Şuşa: böyük dirçəliş və qayıdış dövrü
Region

Şuşa: böyük dirçəliş və qayıdış dövrü

(əvvəli 8 may tarixli sayımızda)

Cıdır düzündə hərbi geyimli bir qadın diqqətimizi cəlb etdi. Əslən Ağdam rayonundan olan Sevda xanım sevinc göz yaşları axıdaraq dedi ki, əhd etmişdim, Şuşa alınsın, hərbi formada şəhidlərimizin qanı tökülən Şuşa torpağını öpəcəyəm, çox şükür ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu günləri gördük. Sevda Qasımova dedi:

–Şuşa alınandan sonra ilk dəfə iki il bundan əvvəl burada olmuşam. İndi oğlumu, gəlinimi, nəvələrimi gətirmişəm. Gördüyünüz kimi, hərbi formadayam. Mən müharibə başlayanda bu formanı tikdirdim. Əhd etmişdim ki, əsgər paltarını geyinib Şuşaya gedəcəm. Şükür Allaha, mən əhdimə çatdım. Hər səfərimdə Füzuli yolundan bura kimi ağlamışam. 35 ildir mən buradan çıxmışam. İndi çox sevinirəm. Yenidən bu torpaqları gəlib gəzə bilirəm. Buna görə də Prezidentimizə və hərbçilərimizə təşəkkür edirəm. Mənim qohumlarım Birinci və İkinci Qarabağ müharibəsində şəhid olublar. Fred Asif yaxın qohumumuz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilər sağ olsun, ordumuza eşq olsun!

Müzəffər Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində əldə edilən tarixi qələbədən dərhal sonra azad edilmiş ərazilərdə erməni faşistlərin hər tərəfə basdırdıqları minaların təmizlənməsinə, ardınca isə həyat əhəmiyyətli infrastrukturun qurulmasına başlanıldı. Quruculuq və bərpa işləri, ilk növbədə, işğal illərində yararsız vəziyyətə düşən yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınması və digər layihələrin icra edilməsi Qarabağa və Şərqi Zəngəzura yeni bir həyatın qayıtmasından xəbər verdi. Zəfər yolunun çəkilməsində zəhməti olan inşaatçı Mirzə Mahmudovla əzəməti və gözəlliyi ilə insanı heyrətə salan həmin yolda tanış olduq. Çox vətənpərvər, xeyirxah bir insandır, 2021-ci ilin iyul ayından Qarabağ və Şərqi Zəngəzurda çalışır. Çalışdığı "DKT" MMC-nin kollektivi Toğana-Kəlbəcər yolundan başlayaraq bütün yolların çəkilməsində iştirak edir. Yolların alt qatı üçün ən vacib hesab edilən tikinti materialları hazırlayaraq bütün istiqamətlərdə gedən yol tikintisinə göndərirlər. Mirzə deyir ki, azad edilmiş torpaqlarda həvəslə işləmək hər birimizin borcudur: "Qürur hissi keçirirəm ki, üç ilə yaxındır ki, bu torpaqlarda yeni yolların çəkilməsində iştirak edirəm".

Şuşa şəhərinin mədəni həyatı özünə qaytarılır, artıq bu qədim şəhərdə mədəni-kütləvi tədbirlər keçirilir. 2021-ci il mayın 12-də Şuşa şəhərində "Xarıbülbül" festivalı keçirildi və Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edən festival ənənə halını aldı. Həmin festivalda çıxış edən Qalib Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. 1982-ci ildə Ulu Öndər tərəfindən açılışı edilən və 2021-ci ilin avqust ayında Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə şairin adını daşıyan poeziya günləri keçirildi. Mübaliğəsiz demək olar ki, həmin tədbirlər Şuşanın ilkinliyini, ruhunu, aurasını, mədəniyyət paytaxtı adını özünə qaytardı.

