Qondarma rejimin rəvayətlər, illüziyalar səhifəsi qapandı
Siyasət

Qondarma rejimin rəvayətlər, illüziyalar səhifəsi qapandı

Tarixin, zamanın, güclülərin, tərəfkeşlərin amansız ziddiyyətlərinin cövlan etdiyi bir məqamda Azərbaycan torpaq itkisi, erməni işğalı və hərbi təcavüzü, bir milyona yaxın məcburi köçkünün problemi ilə üz-üzə qalmışdı. Bütün bunlar xalqımızın taleyindən daş kimi asılı idi.

Ermənistan və ermənipərəst qüvvələr azərbaycanlılara qarşı törədilən deportasiyanı, soyqırımı, işğalı Xankəndidə və ətraf ərazilərdə məskunlaşan bir ovuc hayın öz müqəddaratını təyinetmə hüququ adı ilə saxtakarlıqla pərdələmək istəyirdilər, haqqımızı tarixin arxa bağçasında gizlətməyə çalışırdılar. Uzun illər ərzində aparılan danışıqlar heç bir fayda vermirdi, münaqişə dondurulurdu, torpaqlarımızda ikinci "erməni dövləti" qurmağa cəhdlər edilirdi. Çox mürəkkəb bir vəziyyət yaranmışdı, təhdid və hədələr havada uçuşurdu, Azərbaycanı radikal addımlar atmaqdan çəkindirirdilər.

Nə vaxta qədər?! Bu suallar xalqımızın səbrini tarıma çəkmişdi, etiraf edək ki, istər-istəməz ümidlər qırılır, inam kəsərdən düşürdü. Uzaqgörən siyasəti, Vətən və xalq naminə həyata keçirdiyi əməlləri, doğma xalqına məhəbbəti, dünyanın siyasət meydanında qətiyyəti və iradəsi ilə tanınan, nəyi nə zaman, nə vaxt edəcəyini yaxşı bilən Prezident İlham Əliyev qəti qərarı ilə həm otuz illik erməni işğalına son qoydu, həm də Azərbaycanın inkişaf vektorunu şərəflə dəyişməyə nail oldu. Qalib Ali Baş Komandanın vur əmri başımızın üzərinə çökmüş qara buludları döyüş meydanında şimşək kimi parçaladı, onun zərrələri isə okeanın hər iki tayında böyük əks-səda verdi. İkinci Qarabağ müharibəsi sözsüz ki, dünya hərb tarixinə qızıl hərflərlə yazılıb, hərbi analitiklər həmin müharibədə həyata keçirilən taktikaları təhlil edirlər.

Zəfərlə başa çatan Vətən müharibəsi haqqında dünyanın ən məşhur siyasi analitikləri hesab edirlər ki, müharibədə döyüşçülərin igidliyi vacib komponentdir, lakin həlledici deyil. Döyüş meydanında qalib gəlmək, alınmaz Şuşa qalasını fəth etmək üçün nizam-intizamlı və təlim keçmiş ordu, bacarıqlı və istedadlı sərkərdə lazımdır, çoxlu silah-sursat, təchizat, rabitə məsələləri həll olunmalıdır. Digər tərəfdən, diplomatiya üçüncü ölkələrin dəstəyini və ya heç olmasa neytrallığını təmin etməlidir. Bir sözlə, uğurlu müharibəni ancaq yüksək effektiv dövlət aparatı olan güc apara bilər. Məhz bu vacib keyfiyyətlər istər İkinci Qarabağ müharibəsində, istərsə də bir sutkadan az davam edən antiterror tədbirləri zamanı öz təsdiqini tapdı. Azərbaycan erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və üçtərəfli Bəyanatdan sonra Qarabağda qalan 10-15 min nəfərlik kontingenti olan Ermənistan ordusunu tamamilə tərk-silah edib, əraziləri tam nəzarət altına alaraq suverenliyini bərpa etdi. Müharibə itkiləri ailələri qarsaladı, qəlbimizi qovurdu, düşmən dinc insanların evlərini ballistik raketlərlə dağıtsa da xalqımız bu çətin günlərdə güclü birlik nümayiş etdirdi və ordu-xalq birliyi "dəmir yumruğ"u daha da gücləndirdi. Bizə böyük bir sevinc, fərəh qismət oldu, baş verən tarixi anların, qələbənin şahidi olduq, uzun illər boyu Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi, dövlət sərhədlərimizin bərpa olunması hər birimizdə qürur yaradıb. Ən əsası isə Ermənistanın hərbi arsenalı, canlı qüvvələri, daşnak ideologiyası darmadağın edildi. 30 il ərzində özləri haqqında yalanlar uydurdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Müzəffər Azərbaycan ordusunun bölmələri 44 gün ərzində və üstəgəl 23 saat ərzində erməni yalanlarını və yaratdıqları mifi darmadağın etdi. Əlbəttə, dosta da, düşmənə də bir daha aydın oldu ki, Azərbaycan xalqı müzəffər xalqdır, döyüşkən xalqdır, haqqını qazanan xalqdır. Bu həqiqətən də misli görünməyən, ağıla gəlməyən tarixi və köklü bir qələbədir!

