Laçın: həsrət vüsala, kədər sevincə çevrilir
Sosial həyat

Laçın: həsrət vüsala, kədər sevincə çevrilir

Yurd həsrəti ilə yaşayan, didərgin taleyin gərdişinə səbirlə dözən, torpaq, el-oba sözləri dilindən düşməyən, qəmini, kədərini qəlbində ovudan, danışanda kəlmələri göz yaşına qarışan, Laçın rayonundan olan Cahangir müəllimlə dəfələrlə həmsöhbət olmuşam.

Atasız böyüyən, anasının qabarlı əlləri ilə dolanan ailənin taleyi haqqında danışanda bu yaşlı insanın düşdüyü vəziyyət ürəyimi ağrıdırdı. Ali təhsilini çox kasıbçılıqla, biri olanda beşi olmayan, nimdaş paltarda, sözün əsl mənasında bir qarnı ac, bir qarnı tox, ağır həyat şərtləri altında uğurla başa vurub Laçına qayıdan Cahangir müəllim işləməyə başlayır, yaxşı əməkhaqqı alır, həyətlərində yeni ev tikdirir, ailə qurur. Mərhum danışırdı ki, müəllimlik edəndən sonra anamı işləməyə qoymadım, onun işləməkdən düyün bağlamış əllərini hər gün sinəmə sıxıb oxşayırdım, saçlarını hörürdüm, o qabarlı əllərini ölənə qədər gözlərimin üstündə saxladım. Qarabağ müharibəsində laçınlılar çox əziyyət çəkdilər, ölüb-itənimiz oldu, çox çətinliklə ailəmi Bərdə rayonuna gətirdim. Məcburi köçkünlüyün ağrılarına dözmək çox çətin idi, gecələr səssiz ağlayırdım, Laçınsız dözə bilmirdim. Xəyallarım hər gecə Laçına gedirdi, gəzdiyim ormanları, su içdiyim bulaqları, qoyun-quzu otardığım irəmələri, hər daşına nəfəsimiz hopmuş evimizi, anamın çörək bişirdiyi təndirimizi unuda bilmədim. Bir dəfə Cahangir müəllim söylədi ki, ömrümün köçü ötüb keçdi, daha çata bilmərəm, özgə laylasına yata bilmirəm, ay Laçın, al qoynuna mənə layla de, bəlkə küskün könlüm oyansın. Danışanda sözünün axırında vəsiyyət edirdi, Laçını görməmiş ölsəm ruhum burada amanat olacaq, nə vaxt Laçın azad edilsə didərgin ruhum o yerlərə qayıdacaq. Bu dərdli insan Laçının azad edilməsini görmədi, bir neçə il qabaq dünyasını dəyişdi. Cahangir müəllim özü qayıda bilməsə də, ruhu mütləq Laçına qayıtdı. Ermənistanın həyatını məhv etdiyi yüz minlərlə insandan biri də Cahangir müəllim idi, otuz ilə yaxın Laçın həsrəti ilə yaşadı, haylar tərəfindən vurulan maddi-mənəvi zərbələrə dözdü, lakin bir gün taqəti tükəndi. Ermənistanın, Xankəndi separatçılarının, dünya erməni lobbisinin, ermənipərəst qüvvələrin və daşnakların uzun illər ərzində maliyyə yardımı ilə hayları qələbəyə inandırmaq cəhdlərini müzəffər Azərbaycan Ordusunun bölmələri İkinci Qarabağ müharibəsində tamamilə məhv etdi və bu tarixi qələbəni əcnəbi hərbi ekspertlər Qafqazda fırtına adlandırdılar. Qeyd edirlər ki, 44 gündə Azərbaycan uğurlu strateji hücum əməliyyatı aparmağı bacarıb. Əməliyyata tanklar, digər zirehli maşınlar, müxtəlif artilleriya qurğuları, raket sistemləri və piyada birləşmələrinin istifadəsi də daxil quru qüvvələri geniş şəkildə cəlb edilib. Həmçinin pilotlu təyyarələr fəal şəkildə istifadə olunub. Hərbi ekspertlərin İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri qalib gəlib sözləri isə erməni yalanlarını bir daha ifşa edir.

