Azərbaycan dünya mediasında
Siyasət

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": 12 min sakin Laçına qayıdacaq

"Bir il əvvəl keçmiş məcburi köçkünlərin bir hissəsi ilk dəfə Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük".

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə Laçın rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar keçirilən təqdimat mərasimində deyib.

"Anadolu Agency": Türkiyə və Azərbaycan neft dağılmalarının ekoloji təmizlənməsi üsulunu hazırlayır

Türkiyə və Azərbaycan İstanbul Texniki Universitetinin (BTİ) rəhbərlik etdiyi layihəyə ekosistemə zərər vermədən neft dağılmalarını və sızmalarını təmizləmək üçün alternativ üsul hazırlanmasında dəstək verir.

Bu barədə "Anadolu Agency" xəbər saytı məlumat verib. Hazırda əsas ekoloji problem olan neft çirklənməsi, partlayışlar, tankerlərin sızması, yükləmə və boşaltma zamanı sızma nəticəsində yarana bilir. Ənənəvi təmizləmələr ekoloji baxımdan sərfəli olmadığından, elm adamları nanotexnoloji və bioloji yanaşmalardan istifadə edən üsulları araşdırırlar. Belə üsullardan biri canlı mikroorqanizmlərdən istifadə edən bioremediasiya kimi tanınır.

Azərbaycanın dövlət enerji şirkəti SOCAR Energy Trade Inc., Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dəniz suyundan və torpaqdan neft çirklənməsinin təmizlənməsinə yönəlmiş birgə tədqiqat layihəsini dəstəkləyir.

"AJMedia English": Latviya Azərbaycanın regiondakı sülh səylərini yüksək qiymətləndirir

"AJMedia" xəbər saytı Latviya Seyminin sədri xanım Dayqa Mierinanın mayın 20-də keçirilən mətbuat konfransı çərçivəsində ölkəmiz barədə söylədiklərini işıqlandırıb. Sədr Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Azərbaycan xalqını və dövlətini Qarabağ zəfəri münasibətilə təbrik edib: "Düşünürəm ki, beynəlxalq ictimaiyyətin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır".

Dayqa Mierina Şuşada və Füzulidə aparılan bərpa-quruculuq işlərinin səviyyəsindən məmnun qaldığını da diqqətə çatdırıb.

"Tourister.ru": Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılacaq

"Tourister.ru" yazır ki, Moskvada Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında keçirilmiş görüşdə xizək turizmi və Xəzər dənizində turizm sahəsində əməkdaşlıq, eləcə də iki ölkənin turizm sənayesi üçün kadrların hazırlanması üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyəti məsələləri müzakirə edilib.

Maksim Reşetnikov deyib ki, Rusiya və Azərbaycan universitetləri arasında əməkdaşlıq sahəsində müvafiq istiqamətlər turizm təhsilinə ikili diplomların tətbiqi, ölkələrimizin təcrübəsi nəzərə alınmaqla xidmət və təhsil standartlarının işlənib hazırlanması ola bilər. Fuad Nağıyev isə qeyd edib ki, Moskvanın tam mərkəzində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılması ölkələrimiz arasında daha sıx və intensiv əməkdaşlıq əlaqələri qurmağa imkan verəcək: "Ölkələrimizin turizmin inkişafı ilə bağlı çoxlu müştərək planları, layihələri var və biz şadıq ki, bu intensiv iş ildən-ilə daha da sürətlənir". Görüş iştirakçıları, həmçinin Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin rəsmi açılışı gününün tarixini də müzakirə ediblər.

"İnterfax": SOCAR və "Baker Hughes" Azərbaycanda sualtı nasosların yığılması üzrə birgə mərkəz yaradacaq

"İnterfax" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft və qaz hasilatı üzrə strukturu "Azneft" İstehsalat Birliyi və ABŞ-ın "Baker Hughes" şirkəti Azərbaycanda elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması və texniki xidməti üzrə birgə mərkəzin yaradılması barədə razılığa gəliblər.

"Bakıda "Baker Hughes" ESP texnologiyasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə ölkədə birgə mərkəzin yaradılması üzrə Öhdəlik Məktubunun imzalanması mərasimi keçirilib". Bu barədə "SOCAR Upstream Operations Management" MMC-dən "İnterfax"a bildiriblər.

Şirkətdən bildirilib ki, sənədi mayın 22-də "Baker Hughes" şirkətinin Xəzər regionu üzrə direktoru Karlo Beltram və SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov imzalayıblar: "Bütün hasilat proseslərini optimallaşdırmaqla səmərəliliyin və karbohidrogen hasilatının artırılması üçün şirkətlər arasında da razılıq əldə olunub".

Qeyd edilib ki, elektrik mərkəzdənqaçma sualtı nasoslarından dərin və maili neft quyularında, yod-bromlu və yüksək şoranlıq lay suları olan quyularda duz və turşu məhlullarının çıxarılması üçün istifadə edilə bilər.

"Respublika".