Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Süleyman Rüstəm

Azərbaycan ədəbiyyatının coşqun ruhlu, novator şairlərindən olan Süleyman Rüstəm... Şeirlərindən sosializmin acı şirəsi daman, bütün yaradıcılığı boyu marksizm-leninizm ideologiyasını sevə-sevə nəzmə çəkən bu şair SSRİ dönəmində fəaliyyətinə, yazdığı əsərlərə görə qınanan şəxsiyyətlərdəndir. O, həm  sovet hökumətinin kosmosa göndərdiyi  "Layka" adlı itə şeir yazıb, həm də "Ana və poçtalyon" kimi möhtəşəm əsər yaradıb. Bağırovun oğlunun yasında gülən, sovet ideologiyasının düşməni olan Məhəmməd Əmin Rəsulzadəni söyən, sonra da onun qəbri üstə ağlayan bu Xalq şairinin həyatı ziddiyyətlərlə dolu olub...

Süleyman Rüstəm Bakının Novxanı kəndində kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. Şairin uşaqlığı sovet hakimiyyətinin yaranmasının ilk illərinə təsadüf etdiyindən  sosialist quruluşu digərləri kimi, onun da həyatına  təsirsiz ötüşməyib.

Şairin sosializmi təbliğ edən şeirləri Azərbaycan müstəqillik qazanandan sonra onun daha çox qınanılmasına səbəb olub. Lakin bununla belə o, sovetlər dönəmində Türkiyə səfəri zamanı Rəsulzadənin məzarını ziyarət etmək istəyib. Buna icazə olmasa da, bir az söz-söhbətdən sonra nəhayət, şairi Rəsulzadənin məzarına aparıblar. Şahidlərdən birinin müşahidəsinə görə, Süleyman Rüstəm yaşarmış gözünü silə-silə uzun müddət lal-dinməz başdaşının yanında oturubmuş.

Deyilənə görə, şairin çox dözülməz zarafatları olurmuş. Nə qədər qorxsa da, arada Bağırovla da ərklə zarafatlaşırmış. Günlərin birində Bağırov Süleyman Rüstəmi yanına çağırıb onunla zarafatlaşır. Bağırov qabağında dümağ olmuş Süleyman Rüstəmi görüb təəccüblənir. Dəvətinin səbəbini açıqlayır: sən demə, Süleyman Rüstəmi Azərbaycan SSR Ali Sovetinə deputat təyin edibmiş. Bunu eşidən Süleyman Rüstəmin üstündən ağır yük götürülür. Bircə bunu deyə bilir: "Yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm, icazə verin, evə zəng vurum". Anasıyla telefonla danışanda Süleyman Rüstəm hıçqırıq səsi eşidir. Bağırov telefonu ondan alır, anası ilə danışır və qadını sakitləşdirir.

Şairin bağ evi həmişə qonaq-qaralı olarmış. Hər gün yeyib-içmək, kef məclisi. Qonşusu buna xeyli əsəbləşirmiş. Bir gün həyətində ilan görən qonşu şairə  söz atır: "Süleyman yenə ilanlarını biz tərəfə keçirib". Şair söz altda qalmır: "Qonşu, özüm buraxmışam. Zəhərləri qurtarıb. Sizdən bir az zəhər yığsınlar, geri gələcəklər".

Süleyman Rüstəmlə Məmməd Səid Ordubadi Mircəfər Bağırovun oğlunun yas məclisindəymiş. Bağırov məclisi aparmağı Ordubadiyə tapşırır. Deyir, sən oğlumu yaxşı tanıyırdın. Məclisdəkilərin əksəriyyəti rusdillilər imiş. Ordubadi gərək rusca danışaymış. O isə rus dilini yaxşı bilmirmiş. Üstəlik bilirmiş ki, rusca danışsa, Süleyman Rüstəm onu lağa qoyub güləcək. Bağırova əyilib pıçıltıyla: "Süleyman "izdes" desə də, Bağırov məsələni başa düşmür, ona təkid edir ki, məclisi aparsın. Çarəsiz qalan Ordubadi ayağa durub azərbaycanca maraqlı bir çıxış edir, Bağırov qəzəblənir:

- Burada heç kim səni başa düşmür. Rusca danış.

- Axı mən sizə dedim, Süleyman "izdes"... - Ordubadinin dili topuq vurur. Bağırov söhbəti başa düşür və deyir, narahat olmasın, Süleyman onun məclisini ələ sala bilməz. Ordubadi məclisi rusca aparmalı olur. Süleyman Rüstəm onun danışığına baxıb gülüşünü birtəhər boğa-boğa duruş gətirir. Axşam evə qayıdanda Ordubadi Bağırova ayrıca maşınla getmək istədiyini deyir. Bağırov əsəbiləşir: "Siz müalicə olunmalısınız!". Qəribəsi odur ki, bu əhvalatdan sonra Ordubadi Süleyman Rüstəmi 3 il danışdırmayıb.

Şairin qadınlarla münasibəti yaxşı olub. Bir gün həyat yoldaşı Sayad xanım evə gələndə, onu o dövrün Xalq artisti olan məşhur müğənnilərdən biri ilə yataq otağında yaxalayır. Sayad xanım  mətbəxdən oxlovu götürüb, şairi kötəkləməyə başlayıb, o isə  paltarını geyinib qaça-qaça birinci mərtəbəyə düşüb. Qadın  əlində oxlov onu "Tarqovu"da qovalamağa başlayıb.  Süleyman Rüstəm o hadisədən sonra nə zaman həmin müğənnini televizorda görürmüş, dərhal durub otaqdan  çıxırmış.

