22 kilometrlik avtomobil yolu yenidən qurulur
Region

22 kilometrlik avtomobil yolu yenidən qurulur

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 kilometrliyindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər nəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

Qeyd edək ki, 22,4 kilometr uzunluğu olan sözügedən avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yolboyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntunun çıxarılması, yol yatağının müxtəlif həcmdə genişləndirilməsi, yeni yol yatağının inşası işləri icra olunub.

Artıq yolun 19 km-lik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq yekunlaşıb. Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi və layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası işləri icra olunub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

M.NƏRİMANOĞLU,

"Respublika".