Torpaq uğrunda
Region

Torpaq uğrunda

Vətən  müharibəsində    qəhrəmanlıq   göstərərək  döyüşlərdə   şəhid   olan  Qədirli İsmayıl  Elçin oğlunun  və  Yoldaşov  Alim  Mirzə  oğlunun   şəhidlik  zirvəsinə   ucalmasından  bir  il  ötür.
Qəhrəman  şəhidlərimizin  anım  mərasimində  iştirak  edən  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin başçısı  Faiq Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri   şəhidlərin   məzarını  ziyarət  edib  önünə  gül-çiçək  düzüb,  ruhlarına  dualar  oxudular. Sonra   şəhidlərin  ata  ocağında  valideynləri  ilə  görüşdülər.   F.Qürbətov   şəhidlərimizin   valideynləri  ilə  görüşdə problemləri  ilə  maraqlanıb,  aidiyyəti  qurumlara   müvafiq  tapşırıqlarını  verdi.   Görüş  zamanı   qəhrəmanlarımızın  şərəfli  döyüş  yollarından danışıldı   və   xatirələri  anılaraq  bildirildi  ki, Azərbaycan  xalqının  qüruru, fəxri olan  şəhidlərimizin xatirələri  bundan  sonra  da  daim  əziz  tutulacaq  və  dövlətimiz  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan igidlərimizin  ailələrinin  yanında  olacaqdır. Tədbir  zamanı  qəhrəman  şəhidlərimizin   yaşadıqları  evlərə  vurulan  xatirə  lövhələrinin  açılışı oldu.

Qədirli  İsmayıl  Elçin  oğlu 1998-ci il sentyabrın  16-da Biləsuvar  rayonunda  anadan olub.  Məktəb vaxtlarından  idmana  marağı  olan  İsmayıl  taekvando  idman  növü ilə  məşğul   olmağa  başlasa  da, ayağında  yaranan  problemə  görə  idmanı   davam  etdirə  bilmir. 2015-ci ildə  orta  məktəbi  bitirib işləməyə  başlayır.
İsmayıl  2017-ci ildə  həqiqi  hərbi  xidmətə  çağırılır. Xidmət  etdiyi  hərbi  hissə  komandiri  tərəfindən ailəsinə  təşəkkürnamə  göndərilir.  2018-ci ildə hərbi  xidmətini  bitirib, yenidən  iş həyatına  qayıdır.  27 sentyabr  Vətən  Müharibəsi  başlayanda  Qədirli  İsmayıl  Biləsuvar  rayonuna  qayıdır  və  adını  könüllülər siyahısına  yazdırır.  Oktyabrın  9-da cəbhəyə  yola  düşür. İlkin  olaraq  Ağcabədiyə,  oktyabrın  14-ü isə Cəbrayıl  uğrunda  gedən  döyüşlərə  qoşulur.  İsmayıl   daha  sonra  Qubadlı,  Füzuli,  Hadrut  və Xocavənd  uğrunda  gedən  döyüşlərdə  fəal  iştirak  edir. Xocavəndin  Qırmızı  Bazar  qəsəbəsi yaxınlığında  gedən  döyüşdə  qəhrəmancasına  şəhid  olur. O, 28 oktyabr  tarixində  Biləsuvarda   torpağa  tapşırılır. Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi   uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Qədirli  İsmayıl  Elçin  oğlu   ölümündən  sonra "Vətən  uğrunda",  "Cəbrayılın  azad  olunmasına  görə" və "Füzulinin  azad  olunmasına  görə"  medalları ilə təltif edilmişdir.
Yoldaşov Alim Mirzə oğlu 10 mart 1997-ci ildə Biləsuvar rayonunun  Nəsimikənd  kəndində  anadan olmuşdur. Nəsimikənd  kənd  tam  orta  məktəbində  orta  təhsil  almışdır. Alim  Yoldaşov  Vətən  müharibəsində  iştirak  etmiş  və  düşmən  hücumunun  qarşısını  alarkən qəhrəmancasına  şəhid  olmuşdur.  Şəhid  Alim  Yoldaşov  28 oktyabr  2020-ci il tarixində  Biləsuvar rayonu,  Nəsimikənd  kənd  məzarıstanlığında  dəfn  olunmuşdur. Azərbaycanın  ərazi   bütövlüyünün  təmin  edilməsi   uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyi   üçün Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq   sərancamları  ilə  Yoldaşov  Alim  Mirzə  oğlu   ölümündən  sonra "Vətən  uğrunda",  "Füzulinin  azad  olunmasına  görə"  və "Cəsur  döyüşçü" medalları  ilə  təltif edilmişdir.


Ərəstun   ABDULOV,

 “Respublika”.