Uğurlu diplomatiya Cənubi Qafqazda sülhün açarıdır
Siyasət

Uğurlu diplomatiya Cənubi Qafqazda sülhün açarıdır

Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətindədir.

Bunun ilk nümunəsini ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlarda gördük. Təmaslar nəticəsində etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu.

Ölkəmiz 32 erməni hərbçini, həmçinin Ermənistan isə iki əsgərimizi azad etdi. Rəsmi İrəvan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəklədi. Həmin təmaslardan sonra rəsmi qaydada elan olundu ki, hər iki ölkə yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcək.

4 ay müddətində də bu cəhdlərin şahidi olduq, Qərbin Cənubi Qafqazda gərginlik yaratmaq səylərinə baxmayaraq, rəsmi Bakı və İrəvan ikitərəfli qaydada danışıqları davam etdirdi. Nəhayət, aprelin 19-da sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşü keçirildi. Sayca səkkizinci görüş nəticə verdi. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqının süqutu dövründə hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq aparılması qərarına gəldilər. Yəni Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarıldı. Qərara alındı ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsini təmin etsinlər. Tərəflər onu da razılaşdırdılar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslansınlar.

Uzun müddət Ermənistanın işğalı altında qalan Qazaxın 4 kəndinin geri qaytarılması və ümumilikdə prosesin müsbət dinamika üzrə inkişafı isə səbəbsiz deyil. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının imza atdığı qələbələrin davamıdır. Belə ki, 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarımızı azad etdik, 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri nəticəsində xunta rejimini məhv edərək suverenliyimizin tam bərpasına nail olduq. Cari ilin aprel ayında isə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər və ardınca 4 kəndin azad olunması prosesi başlandı. Sonuncu əhəmiyyətli hadisə isə müharibə olmadan, dövlət başçısının apardığı diplomatik fəaliyyət nəticəsində mümkün oldu. Bu, həm də bir çox reallıqları üzə çıxardı. Məlum oldu ki, 30 il müddətində vasitəçilik edən qlobal güclər öz mənfəətləri kontekstində Cənubi Qafqazdakı müharibənin davam etməsinə "töhfə" veriblər. Hər bir vasitəçi ayrılıqda bir geosiyasi maraq deməkdir. Onların sayı artdıqca maraqları uzlaşdırmaq da çətinləşir. Bu səbəbdən də üçüncü tərəflərin, xüsusilə Amerika Birləşmiş Ştatları və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi bölgəyə sülh yox, qeyri-sabitlik gətirir. Kollektiv Qərb Rusiyanın regiondakı dayaqlarını zəiflətmək üçün Paşinyan Administrasiyasından maşa kimi istifadə edir. Hələlik baş nazir aldığı qrantlara və verilən şirin vədlərə aldanaraq bu reallığı görməzdən gəlir. Amma əvvəl-axır İrəvanın siyasi rəhbərliyi anlayacaq ki, qlobal güclərin təzyiqi fonunda problemləri həll etmək mümkün deyil. Ermənistanın bir dövlət kimi mövcudluğunu qoruyub saxlamasının açarı qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Çünki sadəcə bu halda Paşinyan erməni ictimaiyyətindəki daxili narazılığı aradan qaldıra və kreslosunu itirmək təhlükəsindən azad ola bilər. Əgər Ermənistan regional layihələrdən gəlir əldə edərək iqtisadiyyatını şaxələndimək və böyük güclərin monopoliyasından azad etmək istəyirsə, o zaman kommunikasiyaların açılması üzrə çalışmalıdır.

Hazırda Azərbaycan və Ermənistan arasında heç bir vasitəçi olmadan müşkül məsələlərlə bağlı qərarlar qəbul edilməsi təqdirəlayiqdir. Tərəflər arasında aprelin 19-da əldə olunan razılaşma bir daha təsdiq edir ki, rəsmi Bakı və İrəvanın "səssiz" diplomatiyası bölgədə sülhün, sabitliyin yeganə təminatı ola bilər.

Jalə QASIMZADƏ,

"Respublika".