Ermənistan və separatçı xunta rejimi Qarabağda təxribatlara ara vermirdi. Qarabağdakı cinayətkar birliklərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz etdi. Eyni zamanda, Azərbaycanın çoxsaylı çağırışları təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmirdi. Ona görə də vəziyyət daha da gərginləşirdi. Bütün bu gərginliyə baxmayaraq, sentyabrın 2-də Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ respublikasının" yaradılmasının ildönümü ilə bağlı separatçı rejimə təbrik məktubu göndərdi. Dövlətimizin başçısı qeyd edir ki, bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanları "seçki" keçirdilər, özlərinə yeni "başçı" seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı.

Qeyd edək ki, Xankəndidə və ətraf ərazilərdə həyata keçirilən antiterror tədbirləri böyük peşəkarlıqla, bir tərəfdən qətiyyətlə, digər tərəfdən isə son dərəcə həssas şəkildə aparıldı. Bu, bir tərəfdən itkilərin çox olmasının qarşısını almağa imkan verdi, digər tərəfdən isə marığa yataraq dörd gözlə gözləyən bədxahlara bizi dinc əhaliyə qarşı zorakılıq hərəkətlərində ittiham etməyə səbəb vermədi. Ermənilər Xankəndini və ətraf əraziləri tərk etməyə başladılar. Bu, əslində gözlənilən idi. Azərbaycan hökumətinin çağırışlarına, humanitar yardımlarına, erməni əhaliyə tibb xidmətinin göstərilməsinə baxmayaraq, ermənilər öz evlərini tərk etdilər. Səbəb çox sadədir: uzun müddət faşist erməni təbliğatı, tifağı dağılan keçmiş separatçı rejimin onların israrla beyinlərinə yeritdikləri xəbis erməni kini onları bu işə vadar etdi.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında bildirib ki, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiyası planını açıq şəkildə dərc etmişik və bu plan internetdə də mövcuddur. Erməni sakinlərə öz evlərində qalmaq çağırışı edilib. Mülki infrastruktura, mülki obyektlərə və mülki şəxslərə heç bir ziyan dəyməyib və dediyim kimi, bütün əməliyyat 24 saatdan az davam edib. Bu, Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin tamamilə ruhdan düşməsi və mahiyyətcə təslim olması üçün kifayət idi. Dövlət başçısı görüş iştirakçılarına onu da bildirib ki, artıq ərazilərin bandalardan təmizlənməsi prosesi gedir. Əldə etdiyimiz məlumata görə, bu ərazidə hələ də müəyyən qruplar gizlənir. Sentyabrın 20-dən sonra Qarabağda silahlı təxribatlar oldu. Ərazi kifayət qədər böyük, dağlıq və meşəlik olduğundan ərazini quldur dəstələrindən tamamilə təmizləmək vaxt aparacaq.

Azərbaycan polisinin axtarış tədbirləri zamanı Xankəndidə müxtəlif silah anbarları ilə yanaşı, digər maraqlı bir faktın da üstü açılıb. Həftələrdir guya blokada vəziyyətində "acından ölən" ermənilərin Xankəndidəki kifayət qədər un, uşaqlar üçün şirələr, günəbaxan yağı və s. ərzaq məhsullarının olduğu anbar aşkar edilib. Erməni yalanları bir-birinin ardınca ifşa edilir. Artıq Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri Xankəndidə xidmət göstərirlər, əhalinin qeydiyyata alınması prosesinə başlanılıb, bunun üçün ayrıca portal fəaliyyət göstərir, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumlar yerində xidmət aparırlar. Həm də azad edilən ərazilərdə mühüm infrastruktur obyektləri, eləcə də tarixi, dini və mədəni abidələr polis tərəfindən mühafizə olunur, elektrik təchizatı, tibb xidməti həyata keçirilir. Bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

Salman ALIOĞLU,

"Respublika".