VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

31 mart

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

1 aprel

  • Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
  • Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşüb.

2 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
  • Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
  • XİN Stefan Sejurnenin əsassız iddialarının Fransanın bölgədə gərginlik yaratmaq səylərinə bariz nümunə olduğunu bildirib.

3 aprel

  • ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Səlibçi blok regionda ayırıcı xətlər yaradır

Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi regionun əsas hərbi-siyasi güc mərkəzi kimi Azərbaycanın Qərbi fakt qarşısında qoyduğunu, Qərbin isə Bakının regionda diktə etdiyi reallıqla barışdığını göstərir. Yəni cənab İlham Əliyev Vətən müharibəsi və antiterror tədbirlərində ölkəmizin qələbəsi ilə regionda elə geosiyasi konfiqurasiyaya nail olub ki, uzun illər ərzində Azərbaycanın rəyini ümumiyyətlə nəzərə almadan Ermənistanın işğal və təcavüz siyasətinə hərbi-siyasi dəstək verənlər, bu istiqamətdə birtərəfli və ədalətsiz addımlardan çəkinməyənlər artıq Cənubi Qafqaz siyasətində Bakı ilə hesablaşmağın zəruri olduğunu anlayıblar.

İlk növbədə, Prezident İlham Əliyev Blinkenə başa saldı ki, Azərbaycan mövqeyinin arxasında kifayət qədər səhih informasiyalar dayanır. Yəni biz proseslərə informasiya nəzarətini kifayət qədər təmin edə biləcək qədər güclüyük. Bu mənada üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunması Blinkenin arqumenti ilə üst-üstə düşmür.

  • Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib.
  • Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

4 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan-Konqo əlaqələri yeni dövrə qədəm qoyur

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri baş tutdu. Prezident İlham Əliyev danışıqlar zamanı bildirdi ki, gündəliyimiz çox genişdir və iki ölkə arasında siyasi, iqtisadi, investisiya, energetika və digər sahələr haqqında müzakirələr aparılıb və mövqelər üst-üstə düşür. Konqo prezidenti isə öz növbəsində bildirdi ki, Azərbaycan və Konqo münasibətləri ilə bağlı böyük potensial var və bu hər iki xalqın inkişafına töhfə verə bilər.

Səfər zamanı imzalanan "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" gələcək münasibətlər üçün sağlam bünövrə rolunu oynayacaq. Çünki hər iki dövlət bu münasibətlərin inkişafında maraqlıdır və müvafiq gözləntilər onun yüksələn tendensiyasına öz töhfəsini verəcəkdir. Bəyannamə ilə yanaşı, Dövlət Neft Şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu və digər sənədlər, həmçinin ətraf mühit və iqlim dəyişmələri üzrə imzalanmış Niyyət Protokolu iki dövlət arasındakı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi.

  • Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
  • XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
  • Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilib.

5 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
  • Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
  • Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-ABŞ-Aİ formatında görüşlə bağlı bəyanat yayıb.
  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
  • Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

"Sülh gündəliyi" adı ilə çirkli oyunlar

Ermənistanın uçuruma sürükləndiyi yolun üzərindəki 5 aprel görüşü başa çatdı. Bu ölkənin baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçirilməsi gözlənilən müştərək konfransdan əvvəl mətbuata birgə bəyanat zamanı "sürpriz qonaq"lar görünüb. Bunlar Azərbaycanı daxildən parçalama cəhdləri güdən qurumları maliyyələşdirən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer və Prezident İlham Əliyevin "qəribə yuxular görür" deyə adlandırdığı Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel olub.

Baş tutan görüşdən bir gün əvvəl Antoni Blinkenin ardınca Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Prezidentimizə zəng vurması regionda baş verən proseslərin Azərbaycanla hesablaşdırıldığını bir daha təsdiqləyir. Ölkə başçımızın Antoni Blinkenlə telefon danışığı zamanı gəldiyi qənaətə görə, ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və gərginliyin yaranmasına gətirib çıxaracaq.

6 aprel

  • Müdafiə Nazirliyi ötən sutka ərzində mövqelərimizin 30 dəfə atəşə tutulduğunu bildirib.

“Respublika”.