Torpaq çərşənbəsi
Mədəniyyət

Torpaq çərşənbəsi

Çərşənbələrin dördüncüsü Torpaq çərşənbəsidir. Ona xalq arasında "İlaxır çərşənbə", "Zında çərşənbə", "Yer çərşənbəsi", "Xak çərşənbə" də deyirlər. Əvvəlki həftələrdə oyanmış stixiyalar - su, od və yelin birgə səyi ilə torpaq da cana gəlir, yuxusundan ayılır. Donu açılır, hərarəti elə bir dərəcəyə çatır ki, artıq onu şumlamaq, toxum səpmək mümkün olur. İnsanlar üçün yeni əmək mövsümünün başlanması çox vacib bir hadisə idi. Çünki insanın həyatı, güzəranı, rifahı torpaqdan asılıdır. Torpaq həm də vətən anlayışının sinonimidir. Abbas Səhhətin dediyi kimi:

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Əsrlərin sınağından çıxmış atalar sözləri əcdadlarımızın torpağa münasibətini özündə əks etdirmişdir: "Torpaqdan pay olmaz", "Torpağa əyilən namərdə əyilməz", "Torpaq deyər:  "Öldür məni, dirildim səni", "Torpaq deyər:  "Sən mənə tər ver, mən sənə zər verim", "Torpağın qarası üz ağardar".

Mifoloji mətnlərdə torpağın qadın kimi təsəvvür edildiyini görürük. Ona "Ana Torpaq" deyilir. Bu da ilk növbədə, torpağın törətmək, çoxaltmaq qabiliyyəti ilə bağlıdır. Qədimdə həmin təsəvvürlərin nəticəsi olaraq müəyyən mərasimlər keçirilmişdir. Onlardan biri Səməni büsatıdır. Bildiyimiz kimi, səməni təbiətin, yaşıllığın rəmzidir. İnsanlar torpağı şumlayıb becərməzdən əvvəl onun artıq məhsul vermiş kiçik modelini evdə cücərdir, həftələrlə qayğısını çəkirdilər. Hətta səməninin bitməsindən asılı olaraq gələcək məhsulun necə olacağı haqqında fikir yürüdürdülər. Seyrək, əyri-üyrü bitən səməni məhsulun kasad, qıt, sıx bitmiş, düz, rəvan cücərmiş səməni isə nemətin bol olacağından xəbər verir. Mübarək torpaq çərşənbəsi axşamı hər ailədə "səməni mayası" hazırlayardılar. Bunun üçün səməni hələ göyərməmiş onun təzə cücərtilərini doğrayıb əzər, səməni həlimi düzəldərdilər. Sonra bütün məhəllə və ya kənd sakinləri təmiz çəmənlik və ya açıq tarlada onu bişirərdilər. Bu şənlik axşam başlayıb, sübhədək davam edərdi. Səməni mayasını səhər tezdən yeyirdilər. Onu həyatverici, ömür-gün uzadan, min bir dərdin dərmanı olan məcun, Ana Torpağın döş südü hesab edirdilər. Səməni mayasına müxtəlif ədviyyatlar və qoz tökməklə ondan halva da bişirərdilər.