 İşğalçılardan azad edilən torpaqlar şəhidlərin qanı ilə suvarılıb, hər qarış Vətən torpağı üçün oğullarımız hünər göstəriblər, düşmənin keçilməz hesab etdikləri müdafiə xətlərini darmadağın edərək irəliləyiblər, uzun illər ərzində işğalda qalan torpaqlarımızda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına həyat qayıdır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bir il bundan əvvəl Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməllərini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yüzə yaxın ailə Laçına qayıdıb, öz evlərində yaşayırlar.

 Bakı Abadlıq Xidməti MMC tərəfindən hazırda Laçın şəhərində 600-ə yaxın evin təmir-bərpa prosesi həyata keçirilir, kommunikasiyalar bərpa edilir, dam örtükləri yenilənir. Şəhərdəki 2 nömrəli tam orta məktəb yeni dərs ilində öz şagirdlərini qoynuna alacaq. Eyni zamanda, Zabux və Sus kəndlərində də bərpa-quruculuq işləri həyata keçirilir, ermənilər tərəfindən dağıdılmış və yandırılmış evlərin söküntü işləri başa çatdırılıb. İlkin mərhələdə Laçın şəhərinə təxminən 600 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə isə 73 ailə köçürüləcək. Artıq bir neçə gündən sonra Zabux kəndinə köç başlayacaq, artıq püşkatma mərasimi keçirilib. Laçına və ətraf kəndlərə köçürülən insanların məşğulluğunun təmin edilməsi üçün dövlət tərəfindən bütün tədbirlər görülür. Qeyd edək ki, Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunun artırılması məqsədilə inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır və tezliklə sənaye parkı fəaliyyətə başlayacaq. Burada fərqli sənaye parkları - heyvandarlıq və ətçilik sahələrini əhatə edən iş yerləri yaradılacaq. Sənaye parkında laçınlılar işlə təmin olunur və burada daimi vakansiyalar var, vətəndaşları istənilən vaxt müraciət edə bilərlər.

 Laçın şəhərinə qayıtmış Aqil Nağıyev bildirib ki, 1992-ci ildə mənfur ermənilərin hücumu nəticəsində 22 yaşında Laçından çıxıb. Qardaşı Cavanşir Nağıyev 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun illərdən sonra Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm. Allah Prezidentimizə möhkəm güc və cansağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah qazilərimizi qorusun, otuz ildən sonra Laçını görmək əsl möcüzədir, çox böyük xoşbəxtlikdir. Laçın şəhərindəki təzə evinə köçən Firuzə Həsənova 30 ili Vətən həsrəti ilə yaşadıqlarını deyib. Laçından çıxanda 46 yaşım və dörd övladım var idi. Hər biri Laçında dünyaya göz açıb. Həmişə Laçına qayıdacağımız günü gözləmişik. Həyat yoldaşım Vətən həsrəti ilə dünyasını dəyişdi. Heyif ki, o, bu günü görə bilmədi. Amma mən əminəm ki, onun ruhu bu gün şaddır, çünki həsrətimiz sona çatır, doğma yurdumuza geri dönürük. Bu xoşbəxtliyi bizə nəsib etdikləri üçün müzəffər ordumuza, Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq.

 Laçında həyata keçirilən layihələr, aparılan tikinti-quruculuq işləri bu şəhərin Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağından xəbər verir. Laçın təkcə gözəlliyi ilə deyil, həm də sakinlərin rahatlığı üçün yaradılan şəraitlə də diqqət çəkir. Belə ki, Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində evlərin dam örtüklərində quraşdırılan günəş panelləri hər bir ev üçün mərkəzləşdirilmiş qaydada ayrıca qurulmuşdur. Bu panellər şəhərin daha çox günəş tutan evlərində quraşdırılıb. Küçələr geniş və rahatdır, sakinlər üçün burada hər cür şərait yaradılıb. Qeyd edək ki, ötən gün daha 93 nəfərdən ibarət 23 ailə Laçına dönüb. Bununla da, Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib. Laçına qayıdanlar arasında Cahangir müəllimin övladları və nəvələri də var. Laçında tarixi anlar yaşanır, otuz ildən sonra burada həsrət vüsala, kədər sevincə qovuşur.

Salman ALIOĞLU,

"Respublika".