Binəqədi rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
Sosial həyat

Binəqədi rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Bakının Binəqədi rayonunun Biləcəri şəhərtipli qəsəbəsi, M.S.Ordubadi küçəsi, 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Respublika"ya verilən məlumata görə, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanılması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda xüsusi risk qrupuna aid məhsulların temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Bazarda satışı həyata keçirilən və üzərində qanunvericiliyə uyğun markalanma aparılmayan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazarın daxilində ət və ət məhsulları, süd və süd məhsullarının, eyni zamanda, təşkil edilmiş piştaxtalar üzərində qida məhsullarının satışının qadağan edilməsi barəsində məhdudlaşdırıcı qərar qəbul edilib.