Torpağın qadın, ana kimi təsəvvür edildiyini göstərən digər mərasim "Cütçü şumu" dur. Onun əsas qəhrəmanı olan Cütçü babanı uzaq keçmişdə Gülbaba, Turab baba, Dehqan baba çağırmışlar. O, insanlara ilk dəfə taxıl əkib-biçməyi öyrətmiş, cütçü, pir, övliya tək təsəvvür edilmişdi. Cütçü baba rolu üçün kəndin ən nüfuzlu, namuslu, uzunömürlü, nəvə-nəticə görmüş əkinçi el ağsaqqalı seçilirdi. Bəzən də kəndin ötən il bol məhsul götürmüş varlı sakini "hampa" bu rolu ifa edirdi. Mərasimi əvvəllər çox taxıl əkilən sahədə keçirsələr də, sonradan onu kotan üzü görməmiş, bu il əkiləcək xam torpaqda təşkil edirdilər. Çərşənbə gününün səhəri həmin yerə digöv adlanan, bir dənə də mismar vurulmadan kütöv iydə və ya ərik ağacından yonulan ibtidai bir kotan aparıb gün altında qızmağa qoyurdular. Onu güzgü qırıntıları, həmişəyaşıl bitki yarpaqları, qırmızı parça zolaqları ilə bəzəyib "Cüt gözəlləməsi" adlı bir hava səsləndirərdilər. Meydana bir cüt pak, seçmə ağ öküz gətirərdilər. Boyun-boğazı, buynuzları piylənmiş, zınqırovlar və qırmızı parçalarla bəzədilmiş öküzləri kotana qoşardılar. Əynində xəzi çölə çevrilmiş qoyun dərisindən gödək bir kürk, başında isə 7 qoyun dərisindən tikilmiş bir börk olardı. Cütçü baba əlindəki nazik zoğal çubuğunu öküzlər üzərində yellədər, o biri əli ilə kotanın dəstəyindən yapışıb çalınan musiqi sədaları altında üzü günəşə doğru yeriyər, "ho-ho" deyərək şuma başlayardı. Ətrafdakı insanlar "Allah qəbul eləsin", "Bərəkəti bol olsun" deyib dua oxuyardılar. Cütçü baba 2-3 şırım açmaqla torpaqdan 1 ovuc götürüb öpər, gözləri üstünə qoyub: "xoş gəlib, səfa gətiribsən" deyərdi. İştirakçılar bu hərəkəti təkrar edərdilər. Sonra anasının ilki olan bir qız uşağı bir cüt nar gətirər, baba narları bölüb, dənələrini torpağa səpərək deyərdi: "Şumunuz bərəkətli olsun". Yaxud, Cütçü babaya arasında taxıl olan bir süfrə verərdilər. Cütçü baba taxılı ovuclayaraq yenicə açılmış şırımlara səpələdikcə: "bir atdım, beş götürüm, mən qoydum, sən də qoy" deyərdi. Sonra o, ətrafdakılara "indi təbil çalın, bir səs salın (torpağa işarə edərək) ki, bəxtəvər cuşa gəlsin" sözlərilə müraciət edər və hamı əl çalıb, dəf-nağaranı bərkdən səsləndirərək hündürə hoppanmağa cəhd edərdi. Cavanlar cütçü babanın ətrafında yallı gedərək ayaqlarını möhkəmcə torpağa vurub onu qış yuxusundan oyatmağa çalışırdılar. Həmçinin əvvəlcədən əkin sahəsinin kənarına gətirilmiş qoyun sürüsünü şumlanmış sahəyə salardılar. Bu zaman torpağın iri topacıqları və kəsəkləri heyvanların ayaqları altında əzilər, torpağa səpilmiş toxumların üstü örtülərdi. Buna otlağı daramaq deyərdilər.

Torpaq çərşənbəsindən sonra tarladan torpaq üzərində qar, buz qalmamalıdır. Əks halda, torpaq boğula bilər. Bu, baş verməsin deyə həmin gün camaat üzərinə qar yağmış əkin yerlərini iri mal-qaraya tapdadar, üzərində at çapar, qarlı torpaq üstdə qoç və kəl döyüşü keçirərdilər. Bu çərşənbədə xalqımız bağ-bostanı, küçə və həyətlərdə ağacların dibindəki torpağı belləyib yumşaldar, xış-kotanı sazlayaraq, əkinə hazırlıq işlərini görüb qurtarar, təzə ilin ruzisinin təməlini qoyardı.

Axır çərşənbədə qapıya torba qoyub bayram payı yığmaq kimi qədim bir adət də mövcuddur. Müxtəlif vaxtlarda bu adət dəsmal, qurşaq, yaxud şal sallama şəklində həyata keçirilmişdir. Əslində, bu gün əyləncə xarakteri daşıyan bu adət qədim bir mərasimin qalığıdır. Məlumdur ki, insanlar o evdən, o ocaqdan köçmüş dədə-babalarının, əzizlərinin ruhlarının çərşənbə axşamında öz evinə qayıtdığına, orada baş verənləri müşahidə etdiyinə inanmış, onlar üçün bayram payı ayırmışlar. Bu gün qapını döyüb gizlənərək pay uman cavanlar bir vaxtlar ata-baba ruhunu təmsil edən üzübağlı, qara libaslı yaşlıları əvəzləyirlər. Həmin əyyamlardan bizi uzun bir dövr ayırdığından bu adətin əsl mahiyyəti, ilkin məqsədi unudulub təhrif olunmuşdur.

Torpaq çərşənbəniz mübarək!

Almara NƏBİYEVA,

Dədə Qorqud elmi-tədqiqat

laboratoriyasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru.