Növbəti diplomatik fiasko
Siyasət

Növbəti diplomatik fiasko

BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də baş tutan iclası Ermənistanın və onun havadarlarının beynəlxalq hüquqazidd fəaliyyətini, eləcə də mövcud anti-Azərbaycan siyasətini ifşa etdi.

Məsələ ilə bağlı fikir bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, siyasi ekspert Tural İsmayılov Azərbaycanın növbəti dəfə beynəlxalq təşkilatlarda Ermənistanın dekonstruktiv mövqeyini sübut etdiyini vurğulayıb. Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd hərəkət edən ölkədir. Birləşmiş Millətlər Təşkilatının 30 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı qərarları Ermənistan tərəfindən sistematik şəkildə pozulurdu. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin Fransa tərəfindən müzakirəyə çıxarılması məsələsinə dövlətimiz kəskin etirazını bildirdi. Şübhəsiz, BMT Təhlükəsizlik Şurasında yaşananlar Ermənistanın növbəti dəfə diplomatik fiaskoya məruz qalması anlamına gəlir. Belə ki, həmin iclasda Azərbaycanın haqq işinin əleyhinə heç kim çıxış etmədi. Ermənistanın əsassız yalanlarını səsləndirən bəzi ölkələr istisna olmaqla, bütövlükdə BMT Təhlükəsizlik Şurasının iclası zəif və sönük keçdi. Azərbaycan xarici işlər nazirinin çıxışı zamanı Ararat Mirzoyanın BMT iclas zalını tərk etməsi isə onu göstərir ki, Ermənistan hakimiyyətində təmsil olunan şəxslər liberal maskası geyinmiş neofaşist qüvvələrdir. Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən Azərbaycanla sülh çağırışlarından danışır, digər tərəfdən isə BMT platformasında özünün təşəbbüsü ilə keçirilən iclasda Azərbaycan tərəfinin çıxışına hörmətsizlik göstərir. Əlbəttə, Ermənistanın indiki vəziyyətdə düşdüyü rəzil diplomatik situasiyanı ört-basdır etmək üçün belə uşaq oyunları oynamaqdan başqa çıxış yolu yox idi. Lakin mən hesab edirəm ki, bizim bütün beynəlxalq platformalarda Ermənistan üzərində çox böyük üstünlüyümüz var. Bundan başqa, bir məqamı da qeyd edim ki, əldə etdiyimiz bütün hərbi zəfərlər həm də beynəlxalq diplomatik sahədə də müşahidə edilir. Ermənistanın bütün dəstəkçilərinin təzyiqlərinə rəğmən bu gün beynəlxalq müstəvidə də qalib tərəf kimi Azərbaycanın diktə etdiyi şərtlər, həqiqətlər qəbul edilir.

Ermənistana dəstək verən qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçıran, bizə qarşı qanlı qətliamlar törədən ölkəni dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şəriklik edirlər.

Nurlan ABDALOV,

"Respublika".