Tarixi ədalət bərpa olundu – Xankəndi Zəfərimiz
Siyasət

Tarixi ədalət bərpa olundu – Xankəndi Zəfərimiz

Düşmən tapdağından azad edilmiş Xankəndi artıq illər boyu onun həsrəti ilə yaşamış xalqımıza qucaq açır. Daha buralarda xuntaçıların murdar rəmzləri, simvolları, əski parçaları yoxdur. Bu diyarda artıq müqəddəs üçrəngli bayrağımız dalğalanır. Tarixi yurd yerimiz olan Xankəndiyə qayıdışımız hər bir soydaşımızın xoşbəxtlik, fərəh, qürur və ləyaqət mənbəyidir.

XX əsrdə Cənubi Qafqazda siyasi proseslərin qaynar dövründə, sovet imperiyasının ədalətsiz mövqeyi və erməni faşizminin geniş vüsət alması ilə bir çox yurd yerlərimiz talan edilmiş, Azərbaycan torpaqlarının bir hissəsi haylara ərməğan edilmişdir. Belə bölgələrimizdən biri də Qarabağın mərkəzi şəhəri olan Xankəndi idi. 1989-cu ildən əhalisinə qarşı etnik təmizləmə aparılan Xankəndidə haylar misli görünməmiş cinayət əməlləri törətmiş, soydaşlarımız zorla yurd yerlərindən didərgin düşmüşlər. 1991-ci il dekabrın 26-28-də isə etnik təmizləmə və işğal siyasəti xüsusi amansızlıqla həyata keçirilmiş, həmin vaxtdan Xankəndi tamamilə separatçıların əlinə keçmişdir. Xüsusilə Kərkicahan qəsəbəsinin işğalı ilə ərazilərimizin 20 faizi işğal altına düşmüşdür. Qeyd edək ki, işğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunmuşdu. Xankəndi zəbt edildikdən sonra düşmən şəhərin bir hissəsini və meşə ərazilərini yandırmışdı.

Keçən 30 il ərzində cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı". Qüdrətli Azərbaycan dövləti öz gücü hesabına düşmənlə hərbi-diplomatik sferada mübarizə apardı, haqq yolunda Azərbaycan Zəfər qazandı. 15 oktyabr Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda üçrəngli bayrağımızın dalğalandığı gün kimi təqvimə yazıldı. Uzun illər Xankəndidə separatizm, terrorçuluq, türk düşmənçiliyi təbliğatının yuvasına çevrilmiş binanın üzərinə Azərbaycan Respublikasının gerbi vuruldu, önündə müqəddəs Azərbaycan Bayrağı qaldırılaraq revanşizm çağırışları edənlərə son xəbərdarlıq edildi. Ölkə başçımızın Xankəndidəki tarixi çıxışı Zəfər salnaməmizə qızıl hərflərlə həkk olundu. Ölkəmizə rəhbərliyinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldan Ali Baş Komandan dünya azərbaycanlılarının Vətən həsrətinə birdəfəlik son qoydu. Sözü imzası qədər dəyərli olan, prinsipiallığı və uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinin müəllifi, gələcək nəsillərə güclü dövlət bəxş edən Lider - İlham Əliyev tarixi ərazi erməni separatizminin kökünü kəsdi.

Qarabağ fatehinin "Heydər Əliyev İli"nə verdiyi ən böyük töhfə heç şübhəsiz, qüdrətli Azərbaycan dövlətinin suverenliyinin tam bərpasıdır. Xankəndi Zəfəri təkcə ölkəmiz üçün deyil, regional və beynəlxalq müstəvidə də böyük əhəmiyyət daşıyır. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, tarixi missiyanın uğurla icrasını sübut edir. Bununla da Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan "Laçın dəhlizi" ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın əlində cəmləşdi. Qarabağın erməni əhalisi xunta rejiminin əsarətindən xilas edildi. 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntüləri növbəti məğlubiyyətlə üzləşdi, separatçı-terrorçu dəstələr tərk-silah edildi. 44 günlük müharibədə BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz daha bir tarixi Zəfərə imza ataraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını reallaşdırdı.

28 sentyabrda Qarabağdakı separatçı rejim "rəsmi olaraq" özünü buraxdı və bununla da 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yolu uğurla tamamlandı. 30 ilə yaxın bir dövr ərzində beynəlxalq hüququn norma və prinsiplərinin, BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasının reallaşmasını ən yüksək tribunalardan tələb edən Azərbaycan dövlətinin haqq səsini qulaqardına vuran qüvvələr bizi bu Zəfərdən yayındırmağa çalışırdılar. Qərəzli güc dairələri düşünürdülər ki, Azərbaycan bu vəziyyətlə barışacaq. İllər keçdikcə erməni təcavüzünün artması ilə məlum oldu ki, düşmən tərəf öz xoşu ilə ərazilərimizi tərk etmək niyyətində deyil. Hələ işğal dövründə Ermənistanın baş naziri Nikol Paşinyan "Ümumerməni" oyunlarının keçirilməsiylə bağlı Xankəndiyə gələrək orada "Qarabağ Ermənistandır. Nöqtə" ifadəsini işlətmişdi. 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə, əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan edərək Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu qəti şəkildə bildirdi: "Qarabağ Azərbaycandır və nida işarəsi!".

Keçmiş separatçı rejimin saxta "lider"ləri də dinc dayanmırdı. Gəncə və Bərdəyə atılan raketlərin əmrini verən Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və özünü "dövlət naziri" adlandıran Ruben Vardanyan kimiləri qüdrətli Azərbaycan dövlətinin ədalətindən öz nəsiblərini aldılar. Hər fürsətdə Bakıya gəlmək istədiklərini, çay içəcəklərini bildirənlər bu gün öz "arzularına" istintaq təcridxanasında çatdılar.

Xankəndidə bu gün əsl bayram ab-havası duyulur. Yaxın müddətdə öz doğma sakinlərinə qucaq açacaq yurd yerimizdə artıq ölkəmizin idman yarışları da keçirilir. Belə ki, dekabrın 21-də bütöv, suveren Azərbaycanın azad Xankəndi şəhəri - Xankəndi stadionu tarixi bir ana, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ"-"Mərkəzi Ordu İdman Klubu" (MOİK) komandalarının oyununa ev sahibliyi etdi. Təkcə stadiona toplaşmış azarkeşlər deyil, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları eyni sevinci, eyni qüruru yaşadılar. Və bütöv Azərbaycan sevinc göz yaşlarına boğuldu. Qeyd edək ki, ilk dəfə işğaldan azad edilmiş torpaqlarımızda belə bir idman bayramı yaşanırdı. Azərbaycan Prezidenti İlham Əliyev tarixi oyundan əvvəl bir daha bütün dünyaya mesaj verdi, düşmənlərə, Qarabağ üzərindən gizli oyunlar qurmaq istəyənlərə, ürəklərində məkrli, xəbis niyyət yaşadanlara növbəti dəfə xəbərdarlıq etdi.

Azərbaycan xalqının, xüsusən də gəncliyinin qarşısında duran əsas missiya bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq qorumaq və yaşatmaqdır. Gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcək, qürur hissi keçirəcəklər.

Nurlan ABDALOV,

"Respublika".