20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi siyasi qətiyyətin nəticəsi idi
Siyasət

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi siyasi qətiyyətin nəticəsi idi

1994-cü il mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul edib

Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara münasibətində özünü büruzə verir. Məhz 34 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir məqamda xalqımızın əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı - milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının 20 Yanvar səhifəsi. Bu qanlı faciə təkcə Azərbaycanın deyil, ümumiyyətlə, bəşəriyyətin tarixinə qara hərflərlə yazılan hadisələrdən biridir. Xalqımızın milli azadlıq və müstəqillik əzmini qırmaq üçün keçmiş sovet rejimi tərəfindən törədilən bu qanlı hadisə insanlıq əleyhinə yönəlmiş ən ağır cinayətlərdəndir. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi sovet rejiminin əsl mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

1990-cı il Yanvar faciəsinə aparan yol Ermənistandakı tarixi torpaqlarımızdan növbəti kütləvi deportasiyasından, hayların Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdlərindən başladı. Həmin hadisələr Azərbaycanda milli kimliyin formalaşmasına böyük təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsinə təkan oldu. Faciədən sonra keçmiş SSRİ Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını büsbütün itirdi, ölkəmizin müstəqilliyi ideyası ümummilli amala çevrildi.

Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev olmuşdur. Faciədən bir gün sonra sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyə gələn ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək cəsarətli bəyanat verdi. Bu, ümummilli liderin doğma xalqına məhəbbətinin və  siyasi iradəsinin  təzahürü idi. Məhz ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da  isə ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi və beləliklə, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ümummilli Lider bütün təzyiq və təhdidlərə baxmayaraq, Vətənin mənafeyini ali prinsip olaraq qəbul etdi. Bununla da keçmiş sovet  rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın qınaq obyektinə çevrildi.

Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar böyük əhəmiyyət daşıyır. 1998-ci il 31 mart tarixli fərmanla "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi və 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında "Əbədi məşəl" kompleksinin yaradılması gələcək nəsillər üçün əsl örnək və qəhrəmanlıq irsidir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanını ziyarət etməsi Vətən yolunda canından keçən şəhidlərimizin  xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində açıq təcəssümüdür.

20 Yanvar faciəsindən artıq 34 il ötür. Ötən müddət ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda aparılan milli mücadilədə çoxlu sayda şəhid verdik. Ölkə başçımız xalqdan aldığı gücə arxalanaraq milli maraqlarımızı qətiyyət və əzmlə müdafiə etdi, tam suveren və müstəqil Azərbaycan hər bir vətəndaşımızın təhlükəsizliyinin və rifahının əsas təminatçısına çevrildi.

Tacir SADIQOV,

"Respublika".