib ki, konfrans nümayəndələri lazımi addımlar barədə qarşılıqlı anlaşma əldə ediblər.

BMT-nin rəhbəri ölkə əhalisinə səmərəli humanitar yardımın göstərilməsinin zəruriliyindən danışıb, həmçinin Əfqanıstanın uzunmüddətli inkişafı məsələsinə toxunub.

Qeyd edək ki, BMT baş katibinin sədrliyi ilə keçirilən iclasda 20-dən çox ölkənin və beynəlxalq təşkilatın, o cümlədən Çin, Rusiya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Əfqanıstan hökumətinin nümayəndələri görüşə qatılmayıb. Antonio Quterreş bunu “Taliban” tərəfindən qəbuledilməz şərtlər irəli sürülməsi ilə izah edib.

BU ÖLKƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN BƏRİ ƏN BÖYÜK DONANMA QURACAQ

Avstraliya bölgədə silahlanma yarışının sürətlənməsi fonunda iri hərbi gəmilərdən ibarət donanmasını ikiqat çoxaltmaq və müdafiə xərclərini əlavə 7 milyard dollar artırmaq üçün onillik planını açıqlayıb. Bu barədə “France-Press” agentliyi xəbər verib.

Bildirilir ki, plana əsasən, Avstraliyanın 26 böyük suüstü döyüş gəmisindən ibarət donanması olacaq. İndi onların sayı cəmi 11-dir. “Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri sahib olacağımız ən böyük donanmadır”, - deyə ölkənin müdafiə naziri Riçard Marles bəyan edib.

Avstraliya altı “Hunter” sinfinə aid freqat, 11 ümumi təyinatlı freqat və ekipaj tələb olunmayan altı ən müasir suüstü döyüş gəmisi hazırlayacaq.

Donanmanın ən azı bir hissəsi düşmən ərazisinin dərinliklərindəki hədəflərə uzunmənzilli zərbələr endirməyə qadir olan “Tomahawk” raketləri ilə silahlanacaq.

Agentlik qeyd edib ki, rəsmi Kanberranın bu bəyanatı Çin və Rusiya militarizasiyası, habelə ABŞ-ın başçılıq etdiyi müttəfiqlər və getdikcə hərbiləşən avtoritar hökumətlər arasında artan qarşıdurma fonunda verilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.