DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AĞ EVDƏN COZEF BAYDENIN YAXIN ŞƏRQ SƏFƏRININ YEKUNLARINA DAIR BƏYANAT

ABŞ prezidenti Cozef Bayden 13-16 iyul tarixlərində regiona səfəri zamanı sabit enerji təchizatının təmin edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Yaxın Şərq liderləri ilə görüşüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin Amerika liderinin səfərinin yekunlarına dair yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, sənəddə qeyd olunur ki, Bayden Yaxın Şərq ölkələrinin liderləri ilə dünyada enerji sahəsində qeyri-sabitliklə bağlı mövcud problemlərin həllinin vacibliyindən danışıb.

Eyni zamanda, tərəflər 2022 və 2023-cü illərdə istehsalçı ölkələrdən sabit təchizatı təmin etməklə, o cümlədən emal gücünə investisiyaları artırmaqla artan enerji xərclərinə cavab verməyi müzakirə ediblər.

“Prezident Bayden OPEC+-un iyul və avqust aylarında tədarük artımı ilə bağlı son açıqlamasını alqışlayıb. ABŞ lideri, ölkədə rekord hasilatın fonunda bazar şərtlərindən və təhlillərdən asılı olaraq, qarşıdakı aylarda əlavə tədarük artımını gözləyir”, - deyə məlumatda vurğulanır.

 

TANJU BILGIÇ: TÜRKIYƏ QAÇQIN DÜŞƏRGƏSINƏ ÇEVRILMƏYƏCƏK

Türkiyə heç bir başqa ölkə üçün qaçqın düşərgəsi kimi xidmət etməyəcək və heç bir halda üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç bəyan edib.

Müvafiq açıqlama İngiltərə mətbuatında baş nazir postuna namizədlərdən biri olan Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Ruanda ilə bağlanan sığınacaq sahəsində tərəfdaşlıq müqaviləsinə bənzər bir razılaşmanın imzalanmasını Türkiyədən tələb edə biləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra verilib.

Tanju Bilgiçin sözlərinə görə, Türkiyənin üçüncü ölkələrin tələbi ilə sığınacaq hüququna dair beynəlxalq normalara uyğun gəlməyən təşəbbüsün bir hissəsi olmasından söhbət gedə bilməz.

 

PESKOV UKRAYNADAKI ƏMƏLIYYATIN BITMƏ VAXTINI AÇIQLAYIB

Rusiyanın Ukraynada xüsusi əməliyyatı bütün hədəflərə nail olunduğu zaman başa çatacaq. “APA”nın verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İranın dövlət teleradio şirkətinə açıqlamasında bildirib.

Mətbuat katibi qeyd edib ki, hərbi əməliyyatların başa çatdırılacağı konkret vaxt çərçivəsi yoxdur və burada əsas məsələ effektivlikdir.

Eyni zamanda, Dmitri Peskov Rusiya ordusuna mülki infrastrukturu zədələməmək və mülki itkilərdən çəkinməklə bağlı aydın göstəriş verildiyini vurğulayıb.

Peskov həmçinin Qərbin Rusiya və İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən qeyd edib ki, bu, hər iki ölkənin müstəqilliyi və suverenliyinin qarşılığında ödədiyi qiymətdir.

 

BVF QLOBAL IQTISADI ARTIMLA BAĞLI PROQNOZUNU AZALDACAQ

Beynəlxalq Valyuta Fondu (BVF) növbəti hesabatında qlobal iqtisadi artım proqnozunu “əsaslı şəkildə azaltmağı” planlaşdırır. “Trend” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu İndoneziyada keçirilən sammitdən sonra BVF-nin Strategiya, Siyasət və Analiz Departamentinin direktoru Ceyla Pazarbaşıoğlu bəyan edib.

Direktorun sözlərinə görə, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan bazarlara kapital axınının azalması, davam edən pandemiya və Çin iqtisadiyyatında yavaşlamanın mövcud olduğu bir şəraitdə siyasətçilər strategiya qurmaqda çətinlik çəkir.