Şair  uşaqlıqdan  dəmirçi atasına kömək etdiyindən onun belində yırtıq yaranıbmış. Bu ağrı onu bütün ömrü boyu izləyib. Uzun müddət bu ağrı ilə yaşayan şairə əməliyyat olunmağını söyləsələr də, o razılıq verməyib. Nəhayət,  83 yaşında əməliyyata girən Süleyman Rüstəm üç gün sonra vəfat edib.

Niko Pirosmani

Gürcüstan və Rusiya rəssamı, primitizm cərəyanının nümayəndəsi Nikolay Aslanoviç Pirosmanaşvili... Özündən sonrakı nəslə "Aktrisa Marqarita", "Maral", "Beş zadəganın şənlənməsi", "Çariça Tamara", "Kaxetiya çaxırı", "Zürafə", "Şota Rustaveli", "İnək sağan", "Müqəddəs Qeorqi", "Bulağa gedən ana", "Süpürgəçi", "Pivə içən qadın", "Odun daşıyan" kimi iki yüzə yaxın rəsm əsəri qoyub gedən, fırçasını Tanrı idarə edən  bu rəssam ömrünün sonuna kimi  aclıq və səfalət içində yaşayıb...

Qax rayonunun Tasmalı kəndində  kasıb bir ailədə dünyaya gələn Niko səkkiz yaşında ikən atası Aslanı itirir. Ərinin ölümündən sonra ailənin maddi durumu ağırlaşdığına görə anası Təklə xanım Nikonu bakılı sahibkar Eprosina Kələntərova soyadlı xanımın yanına qulluqçu göndərir. Atasının ölənə qədər qulluq elədiyi Kələntərovlar ailəsinə qaynayıb-qarışan Niko öz tay-tuşu olan Georgi Kələntərovla Şulaver kəndindən Tiflisə gəlir. Niko Tiflisdə əl işləri ilə məşğul olan bir-iki usta yanında olur, gürcü və rus dillərində yazıb-oxumağı öyrənir. Lakin o, ustaların verdiyi cüzi məvacibdən bezir və Mirzəyanı kəndinə, bacısının yanına qayıdır. Gələcəyin məşhur rəssamı burada isə bir müddət çobanlıqla məşğul olur.

Şəhər mühitinə can atan Pirosmani sonralar yenidən Tiflisə gəlir,  pul qazanmaq üçün rəssam dostu Qiqo Zaziaşvili ilə dekorativ yazılar dükanı kirayələyir. Kafe-dükanların üstünə yazdıqları reklam yazılardan gələn gəlirlə dolana bilməyən dostlar dükanı bağlamalı olurlar. Daha sonra dəmir yolunda nəzarətçi işləyən Niko ciddi rejimə dözə bilmədiyi üçün  oradan da çıxır.

Heç bir rəssamlıq məktəbində təhsil almadan, qeyri-adi rəsmlər çəkən bu arıq, ucaboy, adamayovuşmaz adam haqda sonralar müxtəlif söz-söhbətlər gəzməyə başlayır. Guya Niko gecələr müqəddəs varlıqlarla gəzib-dolaşdığına görə onun fırçasını Tanrının özü idarə edir. Pirosmani öz rəsmlərini köhnə stolüstü klyonkalardan düzəltdiyi freskalarda çəkirdi. Elə buna görə də  rəssam klyonkalardakı rəngləri yox etmək üçün çəkdiyi rəsmlərin əksəriyyətini qara fonda işləməli olurdu.

Evsiz-eşiksiz rəssam ailə qurmağa risk etmir, beləcə, hərdən aldığı sifarişləri yerinə yetirərək xırda gəlirlə yaşayır. Tiflisin zirzəmilərində sərxoş uyuyan Pirosmanaşvilinin rəsm çəkmək ehtirası günü-gündən alovlansa da, heç kim onu rəssam kimi görmür, meyxanalar üçün çəkdiyi rəsmlərini ciddiyə almır.

1912-ci ildə futurist şair İlya, onun qardaşı  rəssam Kirill və rəssam dostları Mixail Lyö Dantyü Nikonun bir neçə rəsmini toplayaraq haqqında yazıb qəzetlərdə çap etdirirlər. Beləcə, futurist rəssamların  Moskvada təşkil etdiyi "Mişen" adlı sərgidə şair İlya Zdaneviçin Tiflisdən gətirdiyi Pirosmani rəsmlərinin də bir neçəsini salonun divarından asırlar. Sərgidən sonra gənc gürcü rəssamları Pirosmaninin yaradıcılığı ilə maraqlanmağa başlayır. Almaniyada təhsil almış David Şeverdnadze isə onun rəsmlərini toplamağa girişir.

Bir müddət sonra Kirill Zdaneviç öz emalatxanasında Pirosmaninin birgünlük sərgisini keçirir. Lakin belə xırda cəhdlər də onun həyatında heç nəyi dəyişə bilmir, evsiz rəssamın maddi ehtiyaclarını ödəmirdi. Təkcə bir dəfə Tiflisdə yenicə yaranmış Rəssamlar İttifaqı ona 200 manat yardım edə bilir. Rəssamın arzuladığı geniş həyətli bir ev, həyətində mütəmadi olaraq müxtəlif rəssamların rəsmlərindən ibarət sərgi keçirmək arzusu, elə arzu olaraq da bu dünyada qalır.

Məşhur rəssam Pirosmani 56 yaşında öz zirzəmisində tənhalıq içində dünyadan köçür. Ölümündən sonra onun çoxlu sərgiləri təşkil edilir, haqqında əsərlər yazılır, həyatından kino çəkilir. Nikonun əsərlərinin hər birinin qiyməti milyon dollarla qiymətləndirilir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".