MƏHƏLLƏLƏRARASI İDMAN YARIŞLARINA YEKUN VURULUB
Region

MƏHƏLLƏLƏRARASI İDMAN YARIŞLARINA YEKUN VURULUB

Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı, idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Son zamanlar respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də gənclərin və yeniyetmələrin idmana həvəsini daha da artırmaq üçün məqsədli yarışlar keçirilir. Eyni zamanda, məhəllələrarası idman yarışlarına böyük diqqət yetirilir. Belə yarışlardan biri iyunun 14-dən start götürən müxtəlif idman növləri üzrə məhəllələrarası şəhər birinciliyidir. Yarışlara ötən gün Aşıq Qurbani küçəsindəki stadionda yekun vurulmuşdur. Qeyd edək ki, bu yarışlar Mingəçevir Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Yarışlar minifutbol, şahmat və idmanın digər növləri üzrə təşkil olunmuşdur. Son mərhələdə minifutbol yarışının final mərhələsi baş tutub.

Məlumat üçün qeyd edək ki, bu yarışlarda 16 komanda iştirak etmişdir. Xüsusilə bildirmək istəyirik ki, Azərbaycan İES yaşayış massivində təşkil olunmuş yarışlarda 4 komanda mübarizə aparmışdır. Şəhərin digər məhəllələrində də gərgin oyunlar keçirilmişdir. Yarımfinal mərhələsinə 1, 3, 8 nömrəli MİS-lərlə bərabər, Azərbaycan İES yaşayış massivinin minifutbolçuları da vəsiqə qazanmışlar. Daha yaxşı çıxış edən 3 nömrəli MİS-in idmançıları birinci yerə layiq görülmüşlər. Bundan əvvəl isə şahmat üzrə yarışlara yekun vurulmuşdur. Bu yarışlara şəhərin 60 idmançısı qoşulmuşdur. Yarışların yekun mərhələsində iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Gənclər İdman İdarəsinin rəisi Kamal Nəcəfli qalibləri təbrik etmişlər.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və eləcə də şəhərdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan ətraflı söhbət açmış, daha da genişlənməsi üçün maksimum şərait yaradılacağını bildirmişdir. Şəhər rəhbəri, eyni zamanda, fəxri kürsünün yüksək pilləsini tutan idmançılara kubok, medallar və qiymətli hədiyyələr təqdim etmişdir.

Zabit XƏLİLOV,

"Respublika".