Azərbaycan dili dünyaya tarixi zəfərimizin zirvəsindən boylanır
Mədəniyyət

Azərbaycan dili dünyaya tarixi zəfərimizin zirvəsindən boylanır

Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl cavahirata dəyişməyin.

Şah İsmayıl Xətai.

Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd olunur.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı səbəbdən qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.

Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədris baxımından deyil, eyni zamanda qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan "ana dili" və ya "doğma dil" anlayışı bu gün qorunmağa və möhkəmlənməyə böyük ehtiyac duyur.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsilə xalqımızın ana dili də həqiqi dəyərini alaraq rəsmi səviyyədə dövlət dili elan edilmiş, cəmiyyətdə layiqli yerini tutmuşdur. 1995-ci il Konstitusiyasında bu status ən yüksək səviyyədə təsbit edilmişdir. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən ümummilli liderin 2001-ci il iyulun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamına əsasən ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurvericidir.

Ana dilimiz gündəlik fəaliyyətimizdə ən başlıca ünsiyyət vasitəsi kimi hamımızın duyğu və düşüncələrinə işıq salır, bizimlə birlikdə yaşayır, mübarizə aparır. Ən yüksək düşüncələrimizin ünvanlarından biri də ana dilimizdir. Ana dilimiz torpağımız, göz bəbəyimiz kimi qoruyacağımız ən ali dəyərimizdir. Ana dilinə heç bir zaman etinasız yanaşmaq olmaz, çünki o tarixin canlı şahididir, solmaz izidir. Tarix boyunca Türk dünyasının üzləşdiyi faciələr, bizi bir-birimizdən ayrı salsa da, bu gün milli dəyərlərimizi bizə xatırladan, birləşdirən ən böyük amil yenə Ana dilidir. 

Xalq şairi Sabir Rüstəmxanlının qeyd etdiyi kimi:

Döyüşdə qılınc tək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölməz, amma dilini alsan və ondan bir nişan qalmaz. Yaşadığımız dünyada bunun parlaq örnəklərindən biri də xalqımızın öz ana dilinə olan sevgisidir. Bu mənada, xoşbəxt xalqıq ki, tarixin bütün mərhələlərində ana dilimizi qoruyan, sevən və inkişaf etdirən vətənpərvər ziyalılarımız olmuşdur. 

Tarixə öz möhürünü vuran "Qarabağ Azərbaycandır" nidası ilə Ali Baş Komandanın və müzəffər ordumuzun dilində ana dilimizin kəlmələri zəfər çaldı. Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu doğma Azərbaycan türkcəsində dünyaya səsləndilər.

Aiza ŞABANOVA,

"Respublika".