Tariximizin ən şərəfli səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, sərkərdəlik qabiliyyəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad edildi. Vətən müharibəsinin ilk günlərindən əldə edilən qələbələr onu göstərirdi ki, silahlı qüvvələrimizin hərbi gücü qarşısında düşmən nə qədər müqavimət göstərsə də hər qarış torpaq uğrunda igid oğullarımız qanından və canından keçməyə hazır idi. 2020-ci il oktyabrın 16-da qardaş Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində aparılan döyüşlər haqqında danışan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. 2021-ci ilin iyun ayının 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən qədim Şuşa şəhərinə səfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gün oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Ərdoğanın Şuşada keçirdikləri mətbuat konfransı son iyirmi il ərzində Türkiyə və Azərbaycanın dünya miqyasında müttəfiqlik münasibətlərinin zirvəsinə çevrildi. Qarabağın ürəyi, Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi əldə edilən qələbənin və ədalətin bərpa edilməsinin sarsılmaz olduğunu bir daha göstərdi. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa uğrunda gedən qanlı döyüşlərdə igid və cəsur oğullarımız qəhrəmanlıqla həlak oldular. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar, ən ali məqama yüksəldilər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilib. Bu münasibətlə Şuşada bir çox mədəni tədbirlər keçirilib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr həyat keçirilir. Şuşa qoruq şəhəri elan edilib, bu qərar turizmin inkişafına güclü dəstək verəcək, əzəməti ilə gözoxşayan Şuşa, nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. Fərəhli haldır ki, Şuşa qonaqlarını qarşılayır, şəhər addım-addım öz ilkinliyinə qayıdır, burada tarix və müasirlik qovuşur, bu qədim şəhər gecələr nura boyanır, gündüzləri isə daha gözəl və cəlbedicidir. Şuşadan baxanda bütün Qarabağ ovuc içi kimi görünür, məhz buna görə də Şuşanı Azərbaycanın tacı adlandırırlar.

Düşmən tərəfindən xarabalığa çevrilmiş yurd yerlərində nəhəng infrastruktur layihələri icra edilməyə başlanıb. "Hökumət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurda qəsbkar düşmən tərəfindən qəddarlıqla dağıdılan və yer üzündən silinən tarixi, dini abidələrin bərpası və yenidənqurulması layihələri icra edilir. Azərbaycan musiqisinin, adət-ənənəsinin, tariximizin, mədəniyyətimizin paytaxtı, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən, hər daşı özü boyda bir tarix, salnamə və təbii muzey olan Şuşanın tarixi məkanları və abidələri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir, bu gözəl şəhərdə mədəni-kütləvi tədbirlər keçirilir. Unudulmayan, dəyərli və xeyirxah xidmətləri xalqımız həmişə yüksək qiymətləndirir, onun qədrini uca tutur. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürən, həmişə hadisələrin mərkəzində, insanların arasında və mərhəmət ünvanına çevrilən Heydər Əliyev Fondunun fəaliyyəti demək olar ki, həyatın bütün sahələrini əhatə edir. Fondun Prezidenti, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi ilə icra edilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət və tarixi-dini abidələrin bərpası sahəsində reallaşdırılan layihələr ölkəmizə misilsiz töhfələr verir. Fondun mədəniyyətimiz, incəsənətimiz, tariximiz, adət-ənənəmizlə bağlı layihələri mənəvi, mədəni irsimizin qorunması işində müstəsna rolu var. Ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscidlərin, dini ibadətgahların bərpası və yenidənqurulması, abadlaşdırılması və insanların istifadəsinə verilməsində Heydər Əliyev Fondu misilsiz xidmət göstərir. Bir sözlə, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Eyni zamanda Fondun humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri və qitələri əhatə edir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatını və təbliğini gücləndirir.

