Dostluq və faydalı əməkdaşlıq dənizi
İqtisadiyyat

Dostluq və faydalı əməkdaşlıq dənizi

Ölkəmizin həyata keçirdiyi qlobal nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirir

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır. Bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Azərbaycan Xəzər hövzəsi ölkələri ilə sıx siyasi-iqtisadi əlaqələrə malikdir. Xəzər dənizi təbii sərvətlərlə zəngin ölkələrin ərazisində yerləşir. Xüsusilə, Qazaxıstan, Türkmənistan və Azərbaycanın səmərəli nəqliyyat marşrutu rifahın əsas amillərindən biri hesab olunur. Xam neft və təbii qaz amili Xəzər regionunda vacib rol oynayır və karbohidrogenlərin satışından əldə edilən gəlirlər bu ölkələr üçün mühüm iqtisadi artım mənbəyinə çevrilib.

Bu gün Xəzəryanı dövlətlər müxtəlif enerji bazarlarına neft və təbii qaz tədarük edirlər, həm də onlar ixrac həcminin artırılmasında və şaxələndirilməsində maraqlıdırlar. Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi (SGC) kimi meqa enerji layihələrini icra edərək ilk Xəzər neftinin və təbii qazın Qərb istiqamətində tədarükü üçün yol açdı. Aydındır ki, enerji layihələri ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir.

"Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib və ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini qeyd edib. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Elə bunu nəzərə alaraq Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığın müqavilə-hüquqi bazanın möhkəmləndirilməsinə diqqəti daha da artırırlar. Həmçinin ölkələrimiz arasında təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb. Ən önəmlisi, bu qarşılıqlı münasibətlər bütün tərəflərin mənafelərinin nəzərə alınmasını, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörməti və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini ehtiva edir, Xəzər dənizinin strateji əhəmiyyətini daha da artırır. Bu isə Xəzəryanı dövlətlərin sırasında layiqli yer tutan Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini, rolunu və çəkisini daha da artırır, ölkəmizə, onun liderinə inam və hörmət qazandırır. Ölkəmizin həyata keçirdiyi enerji və nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirir, onların dəniz vasitəsilə Avropa və dünya bazarlarına çıxışına böyük töhfələr verir, əməkdaşlığı daha da dərinləşdirir. O cümlədən respublikamızda həyata keçirilən tədbirlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu göstərir.

Azərbaycan dövləti, həmçinin Xəzərin ekoloji durumunun da yaxşılaşdırılmasında maraqlı tərəf kimi çıxış edir. Eyni zamanda ölkəmiz Xəzəryanı regionun enerji dünyasına "qapı" rolunu oynayır və uzun illər ərzində Avropa ölkələrinin enerji təhlükəsizliyinə imkan yaradan əsas tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası səmərəli əməkdaşlığın davamı oldu. Ekspertlərin qənaətinə görə, Xəzər hövzəsinin enerji potensialından tam istifadə üçün bu təşəbbüsə Mərkəzi Asiyanın neft-qaz ixrac edən ölkələrinin də qoşulması vacibdir. Bakı artıq bu gün Qazaxıstan və Türkmənistanın siyasi-iqtisadi maraqlarının təşviqi üçün platforma təklif edir. Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxış əldə edə və mövcud tərəfdaşlarla əməkdaşlığı yeni formatda davam etdirə bilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində tərəflər Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi üzrə birgə işlərin intensivləşdirilməsi, Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artırılması, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı, enerji və bərpaolunan enerji mənbələri sahəsində perspektivli layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər. Qazaxıstan Prezidenti vurğulayıb ki, COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir.

Azərbaycan Cənub Qaz Dəhlizi yolu ilə gələcəkdə Türkmənistandan və Aralıq dənizindən təbii qaz ixracı ideyasını dəstəkləyir. Bu cür əməkdaşlıq Cənub Qaz Dəhlizinin geostrateji əhəmiyyətini və Azərbaycanın tranzit ölkə rolunu daha da artıracaq. Bakı şəhərində müzakirə olunan "yaşıl enerji" imkanları Mərkəzi Asiyanın enerji ixrac edən ölkələrinə öz məhsullarını yeni tərəfdaşlara təklif etmək və enerji siyasətində, həmçinin təhlükəsizlik sahəsində yeni tendensiyaları öyrənmək üçün gözəl imkan yaradıb.

Xəzər dənizinin bərpaolunan enerji mənbələrinin, ilk növbədə, külək enerjisinin inkişafı üçün böyük potensialın olduğunu nəzərə alan ekspertlər əmindirlər ki, bu regionun "yaşıl hidrogen" istehsalı mərkəzinə çevrilməsi üçün hər cür şansı var. Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (BEA) 2030-cu ildən 2050-ci ilə kimi gələcəyin enerjidaşıyıcısı hesab edilən "yaşıl hidrogen" bazarında əhəmiyyətli artımın müşahidə ediləcəyini proqnozlaşdırıb. Onun istehsalı ilə 30-dan çox ölkə məşğul olmağı nəzərdə tutur. Hazırda beş Xəzəryanı ölkədən Qazaxıstan və Azərbaycan "yaşıl hidrogen"ə görə gələcəyini Xəzər dənizinə bağlayır.

Azərbaycan hazırda ənənəvi enerji resurslarının, həm də bərpaolunan, "yaşıl enerji"nin Qərbə ixracı məqsədilə böyük infrastruktur layihələrinin reallaşdırılmasına başlayıb. Xəzər sahilindəki ərazilər, ümumiyyətlə, küləkli zonalardır. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi edə biləcək. Azərbaycanın neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, "yaşıl enerji" ilə bağlı layihələrin həyata keçirilməsi, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli enerji siyasətinin prioritet istiqamət olduğunu dünyaya göstərir.

Mustafa KAMAL,

"Respublika".