“Zərbə ardınca zərbə həqiqətən də qlobal iqtisadiyyata ciddi təsir edir. Proqnozumuzu xeyli aşağı salacağıq”, - deyə Ceyla Pazarbaşıoğlu vurğulayıb.

 

ZELENSKI UTX RƏHBƏRINI VƏ BAŞ PROKURORU NIYƏ VƏZIFƏDƏN AZAD EDIB?

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin və baş prokurorun vəzifəsindən kənarlaşdırılması səbəbi məlum olub. Bu barədə “Report” agentliyi Ukrayna prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verib.

Məlumata əsasən, Zelenski ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan məxfi əlaqələrə görə İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb.

Bununla yanaşı, prezident bildirib ki, hazırda dövlətə xəyanət və prokurorluq, ibtidai istintaq orqanları və digər hüquq-mühafizə orqanları əməkdaşlarının birgə fəaliyyətinə görə 651 cinayət işi qaldırılıb.

Verilən xəbərə görə, 198 prosesdə şəxslərin şübhəli əməlləri ilə bağlı bildiriş daxil olub. O cümlədən, prokurorluq və Təhlükəsizlik Xidmətinin 60-dan çox əməkdaşı işğal olunmuş ərazilərdə qalıb və Ukraynaya qarşı fəaliyyət göstərir.

 

SURIYA ILƏ BAĞLI DANIŞIQLAR TƏXIRƏ SALINIB

Cenevrədə Suriya Konstitusiya Komitəsinin növbəti iclası təxirə salınıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə məlumatı BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen təsdiqləyib. O, həmçinin danışıqların təxirə salınmasının səbəblərini açıqlamayıb.

İsveçrə mətbuatının məlumatına əsasən, Suriya hökumətini dəstəkləyən Rusiya tərəfi hələ iyun ayında danışıqların məkanının dəyişdirilməsi təklifini irəli sürüb. Buna səbəb kimi İsveçrənin öz neytrallığını itirməsi göstərilib.

İlkin olaraq iyulun 25-dən 29-dək nəzərdə tutulan danışıqlarda Suriyanın hökumət, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri sayca doqquzuncu dəfə bir araya gəlməli idilər.

Qeyd edək ki, Konstitusiya Komitəsinin əsas işi artıq 11 ildən bəri vətəndaş müharibəsi içərisində olan Suriyanın böhrandan çıxarılması üçün yeni konstitusiyanı hazırlamaqdır.

 

BÖYÜK BRITANIYADA ANOMAL ISTILƏR HÖKM SÜRÜR

Böyük Britaniya sakinləri ölkənin bir sıra bölgələrində  anomal istilərə hazırlaşır. “Report”un verdiyi xəbərə görə, ölkədə 39 dərəcəyə qədər isti gözlənilir. Bu həftənin sonunda isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Böyük Britaniya tarixində ilk dəfə istilər səbəbindən təhlükənin ən yüksək səviyyəsi - “qırmızı xəbərdarlıq” elan edilib. Sakinlər mümkün qədər evdə qalmağa, həm şəxsi nəqliyyat, həm də qatarla səyahət etməkdən çəkinməyə çağırılıb.

Anomal istilər səbəbindən ölkənin bəzi bölgələrində, xüsusən də Nottinqhempşir və Hempşir qraflıqlarında məktəblər bağlanıb. Bundan əlavə, Lankaşirdə at yarışları, Berkşirdə isə parad kimi, müxtəlif ictimai tədbirlər ləğv edilib.

 

ƏFQANISTANDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERIB

Əfqanıstanda iyulun 18-də güclü zəlzələ baş verib. “APA”nın "Bakhtar" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ Paktika əyalətinin Qayan rayonunda qeydə alınıb.

Məlumata əsasən, ABŞ Geoloji Araşdırmalar İnstitutunun açıqlamasına görə, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələnin gücü 5,1 bal təşkil edib.

Şahidlər dağıntıların və ölüm hallarının olduğunu bildirsə də, hələ ki, təbii fəlakətin nəticələri ilə bağlı dəqiq məlumat verilmir.

Xatırladaq ki, təxminən bir ay əvvəl Paktika vilayətinin Qayan, Burmal və Spera rayonlarında baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı olmuşdu.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.