Fəsadların aradan qaldırılmasına nə mane olur?
Ekologiya

Fəsadların aradan qaldırılmasına nə mane olur?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCC) İqlim Konfransı ilə başlayan hədəfi daha da genişləndirdi. Mütəmadi olaraq dünyanın əksər ölkələrinin qatıldığı tədbirlərin təşkili, çağırışlar yeni dövrün mənzərəsini aydın ifadə edir. İnsanlar yarandığı dövrdən fasiləsiz olaraq təbiətdən - flora və faunadan artıqlaması ilə bəhrələniblər. Ancaq bu gün artıq onu qorumalı və alternativ istifadə etməliyik. İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması qlobal çağırışların aktor missiyalarından birini təşkil etsə də, bu sahədə görülən işlər və gələcək bir o qədər də ümid vermir. Səbəblər isə kifayət qədərdir - iqlim dəyişmələri məsələləri gündəmdə qala bilmir; əksəriyyət problemin həllini mif adlandırır; insanlar artıq geriyə yol olmadığını düşünür; cəlbedicilik baxımından hadisələr daha kəskin formada təqdim edilir. Bu ilin noyabrında ev sahibliyi edəcəyimiz iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş COP29 həmçinin sözügedən məsələlərin müzakirəsi üçün effektiv ola bilər.

İqlim dəyişmələri məsələsi niyə "trend" ola bilmir? - dünyanın ən böyük onlayn axtarış şəbəkəsi olan Quql 2004-cü ildən bəri insanların brauzerdə nələri görmək istədiyini özündə birləşdirən "Google trends" platformasını təqdim edib. Burada iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması və ya ona yaxın hər hansı bir açar sözü axtarışa verdikdə qarşımıza acı nəticə çıxır: iqlim dəyişmələri 2021-ci ilə kimi heç vaxt gündəmdə olmayıb. Belə ki, dünya üzrə axtarışların nəinki ilk onluğunda, heç ilk yüzlüyündə belə bu məsələ yer almır. Gələcəkdə böyük həcmdə artacaq iqlim dəyişmələri hələ ki, tam olaraq bəşəriyyəti narahat etmir. Çünki aşılanmağa çalışılan informasiya və auditoriya seçimi hər zaman uğurlu olmur. Lazımsız yerə ötürülən informasiya söz yığını olaraq qalır. Bu da insanların məsələyə yanaşmasını sıfıra endirir. Azərbaycanda da təəssüf ki, analoji hal müşahidə edilir. Məsələn, bir neçə il əvvəl kütləvi olaraq polietilen torbaların qadağan olunacağı ilə bağlı xəbərlər yayıldı. Hətta bu hadisədən sonra bu torbaların bir qismi pullu oldu. Azərbaycan Prezidenti 7 fevral 2019-cu il tarixdə "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nı təsdiq edib.

Qeyd edək ki, problemin köklü həlli üçün alternativ təklif yoxdur. Polietilen torbalardan imtina edək, bəs əşyalarımızı nəylə daşıyaq?! Bu gün marketlərdə polietilen torbalardan başqa alıcılara heç bir alternativ torba təklif olunmur. Halbuki, alternativlər var. Ekotorbalar, zənbillər təklif edilə bilər. Amma edilmir. Əsas səbəb isə polietilen torbalara rəqabətli və sərfəli alternativin yaradılmamasıdır.

ABŞ-ın Miçiqan Universitetinin ötən ay apardığı sorğunun nəticəsində məlum oldu ki, amerikalıların 15 faizi iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasını real qəbul etmir, mif olaraq görür. Buna isə bir çox faktorlar səbəb olur. İlk olaraq yaranan qlobal mənzərə onu deməyə əsas verir ki, insanlar doğru maarifləndirilmir. Bu kimi proseslər yaxından iştirak edənlərə deyil, "professorlar"a həvalə olunur. Onlar isə, "öz növbəsində", cəmiyyətə ancaq statistika təqdim etməyi bacarırlar. İkinci növbədə bəzi insanlar fəsadların aradan qaldırılmasında maraqlı olmadığı üçün bu prosesin mif ola biləcəyi ilə bağlı şayiələr yayırlar. Dünyada ozon qatını zədələyən nəhəng fabriklər, zavodlar hər vəchlə "yaşıl enerji"yə keçidin rellaşmasına əngəl olmağa çalışırlar.

Bu və digər problemlər beynəlxalq müstəvidə gələcək üçün "netto sıfır emissiya" hədəfini get-gedə çətinləşdirir. Son 100 ildə Yer səthinin orta temperaturu təxminən 0.80C artmışdır. Bu istiləşmənin təxminən 0.60C isə son üç onillikdə meydana gəlmişdir. Rekordlardakı ən isti hava son 13 ildə baş verib, 2016-2022-ci illər ilk beşliyə daxil olub və ötən il də dünyada kəskin istilər baş verib. Ümumdünya Meteoroloji Təşkilatı (WMO), mövcud istiləşmə tendensiyasının davam edəcəyi təqdirdə, əsrin sonuna qədər temperaturun 3-50C artacağını söyləyir. 20C həddi isə çoxdan təhlükəli istiləşmə həddi olaraq qəbul edilib. Bu da təbii ki, bəşəriyyətə ciddi təsirlər göstərəcək. Potensial təsirlərə nümunə olaraq bu, şirin su çatışmazlığına səbəb ola, qida istehsal etmək qabiliyyətinə əhəmiyyətli dərəcədə dəyişikliklər gətirə, təbiətdə isə daşqın, fırtına, istilik dalğası və quraqlıqların sayını getdikcə artıra bilər. Ötən il Azərbaycanın bir sıra regionlarında (Biləsuvar, Naftalan, Göyçay) baş verən daşqınlar onu göstərir ki, iqlim dəyişmələrinin təsiri artıq ölkəmizdə hiss olunur. Bu baxımdan bu il dünyanın diqqəti COP29-a ev sahibliyi edən Azərbaycanda olacaq. Bu konfrans iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına böyük töhfə verə, Kioto Protokolu və Paris Sazişinin səmərəliliyinin azaldığı bir dövrdə tarixə "Bakı Razılaşması" adı altında yeni və həlledici bir müqavilə daxil ola bilər.

Tacir SADIQOV,

"Respublika".