İlk növbədə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində bürüncdən hazırlanan heykəli öz əvvəlki yerində bərpa edilib. Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılıb. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən bərpa edilib. Qeyd edək ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Abidə 2021-ci ildə onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Şair və ictimai xadim Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi Heydər Əliyev Fondu tərəfindən əvvəlki görkəminə qaytarılıb, bərpa və yenidənqurma işləri yüksək zövqlə aparılıb. Yeri gəlmişkən, qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrindən, monumental-dekorativ və tətbiqi plastika vasitələrindən istifadə edilib. Türbənin daxilində isə Molla Pənah Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib. Müzəffər Azərbaycan Ordusunun şanlı zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işləri başlanıldı və qısa müddətdən sonra istifadəyə verildi.

Şuşada erməni vəhşiliyinə məruz qalan tarixi, mədəni, dini abidələr yüksək zövqlə, milli memarlıq üslubunda bərpa olunur, əvvəlki görkəminə qaytarılır. İşğaldan azad olunan bütün bölgələrdə olduğu kimi, Şuşada da bu istiqamətdə bərpa işlərinin böyük qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Fond tərəfindən bərpası həyata keçirilən belə binalardan biri milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa edilir. Azərbaycan tarını təkmilləşdirən məşhur tarzən Sadıqcanın evi, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Şuşanı işğal altında saxladıqları dövrdə erməni barbarları bu məscidləri də vandalizmə məruz qoyublar. Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa işləri icra olunur. Həmsöhbət olduğumuz şuşalılar bildirdilər ki, bərpa-quruculuq işlərinə baxıb qürurlanırıq. Ona görə ki, Şuşanın tarixi görkəmi özünə qaytarılır. Buna görə də Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Şuşadakı memarlıq abidələrinin bərpası, şəhərin tarixi görkəminin özünə qaytarılması istiqamətində görülən işlər bütün şuşalılar tərəfindən rəğbətlə qarşılanır. Yurdumuzun dilbər guşəsi olan Şuşa şəhəri mədəniyyətimizin inkişafında böyük rol oynayıb, görkəmli şəxsiyyətlər yetişdirib, XIX əsrin sonlarında tariximizin incisi "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində Şuşada peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub. Şuşa qədim tariximizin, mədəniyyətimizin yadigarıdır, təbiətin zümrüd tacıdır, musiqi beşiyidir. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılır. Düşmən əsarətindən qurtulan Şuşaya yeni ruh, yeni nəfəs gəlir, qədim şəhərin əvvəlki ahəngi özünə qayıdır, torpağı, daşı sevinir, başı göylərə dəyən minarələrdən ucalan azan səsi bütün Qarabağa yayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşa işğaldan azad ediləndən sonra bu şəhərə səkkiz dəfə səfər edib və həmin səfərlərdən sonra qayaların üstündəki qədim yurd yerimizin siması sürətlə dəyişir. Bir sözlə, Şuşanın tarixi əzəməti və haqqı geri qaytarılıb. Ata vəsiyyətini şərəflə yerinə yetirən, qardaş Türkiyədə Qarabağın Fatehi adına layiq görülən, Qazaxıstan dövlətinin "Altın kıran" - "Qızıl qartal" Ali ordeni ilə təltif edilən, siyasi və iqtisadi müstəvidə Azərbaycanı söz sahibinə çevirən ölkə başçısı İlham Əliyevin Şuşada dediyi "heç buradan getmək istəmirəm" sözləri şanlı Qələbəmizin şərəfini və qiymətini əks etdirir.

Sözün əsl mənasında qaynar bir həyatın gəldiyi, quruculuq və bərpa işlərini həyata keçirən insanların ürək sözlərinin səmimiliyi, bahar çiçəklərinin sehrinə bürünən Şuşadan xoş təəssüratla ayrılırıq, necə deyərlər, ayaqlarımız getsə də, ürəyimiz burada qalır. Bir sözlə, Şuşa bizi öz ovsununa salır, Topxana meşəsindən, Cıdır düzündən əsən xəfif meh ruhumuzu oxşayır, ayrılırıq, yenidən qayıtmaq arzusu ilə...

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

Rauf İBRAHİMOV (foto)

"Respublika".