İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Prezident Kuboku-2024" yenidən Kanoe Assosiasiyasının təqvimində

Avropa Kanoe Assosiasiyası (ECA) "Prezident Kuboku-2024" beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.

Təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər və bir gün sonra Mingəçevirdə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Eyni gündə yarışların final görüşləri olacaq. Xatırladaq ki, "Prezident Kuboku-2023" beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.

Atıcılarımız Vətənə qayıdıblar

Macarıstanın Dyör şəhərində keçirilmiş güllə atıcılığı üzrə Avropa çempionatında uğurla çıxış edən gənclərdən ibarət Azərbaycan millisi Vətənə dönüb.

Azərbaycan yığması turnirdə üç bürünc medal qazanıb. Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv komanda yarışında, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda isə trio yarışında 3-cü yeri tutublar.

Ultra marafonun ikinci mərhələsi yekunlaşıb

"İdman həftəsi" çərçivəsində "Qürurla irəli!" şüarı ilə təşkil edilən Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsi keçirilib.

84 kilometr məsafəni əhatə edən və Yevlax şəhərindən start götürən ikinci mərhələdə 36 nəfər iştirak edib. Bu mərhələ Ucar şəhərində başa çatıb. Finişə çatan 21 nəfər arasında Ağa Əliyev birinci, Elmir Əskərov ikinci, Artyom Əliyev üçüncü olublar. Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) yürüşü birinci, Leyla Abidinova (Azərbaycan) və Nataliya Vallek isə ikinci yerdə başa vurublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".