Yeni qlobal trend və əməkdaşlıq formatlarıYeni qlobal trend və əməkdaşlıq formatları
İqtisadiyyat

Yeni qlobal trend və əməkdaşlıq formatlarıYeni qlobal trend və əməkdaşlıq formatları

Azərbaycan bu sahədə də dünya ölkələrinə nümunə olur

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammiti keçirilib. "Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər" üzrə Nazirlər Panelində respublikamızın energetika naziri Pərviz Şahbazov hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olduğunu deyib. Əlverişli, təhlükəsiz və "təmiz enerji" sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını təmin edən amillərdən bəhs edən nazir, həmçinin, Azərbaycanın COP29-a sədrlik missiyasının "yaşıl hidrogen"in inkişafına da maliyyə dəstəyini təmin etməklə "yaşıl enerji" keçidinə töhfə verəcəyini bildirib.

Təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerji yaratma potensialı baxımından zəngin olması respublikamızda ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli şəkildə istifadə olunması üçün geniş imkanlar yaradır.

Ümummilli lider Heydər Əliyev hələ 1993-cü ildə alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirərək deyirdi ki, respublikada günəş, külək və su energetikasının ehtiyatları böyükdür. Bu sahəni 30-40 il sonra inkişaf etdirmək mümkün olacaq, alternativ energetika ölkənin yanacaq-enerji balansında mühüm rol oynayacaq.

Texnologiyanın sürətli inkişafı, neft qiymətlərinin artması, habelə ölkələrin "yaşıl enerji"yə keçid strategiyaları bərpaolunan enerji mənbələrinə marağı artırıb. Dünyada bərpaolunan enerji mənbələrinə tələbatın artmasını nəzərə alan Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Belə ki, 2020-ci ilin dekabrında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının reallaşdırılması məqsədilə "İnvestisiya müqaviləsi" imzalanıb. 2021-ci ilin aprel ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə də müqavilə bağlanıb və hazırda Qaradağda günəş elektrik stansiyası fəaliyyət göstərir.

Dünyada "yaşıl iqtisadiyyat"a keçid də böyük aktuallıq kəsb edir. Məqsəd dünyada bərpaolunan mənbələr hesabına enerji istehsalını 2018-ci illə müqayisədə 50 faiz artırmaqdır. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə önəmli addımlar atır. Ölkəmizin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı irəli sürdüyü konsepsiyada 30 il ərzində xarabalığa çevrilmiş böyük bir ərazidə "yaşıl enerji" modelinə əsaslanan nəhəng quruculuq işləri nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd", "ağıllı şəhər" layihələri icra edilir. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) "yaşıl" və elektron dəhlizə çevrilməsi ilə gələcəkdə qonşu dövlətlərin geniş əlaqələri mümkün olacaq. "Yaşıl konsepsiya" əsas iqtisadi və texniki işlərdə günlük tələbatı alternativ enerji ilə qarşılamağı ehtiva edir.

Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində deyib: "Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kilometr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik".

Son vaxtlar dünyanın aparıcı "yaşıl enerji" şirkətləri ilə kontraktlar, anlaşma memorandumları imzalanır və 10 min meqavat istehsal nəzərdə tutulur. Təbii ki, bütün bunlar iqlim dəyişmələri məsələlərinə də müsbət təsir edəcək, öz töhfəsini verəcək. Ancaq ölkəmizdə potensial böyük olduğundan istehsalın həcminin artırılması məsələsi də gündəmdədir. İstər quruda, istər dənizdə daha böyük günəş və külək stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da öz növbəsində iş yerlərinin yaradılmasına, yeni texnologiyaların Azərbaycana gətirilməsinə, həm də bölgələrin inkişafına böyük təkan verəcək. Çünki ölkəmizdə Xəzər dənizindən kənarda qalan potensial stansiyalarımız bölgələrdə, o cümlədən Qarabağ bölgəsində yerləşir.

Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanlar hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Həyata keçirilən enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırıb.

Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı böyükdür və məhz bu səbəbdən dünyanın ən aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlığa üstünlük verirlər. Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi qəbul edilən ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir.

Bu gün dünya nizamı dəyişməkdədir. Yeni qlobal trend və əməkdaşlıq formatlarının yaradılması artıq zərurətə çevrilib. Azərbaycan bu sahədə də dünya ölkələrinə nümunə olur.

Zümrüd QURBANQIZI,

"Respublika".