Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir
İqtisadiyyat

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü kilometrində yeni piyada keçidinin inşasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Respublika"ya verilən məlumata görə, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,50, pilləkənlərin eni isə 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. İki giriş-çıxışdan ibarət olacaq keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.