Müstəqilliyimizin və suverenliyimizin təsdiqi
Siyasət

Müstəqilliyimizin və suverenliyimizin təsdiqi

Yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanıldı.

Bununla da fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinə start verildi. Təşviqatın aparılması fevralın 6-sı saat 8:00-da dayandırılacaq. Növbəti gün, fevralın 7-də isə ilk dəfə Azərbaycanda, ərazi bütövlüyünü tam bərpa etmiş, suveren, azad, müstəqil, Zəfər qazanmış dövlət kimi bütün əraziləri daxil olmaqla, prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Ölkəmizdə son dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib. O zaman torpaqlarımız işğal altında idi, soydaşlarımız isə məcburi köçkün statusu daşıyırdı. Qarşıda duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası idi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi. Cəmi iki il sonra - 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ümidlərimiz, arzularımız reallaşdı, torpaqlarımız işğaldan azad edildi. Xalqın öz dövləti, ordusu ilə birlik, vəhdət təşkil etməsi sonunda bizi Qalib dövlətə çevirdi. İllərlə qəlbimizdə köz bağlayan, ümummilli dərdimizə, həsrətimizə çevrilən Qarabağ məsələsi ədalət prinsiplərinin şərtlərinə uyğun həllini tapdı. Azərbaycan münaqişəni məhz öz gücünə həll etdi. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatizmin kökünün kəsilməsi, suveren hüquqlarımızın tam bərpa edilməsi ilə Azərbaycan Cənubi Qafqaz regionunda reallıqları dəyişdi.

Azərbaycanın mövqeyi həm daxildə, həm də xaricdə siyasi, iqtisadi baxımdan gücləndi. Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması suverenliyinin bərpasını reallığa çevirdi. Ölkədə baş verən inkişaf və tərəqqinin nəticəsində yeni dövr, yeni tələblər və şərtlər formalaşdı. Azərbaycan üçün hazırkı inkişaf strategiyasına uyğun yeni hədəflərin müəyyənləşdirilməsinə zərurət yarandı.

Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixinə ən qürurverici seçki kimi əbədi yazılacaq. Çünki üç il bundan əvvəl Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Ötən il sentyabrın 19-20-də isə uğurlu antiterror tədbirləri ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin, o cümlədən keçmiş Minsk qrupunun uzun illər etmək istəmədiklərini Azərbaycan öz gücünə reallığa çevirdi. Nəinki Azərbaycanda, hətta dünyada hər kəs çox yaxşı bilir ki, Qarabağı işğaldan azad edən və Vətəni bütövləşdirən məhz xalq-dövlət birliyi, vəhdətidir. Bəli, bu gün çox önəmli bir mərhələni adlayaraq xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açan tarixi bir dövrə qədəm qoymuşuq. Milli həmrəyliyimiz, dövlətimizin gücü, ordumuzun misli görünməmiş qəhrəmanlığı bizi dünyaya yeni Azərbaycan kimi tanıdıb. Fevralın 7-si keçiriləcək növbədənkənar prezident seçkiləri də məhz bu zərurətdən irəli gəlir.

 Prezident seçkiləri həm də milli iradənin təntənəsi, növbəti hədəflərə çatmaq üçün yeni başlanğıclar və Azərbaycan xalqının vahid mövqeyinin ifadəsidir. Artıq seçkilər müstəqil Azərbaycanın, suveren dövlətimizin tarixində ilk dəfə olaraq ölkənin bütün ərazilərində keçiriləcək. Çünki ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesi tamamlanması ilə həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yarandı. Bu seçkinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl öz yurdlarından didərgin düşmüş soydaşlarımızın bir hissəsi doğma torpaqlarında səs verəcəklər. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində Zəngilan, Laçın, Şuşa, Füzuli, Cəbrayıl və azad olunmuş digər ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb. Eyni zamanda Xankəndi şəhərində də seçki məntəqəsi qurulub. Şəhərdə yerləşən keçmiş mərkəzi inzibati binada 14 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə Xankəndi şəhəri və Malıbəyli kəndində qeydiyyatda olan seçicilərin səs verməsi üçün hər cür şəraitlə təmin olunub. Xocalı rayonunun Təzəbinə kənd orta məktəbin, Əsgəran qəsəbəsində yerləşən uşaq bağçasının və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "Azərişıq" ASC-nin binasında seçicilərin səs verməsi üçün şərait yaradılıb. Bəli, uzun illərin həsrət odundan qovrulan sakinlərimiz öz abad, azad yurdlarında səsverməyə qatılacaqlar. 7 fevral növbədənkənar prezident seçkiləri xalqımızın azad torpaqlarda sevincli, qürurlu gününün təsdiqi olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".