“Bizim həyət
Sosial həyat

“Bizim həyət" layihəsi çərçivəsində daha bir həyət istifadəyə verilib

Noyabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev  küçəsi 120/116 və Qara Qarayev prospekti 118 və 120 ünvanlarında 650 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 260 ədəd müxtəlif növ ağaclar və 15000-ə qədər kol əkilib, 2400 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini effektiv şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə "yaşıl sədlər" yaradılıb.

M.MİRZƏ,

"Respublika".