Atasının vuruşduğu torpaqlarda şəhidlik zirvəsinə yüksəldi
Sosial həyat

Atasının vuruşduğu torpaqlarda şəhidlik zirvəsinə yüksəldi

Biləsuvarın Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş səfərbərlikdə Biləsuvar rayonundan 850 nəfər səfərbərliyə cəlb edilmiş və ya könüllü qoşulmuşdur.

İgid, qəhrəman oğullarımız son damla qanları, son nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular. Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.

Vətən müharibəsi şəhidlərindən biridir Amid İsmayılov. 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbini bitirmişdir. 2006-2008-ci illərdə Bakı şəhəri Pirəküşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2008-ci ildən isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi fəaliyyətinə başlamışdır. 1 övladı yadigar qalıb.

Amid Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, şəhid Biləsuvar rayonu Təzəkənd kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Amid İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidimizin xalası oğlu Hüseyn Ağayev qəhrəmanımız haqqında xatirələrindən: "Amid üç bacının bir qardaşı idi. Ailənin bütün əziyyətini çəkən olub. Uşaqlığından sakit, mədəni, vətənpərvər insan idi".

Onu da qeyd edək ki, Birinci Qarabağ savaşı vaxtı şəhidimizin atası da Füzuli istiqamətində döyüşüb.

Ana Vətənimiz uğrunda canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

M.MİRZƏ,

"Respublika".